İnsanlara hürriyət, millətlərə istiqlal!

Düşmənin içindəki "gizli düşmən" hər an "partlaya" bilər: Ermənistan Qafqazın "saatlı bomba"sına çevrilib

Rusiya kəşfiyyatının mətbuata ötürdüyü yeni iddialara görə, dünya nəhənglərinin Ermənistangakı gizli laboratoriyalarında bioloji silahların hazırlanması üzrə tədqiqatlar aparılmaqdadır... Əgər, sızma baş verərsə, bu, əvvəlcə Cənubi Qafqazda, "bioloji silah"ın gücü və yayılma sürətinə uyqun olaraqsa, sonrakı mərhələdə hətta bütün dünyada kataklizmlər törədə bilər...

Dünya hərb tarixi ilə yanaşı, savaş taktika və strategiyası da tədricən dəyişir. Son dövrlərdə baş vermiş iki müharibə bunu birmənalı şəkildə təsdiqləyir. Artıq klassik savaş anlayışı və taktikası hərbi qələbə üçün qətiyyən yetərli deyil. Müasir silah növləri milyardlarla dollar dəyəri olan bahalı "retro hərbi texnika"nı "dəmir yığnağı"na çevirib.

İlk dəfə dünyada yeni savaş taktikasını məhz Azərbaycan ordusu dəyişdi. Azərbaycan ordusunun ən müasir hərbi texnologiyası Rusiya Hərbi Sənaye Kompleksinin istehsal etdiyi və Ermənistana məxsus olan bütün silah növlərini darmadağın etdi. Azərbaycan ordusunun bu hərbi uğuru Rusiyanın silah bazarında müştərisiz qalmasına da yol açdı.

Ukrayna savaşında isə Rusiya artıq özü birbaşa müasir hərbi texnologiyanın qurbanına çevrildi. Azərbaycan ordusunun savaş taktikasından istifadə edən Ukrayna silahlı qüvvələri Rusiyanın arsenallnda olan minlərlə müxtəlif növ bahalı hərbi texnikanı sıradan çıxartdı. Və indi Rusiya vaxtilə silah satdığı ölkələrdən hərbi texnika almağa çalışır.

aztibb.az_maxresdefault1_116.jpg (153 KB)

Böyük ehtimalla Ukrayna savaşı klassik savaş anlayışından sonuncu dəfə istifadə olunan müharibə kimi dünya hərb tarixinə keçəcək. Çünki növbəti qlobal savaşda mövcud hərbi texnika növlərindən istifadə olunacağı artıq qətiyyən inandırıcı görünmür. Və yəqin ki, dünya daha dəhşətli silahların doğura biləcəyi qlobal fəlakətlə üz-üzə qalmalı olacaq.

Əslində, bunun ilk anonsu illər öncə verilmişdi. Dünya dərin güclərinin "qara qutu"su hesab olunan milyarder Bill Qeyts üçüncü dünya müharibəsinin nə vaxt başlaya biləcəyi ilə bağlı suala müəmmalı cavab vermişdi: "Üçüncü dünya savaşının nə vaxt başlaya biləcəyi bilmirəm. Ancaq əminəm ki, həmin savaşda insanların gözlə görə bilməyəcəkləri silah növlərindən istifadə olunacaq".

Bir çoxları Bill Qeytsin bu açıqlamasına fantastik proqnoz kimi yanaşmışdılar. Ancaq bir müddət sonra baş verən qlobal fəlakət Bill Qeytsi haqlı çıxartdı. Koronavirus peyda oldu və bir neçə il "gözlə görünməyən düşmən" statusunda bütün dünyanı dolaşdı. "Yaşıl planet"in yüzmilyonlarla sakininə yoluxdu, yüzminlərlə günahsız insanın həyatına son verdi. Və bu "gizli düşmən"in məhz insan tərəfindən hərbi laboratoriyada yaradıldığı isə artıq inkaredilməz reallıqdır.

Belə anlaşılır ki, dünya üçün daha dəhşətli fəlakətlər insanların təsəvvür edə bilməyəcəkləri səviyyədədir. Dünya nəhənglərinin gizli laboratoriyasında koronavirus kimi onlarla, yüzlərlə, hətta bəlkə də minlərlə "gizli düşmənlər"in hazırlandığı barədə məlumatlar mövcuddur. Və həmin "gizli düşmənlər"in nə vaxt işə salınacağı isə onların yaradıcılarından başqa heç kimə məlum deyil.

bioloji-silah.jpeg (823 KB)

Onu da qeyd etmək lazımdır ki, hazırda belə "gizli düşmənlər" ilə təhdid oluna biləcək regionların sırasında Cənubi Qafqaz ön planda yer alır. Çünki Ermənistan dünyanın gizli laboratoriyalarla ən çox "çirkləndirilmiş" ölkələri arasındadır. Hər halda, bu barədə hətta rəsmi açıqlamalar da mövcuddur.

Məsələ ondadır ki, hələ bir neçə il öncə Rusiya rəsmi dairələri bu barədə iddia irəli sürmüşdülər. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan ərazisində ABŞ-ın gizli laboratoriyalarının olduğunu vurğulanışdı. O, rəsmi İrəvandan Rusiya mütəxəssislərinin həmin gizli laboratoriyalarda tədqiqat aparmasına imkan yaradılmasını da tələb etmişdi. Və bunu Ermənistanın Rusiya ilə hərbi müttəfiqlik öhdəlikləriylə izah etmişdi.

Təbii rəsmi İrəvan israrla Kremlin bu iddialarını təkzib etməyə çalışmışdı. Halbuki, Kremlin belə bir sensasiyalı iddia və tələbə dəqiq məlumata malik olmadan əl atacağı da qətiyyən inandırıcı görünmür. Hər halda, Rusiyanın kifayət qədər güclü xarici kəşfiyyat servisləri mövcuddur. Və Rusiya xüsusi xidmət servisləri üçün Ermənistan kimi kiçik və zəif ölkədə hərbi məzmunlu məlumatlar toplaması elə bir ciddi problem törədə bilməz.

Onu da qeyd edək ki, son vaxtlar Rusiya siyasi dairələri bu məsələnin üzərinə yenidən qayıtmağa başlayıblar. Hətta Rusiya mətbuatında yalnız xüsusi xidmət servislərinin əldə edə biləcəyi qorxunc məlumatlar da yayılmaqdadır. Və bu, o deməkdir ki, Kreml malik olduğu məlumatları tədricən mətbuata sızdırmağa üstünlük verir.

Rusiya mətbuatına ötürülən məlumata görə, ABŞ və bəzi Qərb ölkələri Ermənistan ərazisində onlarla gizli laboratoriyalar qurublar. Həmin Qərb ölkələrinin sırasında Ermənistanın "bacı"sı Fransa da yer alır. Rusiya mətbuatının iddiasına görə, gizli laboratoriyalar əsasən yeni bioloji silahların hazırlanması üzrə tədqiqatlar aparmaqdadır. Və bu, bütövlükdə Cənubi Qafqaz üçün ən real təhlükədir.

aztibb.az_header-24_897.jpg (111 KB)

Məsələ ondadır ki, Ermənistan ərazisindəki gizli laboratoriyalardan hər an "gizli düşmənlər"in kənara sızma ehtimalı mövcuddur. Əgər, bu, baş verərsə, əvvəlcə Cənubi Qafqazın bioloji kataklizmlərlə üzləşəcəyi şübhə doğurmur. Ancaq "bioloji silah"ın təsir gücü və yayılma sürəti sonrakı mərhələdə yalnız bu regionu deyil, hətta bütün planet belə, böyük riskə ata bilər. Və koronavirusun laboratoriyadan sızdıqdan sonra bütün dünyada qlobal pandemiya yaratdığını nəzərə aldıqda, bu, tamamilə real görünür.

Ona görə də, beynəlxalq ictimaiyyət dünyanın fəlakət qaynağına çevrilməkdə olan Ermənistandakı gizli laboratoriyalarda aparılan tədqiqatların məqsədləri və hədəfləri barədə izahat tələb etməlidir. Əks halda, sonra çox gec ola bilər. Rəsmi İrəvan Ermənistana hərbi-siyasi himayədarlar tapmaq üçün istənilən "avantürist layihə"yə təslim olmağa hazırdır. Və bunun Ermənistanı gələcək hərbi təhlükələrdən qoruya biləcəyinə ümid bəsləyir.

Əslində isə Ermənistan ərazisi dünya nəhənglərinə sadəcə, öz "çirkli icadlar"ını sınaqdan çıxartmaq üçün lazımdır. Hazırda Kreml bu məsələdə yalnız ABŞ və Qərbi ittiham etsə də, əslində, Rusiyanın da Ermənistanda analoji gizli laboratoriyalarının ola biləcəyi qətiyyən istisna deyil. Bu səbəbdən də, rəsmi İrəvan Rusiyanın ABŞ və bəzi Qərb ölkələrinə aid gizli laboratoriyalarında araşdırma tələblərinə təslim olmaqdan yayınmağı bacarır. Çünki bu halda, qarşı tərəf də Rusiyanın Ermənistandakı gizli laboratoriyalarına xüsusi maraq göstərə bilər.

Göründüyü kimi, Ermənistan ərazisi Cənubi Qafqaz üçün böyük fəlakət qaynağı olan zonaya çevrilib. Bu baxımdan, istismar müddəti çoxdan son çatmış AES də daxil olmaqla, "bioloji silah"ın hazırlandığı güman edilən gizli laboratoriyalar Ermənistanı regionun "saatlı bomba"sına çevirib. Çünki düşmənin içindəki "gizli düşmən" hər an "partlaya" bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR