İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya mətbuatı bu olaydan yazır - 87 yaşlı Marikarmen Madridi silkələyir

Son günlər İspaniya mediası və sosial şəbəkələri Madridin mərkəzində baş verən dramatik bir təxliyə (evdən çıxarılma) hadisəsini müzakirə edir. Madridin nüfuzlu Retiro rayonunda, 92 kvadratmetrlik mənzildə tam 70 il yaşayan 87 yaşlı Marikarmen (Maricarmen) məhkəmə icraçıları tərəfindən xəstəxana xərəyində evindən çıxarılıb.


Hadisə ölkədə böyük rezonans doğurub, lakin məsələyə yerli ispanlar ilə postsovet ölkələrindən gələn rusdilli immiqrantların verdiyi reaksiya kökündən fərqlənir.

Məsələnin mahiyyəti nədir?

Marikarmen bu evə hələ gənc yaşlarında, valideynləri ilə birgə köçüb. Ömrünün son illərində o, köhnə müqavilə şərtləri ilə ayda 500 avro kirayə haqqı ödəyirdi. Bir neçə il əvvəl mənzilin keçmiş sahibi mülkü satmaq qərarına gələndə ilk olaraq evi almağı Marikarmene təklif edib, lakin təqaüdçü qadının buna maddi imkanı çatmayıb.

Mənzili satın alan yeni kommersiya şirkəti isə dərhal bazar qiymətini tələb edib: ayda 2 650 avro.

Aylıq pensiyası 1 350 avro olan Marikarmen bu şərtləri qəbul etməyib və hər ay əvvəlki kimi 500 avro köçürməyə davam edib. İllərlə davam edən məhkəmə çəkişməsindən sonra İspaniya Ali Məhkəməsi şirkətin lehinə qərar çıxarıb: yaşlı qadının köhnə müqaviləni müddətsiz uzatmaq hüququ yoxdur — o, ya yeni qiymətlə razılaşmalı, ya da evi tərk etməlidir.
Nəticədə, məhkəmə icraçıları polis müşayiəti ilə 87 yaşlı qadını xəstəxana xərəyində mənzildən çəxarıblar.
Bu hadisə cəmiyyətdəki dərin mənəvi və sosial fərqlilikləri ortaya çıxardı.

İspaniyada "yaşayış sahəsi" təkcə bazar əmlakı deyil, həm də mühüm sosial hüquq sayılır. Onlar üçün 70 il yaşadığı evdən 87 yaşlı qadının bu şəkildə çıxarılması qəddarlıqdır. Günlərlə aktivistlər binanın qarşısında çadırlar quraraq növbə çəkiblər. Hətta qadının kirayə haqqını ömürlük ödeməyi təklif edən xeyriyyəçilər də olub, lakin mülk sahibi bundan imtina edib. İspanlar baş verənləri iri şirkətlərin insafsızlığı və dövlətin sosial acizliyi kimi dəyərləndirirlər.

Yerli qruplarda və forumlarda yazan rusdilli istifadəçilər isə məsələyə tamamilə özəl mülkiyyət hüququ çərçivəsində yanaşırlar. Onların şərhində narazılıq və təəccüb üstünlük təşkil edir: "70 il ərzində niyə özünə bir ev almayıb?", "Təkbaşına 5 otaqlı, 3 metrlik tavanı olan mənzildə yaşamaq əvəzinə niyə daha kiçik evə köçmürdü?", "Dövlət ona qocalar evində yer təklif edib, küçədə qalmayıb ki!"

"Mən evimi qoruya bilmədim..."

Hazırda xəstəxanada olan Marikarmen yaydığı video müraciətdə deyib:

“Mən evimi qoruya bilmədim. Ama mübarizə apardım ki, başqaları da öz evləri uğrunda mübarizə aparmağı öyrənsinlər”.
O, Madrid sakinlərini kütləvi etiraz aksiyasına çağırıb. Bütün göstəricilər onu deyir ki, bu hadisə İspaniyada mənzil siyasəti və mülkiyyət hüquqları ətrafında yeni və daha şiddətli müzakirələrin başlanğıcı olacaq.

Şahanə Rəhimli
Musavat. com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR