Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Milli Məclis yay tətilinə çıxıb. Qeyd edək ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil müddətində Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılır.
Maraqlıdır, deputatlar tətili harada keçirir? Deputatlara görə, ölkədaxili otellərin, yoxsa xarici ölkələrdə tur paketlərin qiyməti daha münasibdir?

Deputat Hikmət Babaoğlu məzuniyyətinin bir hissəsini qardaş Türkiyənin Qars şəhərində keçirdiyini bildirib:
"Qars doğulduğum coğrafiyaya bitişik bir bölgədir. Doğulduğum coğrafiyanın təbiəti – otu, bitkisi, çiçəyi, gülü, insanları, məişəti və mətbəxi mənə xüsusi rahatlıq və doğmalıq hissi bəxş edir. Hətta fürsət tapıb Türkiyə sərhədindən kəndimizə də baxdım. Bu, mənim üçün çox fərqli və xoş bir hiss idi. Sonra Yeni Azərbaycan Partiyasının çox fəal şəkildə təşkil etdiyi yay məktəblərində iştirak etdim. İki gün Gəncədə oldum. Orada YAP gəncləri ilə görüşlərimiz oldu. Bu səfər də mənim üçün, əslində, həm iş, həm də istirahət xarakteri daşıyırdı. Önümüzdəki günlərdə isə bir həftə Qarabağa getməyi düşünürəm. İşğaldan azad olunmuş torpaqlarımızı özümün tərtib etdiyim qrafik üzrə ziyarət etmək istəyirəm. Bir gün Laçın, bir gün Ağdərə, bir gün Xocalı, bir gün Xocavənd, bir gün Xankəndi, bir gün Cəbrayıl və nəhayət, mümkün olarsa, yay istirahətimi Kəlbəcərdə başa vurmaq istəyirəm. Xarici turpaketlərlə ümumiyyətlə maraqlanmamışam. Azərbaycandakı turpaketlərlə də bağlı xüsusi araşdırmam və məlumatım yoxdur. Ona görə də bu paketlər haqda konkret fikir söyləyə bilmərəm".

Deputat Ceyhun Məmmədov isə istirahətlə bağlı hələlik planı olmadığını qeyd edib:
"Təəssüf ki, hələlik istirahətlə bağlı konkret planım yoxdur, bu barədə düşünməmişəm. Ola bilsin, hansısa bölgədə bir neçə gün istirahət edim. Bu bölgə, məsələn, Cəbrayıl ola bilər. Amma təəssüflə qeyd etmək lazımdır ki, həm ölkə daxilində, həm də xaricdə istirahət qiymətləri kifayət qədər bahadır. Xüsusilə ölkə daxilindəki otellərin qiymətləri həddindən artıq yüksəkdir. Azərbaycanda qiymətlərin bu qədər yüksək olması normal deyil. Qiymətlər həqiqətən də həddindən artıq bahadır. Düşünürəm ki, daha çox turistin ölkəmizə cəlb olunması və insanların öz ölkəsində rahat şəkildə istirahət edə bilməsi üçün qiymət siyasətinə yenidən baxmaq, bu sahədə müəyyən tənzimləmələr aparmaq lazımdır. Əsas məqsəd istirahətin insanlar üçün daha əlçatan olması və hər kəsin rahat şəkildə bölgələrə gedərək dincələ bilməsidir".

Millət vəkili Azər Allahverənov deyib ki, hələlik istirahət planı yoxdur:
"Hələlik evdəyəm. Heç yerə getmək, hər hansı səfər etmək barədə planım yoxdur. Bununla bağlı daha əvvəl də məlumat vermişdim. Müəyyən gözləntilərim var idi ki, avqust ayında bunu tətil kimi istifadə edim. Amma məndən asılı olmayan səbəblərə görə bu, mümkün olmayıb.
O ki qaldı ölkədaxili otellərin, yoxsa xarici ölkələrə tur paketlərinin qiymət baxımından daha münasib olmasına, düşünürəm ki, bəlkə gələcəkdə bu məsələ ilə bağlı müəyyən qiymətləndirmə aparım. Söhbət builki vəziyyətdən yox, daha çox gələcək üçün aparılacaq müqayisədən gedir.
Məsələ ondadır ki, ölkədaxili turlar və otellərlə xarici ölkələrdəki tur və otellərin qiymətləri arasında, əvvəlki təcrübəyə əsaslanaraq apardığım qiymətləndirmədən belə nəticə çıxmışdı ki, bəzi səbəblərə görə xarici turlar daha əlverişli, daha münasib sayılır. Digər səbəblərə görə isə ölkə daxilindəki turlar daha sərfəli ola bilir.
Burada hər şey şəxsin öz yanaşmasından və gedəcəyi ölkə ilə bağlı münasibətindən asılıdır. Məsələn, söhbət ailəliklə istirahətdən və ya dincəlməkdən gedirsə, belə olduğu təqdirdə, təbii ki, ölkədaxili turlara daha çox üstünlük vermək olar.
Hətta buna tur da deməyək. Fərdi qaydada hansısa məkanla danışıqlar aparmaq, müəyyən gün sayını, nəfər sayını və şərtləri nəzərdən keçirmək, daha sonra qərar vermək mümkündür. Bu baxımdan xarici ölkələrlə bağlı təklif olunan tur paketləri daha sərfəli görünə bilər. Çünki orada bir çox məsələlər elə həmin paket daxilində nəzərdə tutulur və bütün transferlərin də təmin edilməsi mümkün olur.
Ölkə daxilində isə bu məsələlərin daha çox şəxsin öz üzərində qalması əlavə, müəyyən mənada, qayğılar yarada bilir. Yəni sırf iqtisadi cəhətdən ölkədaxili istirahət daha sərfəli olsa belə, qayğı və təşkilati məsələlər baxımından xarici turlara üstünlük vermək mümkündür.
Bir məsələ də var: xarici ölkələrə tur dedikdə, bu, ölkədən-ölkəyə dəyişə bilər. Məsələn, müxtəlif ölkələrin müxtəlif mətbəxləri, müxtəlif tarixi abidələri var. İnsanlar əgər həmin ölkədə həm dincəlmək, həm də oranı gəzmək, görmək istəyirlərsə, bunu ölkənin hüdudları daxilində, yəni Azərbaycanda eyni şəkildə etmək mümkün deyil.
Məsələn, Aralıq dənizi mətbəxini Azərbaycanda hansı istirahət zonası eyni formada təqdim edə bilər? Yaxud digər şəraitləri götürək. Müxtəlif ölkələrdə çox yaxşı dəniz imkanları var. Məsələn, Mərmərə dənizi və digər dənizlərin sahillərində istirahət daha baha görünə bilər, amma onun komfortu da fərqlidir.
Ona görə də burada çox şey şəxsin yanaşmasından asılıdır. Eyni zamanda maddi imkan da mühüm amildir. Gedəcək şəxslərin sayından asılı olaraq məbləğlər dəyişə bilir. Bütün bunları nəzərdən keçirib dərindən öyrənmək üçün burada xüsusi yanaşmaya ehtiyac var. Bu məsələ ilə bağlı müəyyən bir məşvərətin, məsləhətləşmənin aparılması mütləqdir.
Amma söhbət sırf məndən və bu ildən gedirsə, bununla bağlı hər hansı planım yoxdur. Əsasən Bakı şəhərində olmağı planlaşdırıram. Fürsət yaransa, bir-iki günlük bölgələrə səfər etməyimiz də mümkündür. Amma buna dair də hələlik hər hansı konkret plan yoxdur. Sadəcə olaraq belə bir ehtimalım var ki, əgər belə bir fürsət düşsə, mən onu dəyərləndirərəm".
![]()
Deputat Elçin Mirzəbəyli isə deyib ki, yaradıcılıqla məşğuldur: “Xarici ölkələrin tur paketlərini nəzərdən keçirməmişəm. Ölkədaxili turizmə gəldikdə isə bu kifayət qədər geniş və peşəkar dəyərləndirmə tələb edən bir mövzudur".
Xalidə Gəray
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ