Onlayn ictimai-siyasi qəzet
Dünya qızıl bazarında ağlasığmaz “ralli” davam edir. Artıq dekabrın 24-də qızılın qiyməti tarixdə ilk dəfə olaraq 1 unsiya üçün 4500 dolları keçib. Analitiklərə görə, “ralli” hələ bir neçə il davam edə, qızılın qiyməti 6 min dolları keçə bilər. Danimarkanın SaxoBank-ının fantastik proqnozuna görə isə 2026-cı ildə 1 unsiya qızılın 10 min dollara ticarət olunması mümkün ola bilər.
Qızıl bazarındakı hazırkı qiymət sıçrayışının isə bir sıra səbəbləri qeyd olunuir. Bunlar arasında ilk yerdə geosiyasi gərginliyin artması fonunda investorların daimi təhlükəsiz sığınacaq olan qızıla investisiyaları artırmasıdır. Bundan əlavə, Çin və Yaponiya arasında gərginlik, Şərqi Avropadakı münaqişə vəziyyəti də davam edir.
Daha bir səbəb ABŞ iqtisadiyyatından gəlir. Bu ölkədə əmək bazarının soyuması və ölkədə inflyasiyanın yavaşlaması fonunda ABŞ Federal Ehtiyat Sisteminin pul siyasətini daha da yumşaltması gözləntiləri qiymətlərə əlavə dəstək verir.
Bunlarla yanaşı, qızıl bazarından gizli alışlar da tələbi kəskin artırmaqla qiymətlərə artırıcı təsir göstərir. Belə alışların ən böyük icraçısı isə Çindir. Artıq qızıl bazarında Pekinin rəsmi açıqladığı qızıl alışı həcmlərinin real alışlardan bir neçə dəfə az olduğuna şübhə edilmir. “Financial Times” nəşri hələ noyabrın ortalarında analitiklərə istinadən yazıb ki, Çinin 2025-ci ildə qızıl alışının real həcmi rəsmi açıqlanan göstəricilərdən 10 dəfədən çox ola bilər. Fransanın “Societe Generale” maliyyə qrupunun hesablamalarına görə, Çin bu il 250 ton qızıl alıb ki, bu da dünya üzrə digər mərkəzi bankların ümumi tələbatının üçdə birindən çoxdur.
Bu il Çinin təkcə Rusiyadan qızıl alışında 10 dəfədən çox artım var. Çin gömrük orqanlarının məlumatına əsasən, noyabr ayında Rusiya Çinə iki ölkə arasında ticarət tarixində ən yüksək həcmdə - 961 milyon ABŞ dolları (818,6 milyon avro) dəyərində qızıl külçələri ixrac edib.
Oktyabr ayında Rusiyanın Çinə qızıl tədarükünün 930 milyon dollar (792,2 milyon avro) təşkil edib. Ümumilikdə isə 2025-ci ilin 11 ayında Çinin Rusiyadan idxal etdiyi qızılın dəyəri 1,9 milyard dollar (1,6 milyard avro) olub. Halbuki 2025-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Çinə qızıl ixracı cəmi 9 milyon dollar (7,6 milyon avro) təşkil etmişdi. Bu isə son iki ayda göstəricinin 1,9 milyard dollara yüksəldiyini göstərir. Müqayisə üçün 2024-cü ildə Rusiyanın Çinə ixrac etdiyi qızılın dəyərin cəmi 223 milyon dollar (189,9 milyon avro) olub.
Çinin Rusiya qızılına yönəlməsinin əsas səbəbi keçən ildən Avropa İttifaqının Rusiya qızılına qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində onun qiymətinin kəskin düşməsidir.
Azərbaycan da az miqdarda da olsa, dünya bazarına qızıl ixrac edən ölkələrdəndir. Bazarın ölçüsü ilə müqayisədə az görünsə də, qızıl ixracından ölkəyə daxil olan vəsait qeyri-neft ixracında ciddi paya malikdir. İqtisadi İsalahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, yanvar-oktyabr aylarında qızıl ixracı 276,8 milyon dollar dəyərlə qeyri-neft ixracında birinci olub. Ötən ilin eyni dövründə göstərici 163,4 milyon dollar təşkil etmişdi.
Bu il xaricə satışın 97,4 milyon dolları (keçən il 26,8 milyon dollar) “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, 196,3 milyon dolları (110 milyon dollar) “AzerGold” QSC tərəfindən reallaşdırılıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-noyabr aylarında Azərbaycanda 3505,5 kq gümüş, 2815,0 kq qızıl hasil edilib. Bu, ötən illə müqayisədə müvafiq olara 14,4 faiz və 9,7 faiz çoxdur. Dekabrın 1-də anbarlarda 885,3 kq gümüş, 155,0 kq qızıl olub.
Qızıl qiymətindəki artım dövlət qızıl istehsalçısı “AzərGold” QSC-nin “üzünü güldürür”. Cəmiyyətin maliyyə hesabatından aydın olur ki, 2024-cü ildə “Azergold”un gəlirləri 135 milyon dollardan 182 milyon dollara yüksəlib. Bu, 47 milyon dollar və ya 35 faiz artım deməkdir.
Şirkət öz gəlirlərinin belə kəskin artımını qızılın satışın və qiymətlərin artımı ilə izah edir. Belə ki, 2024-cü ildə “AzerGold”un qızıl satışları fiziki olaraq 9 faiz artıb. Ümumiyyətlə, 2024-cü ildə şirkət 70,5 min unsiya qızıl və 97,5 min unsiya gümüş satıb. Satışın həcmi ilə yanaşı olaraq, qızılın özü də kəskin bahalaşıb və qiyməti 29 faiz artıb.
Nəticədə şirkətin illik xalis mənfəəti 33 milyon 22 min dollar təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5,8 milyon manat və ya 21 faiz artıqdır. Gəlirlərin artması borcların azalmasına şərait yaradıb. Hesabata əsasən ötən ilin nəticələrinə görə şirkətin aktivləri təqribən 20 milyon dollar artaraq 468 milyon dollardan 488 milyon dollara yüksəlib. QSC-nin öhdəlikləri isə 62 milyon dollar və ya 40 faizdən çox azalaraq 150 milyon dollardan 88 milyon dollara enib. Ötən il şirkət ilk növbədə uzunmüddətli borclarını 57 milyon dollardan 25 milyon dollara endirib.
Bundan başqa, ticarət kredit borcları 8 milyon dollar azalaraq 18 milyon dollardan 10 milyon dollara enib. Qısamüddətli borcları isə 11 dəfə azalaraq 35 milyon dollardan 3,1 milyon dollara enib. Ümumilikdə 2024-cü ildə “AzerGold”un mövcud bank kreditlərinin 69 faizi və ya təqribən 65 milyon dollar tam şəkildə bağlanılıb.
“AzerGold” QSC bu ilin ilk yarısını isə 33,177 milyon ABŞ dolları xalis mənfəətlə başa vurub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 dəfə çoxdur. Qurumun yarımillik fəaliyyətinə dair hesabatına əsasən, yannvar-iyun aylarında satışdan gəlirlər 116,686 milyon dollar (bir il əvnvələ nisbətən 2,2 dəfə çox), satışın maya dəyəri 62,676 milyon dolnlar (59,2 faiz çox), ümumi və inzibati xərclər 13,956 milyon dollar (38,9 faiz çox), digər gəlirlər 696 min dollar (əvvəlki il xərc olub), faiz gəlirləri 788 milyon dollar (əvvəlki il xərc olub), mənfəət verngisi ödəmələri isə 8,362 milyon dollar (52,6 dəfə çox) təşkil edib.
Bu il iyulun 1-nə “AzerGold”un aktivləri 537,137 milyon dolnlar təşkil edib ki, bu da illik müqayisədə 17 faiz çoxdur. Hesanbat dövründə səhmdar cəmiyyətin öhdəlikləri 26,3 faiz azalaraq 103,804 milyon dollar, balans kapitalı isə 36,2 faiz artaraq 433,333 milyon dollar olub.
QSC İdarə Heyətinin sədri Zakir İbrahimovun verdiyi məlumata görə, “AzerGold” bu ilin sonuna qədər 71 min unsiyadan bir qədər çox qızıl hasil etməyi planlaşdırır. Z.İbrahimov əlavə edib ki, gümüş isə əlavə məhsul kimi çıxarılır və onun hasilatı proqnozları üstələyərək 100 min unsiyadan çox olacaq.
Xaricə ixracla yanaşı, "AzerGold"un daxili bazarda satışları da sürətlə artır. QSC daxili bazarda satışlarının həcmini ayrıca açıqlamasa da, ixrac və ümumi satış göstəricilərinin müqayisəsi ilə bunu müəyyənləşdirmək mümkündür. Belə ki, bu ilin yanvar-iyununda ümumilikdə Azərbaycandan 144 milyon dollarlıq qızıl ixracı qeydə alınıb. Bunun 46,4 milyon dolları “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin, qalanı "AzerGold"un ixracıdır. QSC-nin yarım illik hesabatında isə ilk ayda satışların həcminin 116,686 milyon dollar olduğu qeyd edilib. Bu isə o deməkdir ki, QSC daxili bazarda 18 milyon dollarlıq satış həyata keçirib.
Qeyd edək ki, "AzerGold" daxili bazarda yerli qızıl və gümüş xammalından müxtəlif çəki və dizaynlarda qızıl sikkə və külçələrin, gümüş sikkələrin satışına 2019-cu ildən başlayıb. Qızıl sikkələr müxtəlif dizaynlarda 5,10, 20, 1 unsiya, gümüş sikkələr isə 5,10, 20, 2 unsiya çəkilərdədir. Oktyabrda QSC 1 qramlıq qızıl külçələrin satışına başladığını elan edib. Satışa çıxarılan ən böyül qızıl külçəsi 1000 qram çəkidədir.
Dünya SAKİT,
“Yeni Müsavat”
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ