İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada buğda böhranı və Bakının planı

Azərbaycanda buğda əkinlərinin sahəsi, həmçinin istehsalı getdikcə azalır

Qlobal iqlim dəyişiklikləri, Rusiya-Ukrayna müharibəsi və logistika problemləri dünya taxıl bazarında yeni bahalaşma dalğası yaradıb. Buğda istehsalının azalması və qiymətlərin son iki ilin maksimumuna yüksəlməsi idxaldan asılı ölkələr üçün ciddi risklər formalaşdırır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozuna görə, 2026-2027-ci il mövsümündə ərzaqlıq buğda istehsalı ötən ilin rekord göstəricisi ilə müqayisədə 3,8 faiz azalacaq. “Energy and Climate Intelligence Unit” in hesablamalarına əsasən, iyun ayında 43 dərəcəyə çatan isti dalğası Avropada təxminən 9 milyon ton taxılı məhv edib və zərərin 2,1 milyard avro olduğu təxmin edilir. Ən çox Fransa, Almaniya, İspaniya və Macarıstan zərər çəkib. Bu mövsüm Avropa İttifaqında buğda istehsalının 4,2 faiz azalması gözlənilir. Bu, son 5 ildəki davamlı artımdan sonra ilk azalmadır. Qərbi Avropada buğda istehsalına quraqlığın vurduğu zərər qismən Rumıniya, Bolqarıstan, Finlandiyadakı bol məhsul hesabına kompensasiya olunacaq. ABŞ-də isə buğda istehsalının Dakota ştatında qeydə alınan quraqlıq, həmçinin payızlıq buğda əkinlərinin kəskin azalması hesabına 21,3 faiz enəcəyi və 1970-ci ildən bəri ən aşağı səviyyədə olacağı gözlənilir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna əsasən, Avstraliyada, Argentinada və Braziliyada əldə olunan bol məhsul digər regionlardakı itkilərin bir hissəsini kompensasiya edəcək.

Qeyd edək ki, qlobal bazarlarda baş verən bu proseslər Azərbaycana təsirsiz ötüşmür. Ölkə ərzaqlıq buğdaya olan tələbatını əsasən idxal hesabına ödədiyi üçün dünya bazarındakı qiymət dəyişiklikləri daxili bazarda əksini tapır. Uzun illərdir Azərbaycanın buğda təminatında yerli istehsalı ərzaq təhlükəsizliyi üçün vacib olan həddə çatdırmaq aktual problem olaraq qalır. 2021-2022-ci illərin qlobal ərzaq böhranı dünyada buğda kimi strateji ərzaq məhsulları ilə özünütəminatın ölkələr üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini ortaya qoydu. Məhz həmin böhran Azərbaycanda yüksək keyfiyyətli ərzaqlıq buğda istehsalının artırılmasının həyati vacib əhəmiyyətini nümayiş etdirdi. Həmin ilin iyulunda Prezident İlham Əliyev “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzaladı. Fərmana əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir. Bundan əlavə, buğda əkininə görə də ayrıca subsidiya mexanizmi var: mexanizm xüsusilə işğaldan azad olunmuş ərazilərdə müasir suvarma sistemləri ilə təchiz olunmuş sahələrdə əkilən buğdaya görə yüksək əkin subsidiyası nəzərdə tutur. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanda buğda əkinlərinin sahəsi, həmçinin istehsalı getdikcə azalır. Rəsmi məlumata əsasən, bu il məhsulu üçün ötən ilin payızında Azərbaycanda 457 867,2 hektar sahədə buğda əkilib. Bu, əvvəlki illə müqayisədə 9,5 faiz azalma deməkdir. Əvvəlki ildə 505 696,7 hektar sahədə payızlıq buğda əkilmişdi. Yazlıq buğda isə cəmi 913,1 hektar sahədə əkilib. Ötən ilin eyni dövründə belə əkin 3 736,4 hektar olub. Bu isə yazlıq buğda əkinlərinin 4 dəfədən çox azalması deməkdir. Ümumilikdə Azərbaycanda yazlıq və payızlıq buğda əkinləri 2021-ci ildəki 572,3 min hektardan bu mövsüm üçün 458 780,3 hektara qədər azalıb. Buğda istehsalı isə 2021-ci ildəki 1 milyon 885 min 405,3 tondan 2025-ci ildə 1 milyon 583 min tona düşüb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, iyulun 27-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 92 faizində biçin başa çatıb. Ümumilikdə 883 min 995 hektar sahədə biçin aparılıb, bu sahələrdən 3 milyon 38 min 467 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,4 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 sent/ha çoxdur. Biçin aparılan sahələrin 404 min 326 hektarı buğda, 479 min 669 hektarı arpa sahəsidir. Bu sahələrdən 1 milyon 491 min 990 ton buğda, 1 milyon 546 min 477 ton arpa yığılıb. Buğda sahələrinin 88 faizində, arpa sahələrinin isə 95,6 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,9 sent/ha, arpa üzrə isə 32,2 sent/ha təşkil edir. Nəzərə alsaq ki, biçilməyən buğda sahələri əsasən aşağı məhsuldarlıq olan, yüksək dağlıq ərazilərdəki dəmyə əkinləridir, onda bu il də buğda istehsalında azalma olacağını gözləmək olar. Buğda istehsalının azalması Azərbaycanın çörək təminatına xaricdən asılılığının artması deməkdir. Gömrük statistikası göstərir ki, mötəbər olmayan Rusiya kimi qonşudan yaranan çörək asılılığımız həm də külli miqdarda vəsaitin ölkədən çıxmasına səbəb olur.

Rəsmi statistikaya əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycan 132 milyon 905 min ABŞ dolları dəyərində 585 min 62 ton buğda idxal edib. Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 17 min 192 ton (2,8 faiz) azalsa da, dəyər baxımından 2 milyon 243 min dollar (1,7 faiz) çoxdur. Buğda idxalında Rusiyadan asılılıq da kəskin artıb. Yanvar-mayda idxal olunan 524 456,27 ton yumşaq buğdanın 410 417,94 tonu Rusiyadan, 114 036,73 tonu Qazaxıstandan alınıb. Halbuki ötən il bu nisbət kəskin şəkildə Qazaxıstanın xeyrinə idi. Azərbaycanın özünü nə zaman ərzaq buğdası ilə ərzaq təhlükəsizliyinə təhdid yaratmayacaq səviyyədə təmin edəcəyi hələ də məlum deyil. Prezidentin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda buğda ilə özünütəminat səviyyəsinin yüksəldilməsi üçün məhsuldarlığın artırılması nəzərdə tutulur. Kənd Təsərrüfatı Nazirliyi rəsmiləri bildirirlər ki, artıq buğda istehsalı üzrə potensialı yüksək olan 22 rayon müəyyənləşdirilib. Rayonlar potensiala, suvarma imkanlarına, aqropark infrastrukturuna və lazer hamarlama imkanlarına görə qruplaşdırılır. Hədəf rayonlara yönəlik bir neçə əsas tədbir nəzərdə tutulur. Bunlar müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi; texnika təminatının yaxşılaşdırılması; lazer hamarlama texnologiyasının tətbiqinin genişləndirilməsi; buğda istehsalının inkişafına dövlət dəstəyinin artırılması; aqrotexniki qulluq işlərinə nəzarətin gücləndirilməsi və zəruri meliorativ tədbirlərin həyata keçirilməsidir.

Buğda istehsalına yönəlik dəstək mexanizmlərindən biri kimi kredit faizlərinin subsidiyalaşdırılması da planlaşdırılır. Belə ki, birillik əkinlərin istehsalı üçün banklar tərəfindən fermerlərə verilən kreditlərin illik faiz dərəcəsinin 19 faizi keçməyən hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur. Hesab olunur ki, bu, fermerlərin maliyyə yükünü azaltmaq və əkin dövriyyəsinə daha rahat vəsait cəlb etmək baxımından mühüm dəstəkdir. Digər maliyyə dəstəyi lazer hamarlama ilə bağlı olacaq: Lazer hamarlama tətbiq edən fermerlərin istehsal etdiyi məhsulun dəyirmanlara təhvil verilən hər tonu üçün həm fermerə, həm də dəyirmana əlavə məhsul subsidiyası veriləcək. KTN rəsmilərinə görə, bu mexanizm həm fermeri texnologiyadan istifadəyə təşviq edir, həm də emal müəssisələri ilə istehsalçı arasında əlaqəni gücləndirir. Həmçinin qeyd olunur ki, buğda istehsalında məhsuldarlığın artırılması üçün yalnız subsidiya kifayət deyil. Toxum düzgün seçilməli, torpaq analizi aparılmalı, səpin optimal müddətdə həyata keçirilməli, gübrələmə norması torpağın real tərkibinə uyğun müəyyən edilməli, suvarma vaxtında aparılmalı, xəstəlik və zərərvericilərə qarşı mübarizə gecikdirilməməlidir. Bütün bunların nəticəsində KTN 2029-cu ildən sonra seçilmiş 22 rayonda buğda üzrə ümumi məhsuldarlığın 50 sentnerə, o cümlədən dəmyə rayonlarında 30 sentnerə çatacağını gözləyir. Əlbəttə, bu planlar xeyli dərəcədə qənaətbəxş sayıla bilər. Əsas məsələ qarşıya qoyulan işlərin vaxtında və keyfiyyətli icrasıdır. Son 20 ildən çox müddətdə Azərbaycanda ərzaqlıq buğda istehsalının artırılması üçün çoxsaylı plan və dəstək mexanizmləri hazırlanıb. Lakin real nəticə onların heç birinin faydalı olmadığını göstərir. Bu baxımdan, yeni planların nəticəsi birbaşa icra vəziyyətindən asılıdır. Hökumətin hazırladığı planlar nəticə verənə qədərsə Azərbaycan özünü ərzaqlıq buğda ilə xaricdən təmin etməyə davam edəcək. Bu il qiymət artsa da, Rusiyanın uzaq xaricə ixrac imkanlarının 30 faizədək daralması bu ölkədən əlverişli şərtlərlə buğda idxalı üçün zəmin yaradır. Eyni zamanda ənənəvi bazarımız olan Qazaxıstanda da bu il istehsal azalsa belə, 9 milyon tona qədər ixrac potensialı olacaq. Yəni idxal üçün bazar tapmaq problemi olmayacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR