İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada NADİR hadisələrdən biri: Azərbaycanda 6 ildir ki, sabitdir - ilin sonuna qədər...

2023-cü ilin arxada qalan yarısı ərzində Azərbaycan iqtisadiyyatında müsbət proseslər davam edib. Ölkədə dayanıqlı iqtisadi inkişaf qeydə alınıb, qarşıya qoyulan sosial-iqtisadi hədəflərə çatılması üçün real addımlar atılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına dair müşavirədə qeyd etdiyi kimi, altı ayda ölkənin qeyri-neft sektoru 3 faizdən çox artıb. Bu zaman qeyri-neft sənayesində 6,5 faizlik artım qeydə alınıb.

musavirem.jpg (98 KB)

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 5 ayda ölkənin xarici ticarəti real ifadədə 2,3 faiz artıb, xarici ticarət balansında 5 milyard 924,9 milyon dollarlıq müsbət saldo qeydə alınıb. Yanvar-may aylarında qeyri-neft ixracının həcmi  əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 22,1 faiz, real ifadədə 18,3 faiz artaraq 1 milyard 465,8 milyon dollar təşkil edib.

İlin ilk 6 ayında isə xarici ticarət balansının profisiti 10 milyard dollara yaxın olub.

İqtisadiyyatda qeydə alınan müsbət proseslər ölkənin gəlirlərinin artmasını şərtləndirib. Cari ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 181,4 milyon manat həcmində vergi daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 41,6 faiz və ya 2,7 milyard manat artıb. Bu zaman qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 199,4 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 faiz və ya 801,3 milyon manat artım deməkdir. Neft sektorundan daxilolmalar 3 milyard 982 milyon manat olub ki, bu da ötən ilin altı ayı ilə müqayisədə 1 milyard 98,2 milyon manat, yaxud 91 faiz artım deməkdir.

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 7148,3 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çox vəsait yönəldilib. 

Gəlirlərin artması imkan verib ki, dövlət büdcəsində dürüstləşdirmə aparılsın. Bu dürüstləşdirmə nəticəsində büdcənin həcmi 36 milyard manata çatdırılıb.

budcemiz.jpg (86 KB)

Azərbaycan dövləti işğaldan azad olunan ərazilərin bərpası, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətini öz əsas prioriteti olaraq gördüyünü büdcədən bu sahələrə yüksək məbləğdə vəsaitlər ayırmaqla ortaya qoyur. Belə ki, 2023-cü il üçün təsdiq olunmuş büdcəyə 3 milyard manatdan çox vəsait əlavə olunub. Əlavə vəsaitin əhəmiyyətli hissəsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərə, müdafiə xərclərinə yönəldilib. Əlavə olunan 3 milyard manatın 1,8 milyard manatı işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə, 1,1 milyard manat isə hərbi gücümüzün artırılmasına yönəldilib. Dövlət büdcəsinə edilən son dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə ayrılan vəsait 4,8 milyard manata, müdafiə və milli təhlükəsizlik xərcləri isə 6,05 milyard manata qaldırılıb.

Ayrılan vəsaitlər imkan verəcək ki, azad olunan ərazilərə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsi yenidən qurulsun. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər artıq beş yaşayış məntəqəsində - bir şəhər və dörd kənddə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar: “Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir”.

lacin ilham.jpg (101 KB)

Azərbaycan xarici dövlət borcunun azaldılması hədəfinə nail olub. Dövlət başçısının bununla bağlı hökumətin qarşısında qoyduğu hədəf xarici dövlət borcunun ÜDM-in 10 faizindən aşağı salınması idi. Hazırda mütləq rəqəmlərdə bu borc cəmi 6,7 milyard dollardır və bu da ümumi daxili məhsulumuzun təxminən 10 faizini təşkil edir.

Ölkədə makroiqtisadi sabitlik uzun illər ərzində təmin edilir: “Manatın məzənnəsi altı ildir ki, sabitdir və bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Bu, düşünülmüş siyasətin təzahürüdür və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Makroiqtisadi sabitliyə yeganə təhlükə yaradan amil inflyasiyadır. Belə ki, 2023-cü ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyun aylarına nisbətən 12,7 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 15,1 faiz, qeyri-ərzaq məhsulları, 4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10,5 faiz bahalaşıb.

Prezident bildirib ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir: “İlin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır”.

Dövlət başçısının bu fikirləri reallığı dəqiqliklə əks etdirir. Belə ki, ölkəmizdə inflyasiyanın əsas təkanverici amili kimi idxal məhsulları çıxış edir. Qlobal ərzaq bazarında artıq bir ildir ki, qiymətlər ardıcıl olaraq ucuzlaşır. Demək olar ki, bütün dünyada inflyasiya səviyyəsi azalır. Bu halda Azərbaycana idxal olunan məhsulların qiymətində dəyişikliyin azalma deyil, artım istiqamətli olması diqqəti cəlb edir. Prezidentin bu çıxışından sonra inflyasiyanı artıran subyektiv amillərin araşdırılaraq, qarşısının alınacağı şübhəsizdir.

Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibə dünya ticarətində yenilənməyə səbəb olub. Artıq Avropa ölkələri Rusiyaya satışını qadağan etdikləri məhsulların bu ölkənin ərazisindən tranzit daşınmasını da qadağan ediblər. Bu isə Rusiyadankənar daşıma yollarında yüklənmənin artmasına təkan verəcək. Azərbaycan Asiyadan Avropaya alternativ daşımaların əsas marşrutu sayılan Transxəzər marşrutunun açar ölkələrindən biridir. Eyni zamanda ölkəmizin ərazisindən Şimal-Cənub nəqliyyat dəhlizinin əsas istiqaməti keçir. Hər iki marşrut boyu daşımaların sürətlə artması yolların keçdiyi bölgələr üçün çoxsaylı imkanlar yaradır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hər bir istiqamət üzrə spesifikaya görə, iqlimə görə, ixtisaslaşmaya görə xüsusi bir biznes imkanları olmalıdır.

Azərbaycan yaxın illərdə yükdaşımaların artım imkanlarını nəzərə alaraq öz infrastrukturunu genişləndirir: Ələt dəniz limanın ötürmə potensialını, Bakı-Tiflis-Qars dəmiryol xəttinin daşıma gücünün artırılması üçün layihələrin icrasına başlanıb. Eyni zamanda Bakıdab Rusiya sərhədinə qədər dəmiryol xəttinin yenidənqurulması artıq başa çatmaq üzrədir. Bakıdan Gürcüstan sərhədinə qədər avtomobil yolunun genişləndirilməsi üzər işlər də başa çatır.

Azərbaycan həmçinin yüklərin daşınması üçün Zəngəzur dəhlizinin fəaliyyətinə hazırlıq işlərini həyata keçirir: öz ərazisində avtomobil və dəmiryol xətlərinin inşasını aparır.

dehliz son.jpeg (86 KB)

Ölkəmiz yalnız tranzit yükdaşımaların öz ərazisindən keçməsindən deyil, yüklərin daşınmasından da gəlir əldə etmək niyyətindədir: “Öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik. İlk növbədə, Qara dənizdə. Üç böyük tanker alınmışdır, hərəsi 115 min tonluq. Bu, ilk dəfədir Azərbaycan tarixində. Tankerlərə “Şuşa”, “Qarabağ” və “Zəngəzur” adları verilib. Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim “Aframax” tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir”.

Yüklərin regionumuz üzərindən daşınması qonşu ölkələrdə Xəzər dənizi ilə daşımaçılıq üçün gəmilərə tələbatı kəskin artırır. Azərbaycan bu imkandan da bəhrələnə bilər: “Xəzərdəki gəmiqayırma imkanlarımıza yenidən baxmalıyıq. Qonşu ölkələrdən sifarişlər gəlir. Bizim gəmiqayırma zavodumuz mövcud daşıma imkanlarımıza hesablanmışdır. Eyni zamanda, uzun illər fəaliyyət göstərən gəmilərin sıradan çıxmasını da nəzərə alırıq. Çünki onlar sıradan çıxır, təzələnməlidir. Amma indi daha böyük tələbat var - həm bizim, həm də ki, qonşu ölkələrin. İstisna deyil ki, biz nə vaxtsa gəmiqayırma zavodunun istehsalat sahələrinin genişləndirilməsinə də başlaya bilərik”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR