Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın dövlət büdcəsi hesabına yayımlanan yeni reklam çarxı ölkədə siyasi qalmaqala səbəb olub. Prezidentin özünü kommunistlərə, dövlət daxilindəki rəqiblərinə və mediaya qarşı mübarizə aparan güclü lider kimi təqdim etdiyi video dövlət vəsaitlərinin siyasi məqsədlərlə istifadəsi barədə mübahisələri yenidən alovlandırıb.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, bazar günü Amerika futbolu liqasının (NFL) oyunlarının yayımı zamanı nümayiş etdirilən 30 saniyəlik video xüsusilə sonundakı bir ifadəyə görə diqqət çəkib: “ABŞ hökuməti tərəfindən maliyyələşdirilib”.
Ağ-qara kadrlarda Tramp sərt baxışlarla kameraya doğru irəliləyir. Onun səsi fonunda kommunistlərə, qlobalistlərə, dövlət daxilindəki qüvvələrə və özünün “saxta xəbərlər mediası” adlandırdığı jurnalistlərə qarşı “son döyüş” vədi səslənir.
CNN-in təhlilində əsas sual belə qoyulur: prezidentin siyasi rəqiblərinə qarşı mübarizə mesajı verən reklam çarxının bütün amerikalıların ödədiyi vergilər hesabına maliyyələşdirilməsi nə dərəcədə qanunidir?
Ağ Ev isə ittihamları rədd edir. Administrasiyanın CNN-ə açıqlamasında bildirilir ki, video ictimai maarifləndirmə məqsədi daşıyır və amerikalılara ölkələrini sevməyin, onun müdafiəsinin əhəmiyyətini xatırladır.
Ağ Ev reklamı maarifləndirici və vətənpərvər material kimi təqdim edərək Trampın qarşıdan gələn Konqres seçkilərində namizəd olmadığını, buna görə də videonun seçki reklamı sayıla bilməyəcəyini bildirir.
Lakin CNN xatırladır ki, Tramp Texasda keçirilən tədbirdə tərəfdarlarını aralıq seçkilərdə sanki özü də namizədmiş kimi səs verməyə çağırıb.
Qalmaqala demokratlarla yanaşı, Respublikaçılar Partiyasının bəzi nümayəndələri də münasibət bildiriblər. Respublikaçı senator Con Kennedi dövlət vəzifəlilərinin öz reklamları üçün büdcə vəsaitlərindən istifadə etməməli olduğunu deyib.
Demokrat konqresmenlər isə Ağ Evin aparat rəhbəri Syuzi Uaylsa məktub göndərərək əvvəlki reklam çarxlarından birinin yayımının dayandırılmasını tələb ediblər. Onlar dövlət vəsaitlərinin təbliğat məqsədilə istifadəsini qadağan edən qanunvericiliyin pozulduğunu iddia edirlər. İctimai maraqları müdafiə edən “Public Citizen” təşkilatı da məsələ ilə bağlı nəzarət qurumlarına şikayət edib.
CNN-in təhlilində diqqət çəkən başqa bir məqam da var. Tramp kommunistlərə qarşı son mübarizəyə çağırdığı bir vaxtda Çinin kommunist lideri Si Cinpini ABŞ-də üçgünlük dövlət səfərində qəbul edib.
Müəllif Stiven Kollinson hesab edir ki, reklam Trampın özünü daim hücumlara məruz qalan və ölkəni yalnız özünün xilas edə biləcəyi mesajını verən lider kimi təqdim etməsinə xidmət edir. Təhlildə videonun Konqres seçkilərinə cəmi beş həftə qalmış yayımlanmasının da təsadüfi olmadığı vurğulanır.
CNN xatırladır ki, demokrat konqresmenlər bu cür reklamları Şimali Koreyadakı dövlət təbliğatı ilə müqayisə ediblər. Ağ Ev isə həmin ittihamları qəbul etmir və əvvəlki prezidentlərin də dövlət vəsaitləri hesabına ictimai maarifləndirmə kampaniyaları apardığını bildirir.
Mübahisənin əsas hüquqi tərəfi hələ açıq qalır: prezidentin iştirakı ilə hazırlanan reklamın dövlət maraqlarına xidmət edən maarifləndirici material, yoxsa büdcədən maliyyələşdirilən siyasi təbliğat olması səlahiyyətli qurumların qiymətləndirməsindən asılıdır.
Musavat.com
15 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ