Onlayn ictimai-siyasi qəzet
Süni intellekt uğrunda qlobal yarış artıq yeni mərhələyə qədəm qoyub. Microsoft, Amazon, Meta kimi dünyanın ən böyük texnologiya şirkətləri süni intellekt infrastrukturu, məlumat mərkəzləri və yeni nəsil modellərin hazırlanmasına on milyardlarla, hətta yüz milyardlarla dollar vəsait yönəldirlər.
Bu yarışa Çinin nəhəng texnologiya şirkəti “Alibaba” da böyük sərmayə ilə qoşulur. Şirkət 10 milyard dollardan çox vəsaiti süni intellekt, çiplər, məlumat mərkəzləri və böyük dil modellərinin inkişafına yatıracaq. Demək ki, dünya texnologiya nəhəngləri artıq süni intellektə, sadəcə, yeni texnologiya kimi yox, gələcəyin iqtisadiyyatını müəyyənləşdirəcək strateji sahə kimi yanaşırlar.
Bəs Azərbaycan bu yarışın harasındadır? Ölkəmiz süni intellekt sahəsində hansı imkanlara malikdir, bu istiqamətə nə qədər investisiya qoyulur və Azərbaycan qlobal AI yarışında yalnız texnologiyalardan istifadə edən ölkə olacaq, yoxsa özünün rəqabətqabiliyyətli süni intellekt ekosistemini də yarada biləcək?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a danışıb: “Azərbaycanın süni intellekt yarışında, rəqəmsal həllər mübarizəsində aparıcı oyunçu deyil. Biz daha çox bu yarışın finalına bilet almış tamaşaçı qismindəyik. Nə gücümüz, nə də böyük texnoloji resurslarımız buna imkan verir.
Əslində buna ehtiyac da yoxdur. Çünki bu, böyük çəki dərəcəsidir və belə yükün altına girmək imkanlarımızı aşar. Hələ ki, yerli istehsalatda ən sadə məhsulların buraxılışı və satışı ilə bağlı məsələləri tam həll edə bilmədiyimiz halda, süni intellekt kimi nəhəng infrastruktur, ciddi kadr potensialı, dərin bilik və uzunmüddətli hazırlıq tələb edən sahədən danışmırıq.
"Alibaba" şirkətinin təcrübəsinə baxsaq, səhmləri 8% düşdükdən sonra süni intellekti maliyyələşdirmək üçün bazarlardan 10 milyard dollar cəlb etdi. Çinin qabaqcıl şirkətlərindən olmasına rəğmən, "Alibaba" üçün 10 milyard dollar hələ növbəti bir mərhələdir. Bundan əvvəl də süni intellektə ciddi sərmayələr qoyulub. Üstəlik, bu sahəyə ən çox investisiya edən şirkətlər sırasına baxsaq, "NVIDIA", "SpaceX", "OpenAI", "Microsoft" və "Google" kimi nəhənglərin "Alibaba"dan dəfələrlə çox yatırım etdiyini görərik.
Müqayisə üçün qeyd edim ki, ölkəmizin ümumi valyuta rezervləri ən yaxşı dövrlərdə 80 milyard dollar təşkil edir. "NVIDIA"nın təkcə bu istiqamətdəki investisiyaları isə Azərbaycanın bütün valyuta rezervlərindən və onilliklər boyunca qazandığı gəlirlərdən çoxdur. Bu, böyük maliyyə resursları tələb edən bir prosesdir. Biz bu yarışın harasındayıq soruşulsa, demək olar ki, biz daha çox inkişaf etmiş ölkələrin ortaya qoyduğu modellərin öz biznes həllərində, iqtisadiyyatın real problemlərinin aradan qaldırılmasında və məhsuldarlığın artırılmasında tətbiqi haqqında düşünə bilərik. Çip yaratmaq və ya sıfırdan süni intellekt modeli qurmaq haqqında düşünmək reallıqdan uzaqdır”.
İqtisadçının sözlərinə görə, ölkədə bu istiqamətdə müəyyən addımlar atılır: “2025–2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası qəbul olunub. Dövlət qurumlarında rəqəmsallaşma və süni intellektlə məşğul olan məsul şəxslər, nazir müavinləri müəyyənləşdirilib, həmçinin, Rəqəmsal İnkişaf Şurası yaradılaraq yüksək səviyyədə rəhbərlik təyin edilib. Yəni, dövlət səviyyəsində innovasiyalardan faydalanmaq üçün müəyyən planlar qurulur.
Tətbiq sahələrinə gəldikdə isə, süni intellektdən artıq müştəri xidmətlərində, bank sektorunda və telekommunikasiya şirkətlərində çatbotlar vasitəsilə istifadə olunur. Bunu daha da genişləndirmək, məsələn, satışın idarə edilməsi və proqnozlaşdırılmasında istifadə etmək mümkündür. Həmçinin, banklarda davranış analizlərinə əsaslanan avtomatlaşdırılmış maliyyələşmə və risklərin idarə olunması modelləri qurula bilər. İnsan amili olmadan, sistem özü layihənin risklərini qiymətləndirərək qərar verir.
Bununla yanaşı, logistikanın optimallaşdırılması, istehsalın idarə olunması və fərdiləşdirilmiş xidmətlərin göstərilməsi kimi bir çox biznes sahələrində geniş imkanlar var. Enerji sektoru və kənd təsərrüfatında da böyük nəticələr əldə etmək olar. Məsələn, torpağın tərkib parametrlərini modelə daxil etməklə dəqiq aqrotexniki reseptlər almaq mümkündür. Bir sözlə, xərcləri yüksək olsa da, süni intellektin biznesdə və gündəlik həyatın müxtəlif sahələrində tətbiq imkanları çox genişdir”.
Afaq Mirayiq,
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ