İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən uzun uçuşu başlayır: 22 saat fasiləsiz...

Aviasiya sənayesində yeni rekordun təməli qoyulur. Airbus şirkətinin dünyanın ən uzun birbaşa kommersiya uçuşları üçün hazırladığı A350-1000ULR (Ultra Long Range – Ultra Uzun Menzilli) təyyarəsi ilk sınaq uçuşunu uğurla başa vurub.

Musavat.com xəbər verir ki, Fransanın Tuluz şəhərində həyata keçirilən sınaq zamanı MSN 707 qeydiyyat nömrəli prototip təyyarə 12 500 metr hündürlüyə qalxaraq 3 saat 43 dəqiqə havada qalıb və daha sonra eyni hava limanına eniş edib.

Yeni təyyarə Avstraliyanın Sidney şəhəri ilə London və Nyu-York kimi əsas istiqamətlər arasında birbaşa uçuşları mümkün etmək üçün hazırlanıb. Layihənin həyata keçirilməsi ilə bəzi beynəlxalq marşrutlarda səyahət müddətinin təxminən 4 saat azalacağı gözlənilir.

Hazırda sertifikatlaşdırma prosesinin bir hissəsi olan sınaqlar çərçivəsində təyyarənin ümumi performansı və yeni yanacaq sistemi yoxlanılır. Növbəti mərhələdə isə kabin ventilyasiyası, temperaturun tənzimlənməsi və soyutma sistemləri test ediləcək.

A350-1000 modelinin təkmilləşdirilmiş versiyası olan bu təyyarədə əlavə 20 min litr yanacaq tutumuna malik çən quraşdırılıb. Airbus-un açıqlamasına görə, bu dəyişiklik sayəsində təyyarənin uçuş məsafəsi 1 800 kilometrdən çox artırılıb.

Hazırda dünyanın ən uzun birbaşa kommersiya marşrutu təxminən 15 350 kilometrlik Sinqapur–Nyu-York reysidir. Yeni təyyarə ilə həyata keçirilməsi planlaşdırılan Sidney–London marşrutu isə təxminən 18 500 kilometr olacaq və uçuşun 22 saata qədər davam edəcəyi gözlənilir.

Avstraliyanın milli aviadaşıyıcısı olan Qantas bu modeldən 12 ədəd sifariş verib. İlk təyyarənin 2027-ci ilin aprel ayında şirkətə təhvil verilməsi planlaşdırılır.

“Project Sunrise” adlandırılan layihə çərçivəsində sərnişinlərin rahatlığını artırmaq üçün təyyarədə oturacaq sayı təxminən 300-dən 238-ə endiriləcək. Bundan əlavə, göyərtədə xüsusi istirahət və sağlamlıq zonası, eləcə də yüksək sürətli internet xidməti təqdim olunacaq.

Mütəxəssislər hesab edirlər ki, layihənin uğurla başa çatması qitələrarası hava nəqliyyatında yeni mərhələnin başlanğıcı ola bilər. 22 saatlıq fasiləsiz uçuşlar isə aviasiya tarixində yeni rekord kimi qeydə alınacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR