Onlayn ictimai-siyasi qəzet
“Növbəti tədris ilindən etibarən 1-ci sinifə gedəcək uşaqların sayı təbii artımla bağlı azalacaq. Bu say 110-115 min proqnozlaşdırılır. 2031-ci ildə isə 1-ci sinifə gedəcək şagirdlərin sayı kəskin azalaraq, 90-95 min olacağı proqnozlaşdırılır”.
Bu sözləri təhsil mütəxəssisi Elçin Əfəndi deyib.

Mütəxəssis bildirib ki, 2025-2026-cı tədris ili üçün bu say 130 min olub, 10 il öncə isə bu say 150 min idi.
“Xatırladım ki, ötən il ölkədə dünyaya gələn uşaqların sayı 95 min 875 nəfər olmuşdu.
Gözünüz aydın olsun, efirlərdə, sosial platformalarda əxlaqsızlığı təbliğ edənlər, ailə dəyərlərini ayaq altına atanlar. İllərdi apardığınız iyrənc təbliğatın nəticəsinə sevinin. Bu vəziyyət hər sahəyə təsir edəcək”, - deyə Elçin Əfəndi qeyd edib.
Məlum olduğu kimi, son illərdə ölkədə doğum səviyyəsi gözəçarpacaq dərəcədə azalıb və bu tendensiya xüsusilə böyük şəhərlərdə daha aydın hiss olunur. Şəhər mühitində yaşayan ailələr daha çox azsaylı uşaq modelinə üstünlük verir, bəzən isə ümumiyyətlə övlad sahibi olmağı gecikdirirlər. Mütəxəssislər bildirir ki, bunun arxasında bir sıra sosial-iqtisadi amillər dayanır. Gənc ailələrin mənzil problemi, sabit və yüksək gəlirli iş tapmaq çətinliyi, sosial təminatla bağlı narahatlıqlar uşaq sayına birbaşa təsir göstərir.
Eyni zamanda müasir dövrdə valideynlər arasında “az, amma keyfiyyətli” prinsipi geniş yayılıb. Ailələr bir və ya iki uşağa daha yaxşı təhsil, daha yüksək həyat şəraiti və daha çox diqqət ayırmağı üstün tutur. Bu yanaşma fərdi inkişaf baxımından müəyyən üstünlüklər vəd etsə də, ümumi demoqrafik mənzərə üçün risklər yaradır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, doğum səviyyəsinin bu templə azalması gələcəkdə gənc işçi qüvvəsinin çatışmazlığına gətirib çıxara bilər. Əmək bazarında aktiv yaş qrupunun azalması istehsal, xidmət və innovasiya sahələrinin inkişafına mənfi təsir göstərəcək, iqtisadi artım tempini zəiflədəcək. Digər tərəfdən, bu tendensiya davam edərsə, bəzi məktəblərdə şagird sayı kəskin azalacaq, siniflər boşalacaq və nəticədə təhsil şəbəkəsinin səmərəliliyi aşağı düşəcək.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb:
“Ölkədə təbii artım aşağı düşərsə, şübhəsiz ki, orta məktəbə gedənlərin də sayı azalacaq. Bu isə orta perspektivdə səfərbərliklə bağlı müəyyən problemlər yarada bilər. Eyni zamanda əmək bazarında mexaniki artım, yəni miqrantların sayının artması qaçılmaz ola bilər ki, bu da bizi Avropanın qarşılaşdığı miqrasiya problemləri ilə üz-üzə qoya bilər. Lakin hesab edirəm ki, bu məsələ hökumətimizin diqqətindədir. Əgər təbii artımda ciddi “sosial siqnal”, yəni kəskin enmə müşahidə olunarsa, yəqin ki, intensiv və sistemli tədbirlər görüləcək. Çünki bu, dövlətimiz üçün strateji məsələdir. Dövlətimizin əsas prioritetlərindən biri keyfiyyətli əhalidir. Keyfiyyətli əhali isə ilk növbədə gənc əhalinin say çoxluğu ilə ölçülür. Əgər ahılların sayı kəskin artar, amma yeni doğulanların və gənclərin sayı azalarsa, şübhəsiz ki, hökumət ciddi və məqsədyönlü addımlar atacaq, müxtəlif təşviq alətlərindən istifadə edəcək.
Demoqrafik təşviq mexanizmləri dünya təcrübəsində mövcuddur. Məsələn, qardaş Türkiyədə müəyyən dövrlərdə ailə qurmağı stimullaşdırmaq üçün kampaniyalar həyata keçirilib. Bəzi bələdiyyələr gənclərin toy xərclərinin bir hissəsini öz üzərinə götürüb, gənc ailələr üçün güzəştli mənzillər təqdim edilib, gənclər üçün məşğulluq proqramları və marafonlar təşkil olunub. Bu kimi təşviq alətləri ailə qurmağa və uşaq sayını artırmağa motivasiya yaradır. Hesab edirəm ki, ölkəmizdə də oxşar mexanizmlərdən istifadə etmək mümkündür.
Digər bir məsələ isə çoxuşaqlı ailə anlayışının yenidən nəzərdən keçirilməsidir. Parlamentdə müzakirə oluna bilər ki, çoxuşaqlı ailə statusu 5 uşaqdan 3 uşağa endirilsin. Bu halda 3 uşaqlı ailələr də çoxuşaqlı ailə kateqoriyasına daxil edilər və onlara tətbiq olunan sosial güzəştlər şamil olunar. Bu isə ailə planlaşdırmasında ailələrin 3 uşağa üstünlük verməsinə stimul verə bilər. Bununla yanaşı, cəmiyyətdə ailə dəyərlərinin gücləndirilməsi vacibdir. Ailənin nüfuzu artırılmalı, ictimai məkanda ailə institutuna hörmət təşviq olunmalıdır. Məşhur şəxslərin subaylığı və ya boşanmanı trend kimi təqdim etməsinin qarşısı alınmalı, mediada ailə dəyərlərinə daha həssas və məsuliyyətli yanaşılmalıdır”.
Xalidə Gəray
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ