İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan SON DƏQİQƏ Naxçıvan açıqlamaları

“Naxçıvanın gələcəyi Azərbaycanın regional nəqliyyat, enerji və iqtisadi strategiyasının mühüm tərkib hissəsi kimi nəzərdən keçirilir. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı verdiyi mesajlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.

Bu fikirləri Musavat.com-a Azərbaycan parlamentinin təmsilçisi Könül Nurullayeva deyib.

9451d0c3-7a33-381f-b578-7e7d75bb731a_1200.jpg (49 KB)

O nəzərə çatdırıb ki, səfər çərçivəsində Naxçıvanın sənaye, enerji, nəqliyyat, sosial və tarixi-mədəni inkişafı ilə bağlı çoxsaylı layihələr təqdim edildi:

“Burada həyata keçirilən layihələrin miqyası göstərir ki, qarşıdakı dövrdə muxtar respublikanın iqtisadi modelində ciddi dəyişikliklər gözlənilir. Naxçıvan Sənaye Parkının yaradılması, yeni sənaye müəssisələrinin qurulması, sosial infrastrukturun yenilənməsi və nəqliyyat imkanlarının genişləndirilməsi bölgənin istehsal və investisiya məkanı kimi formalaşmasına şərait yaradacaq. Bu prosesdə enerji amili də xüsusi yer tutur. 300 meqavat gücündə istilik elektrik stansiyasının, Günəş və su elektrik stansiyalarının layihələri Naxçıvanın enerji təminatını gücləndirməklə yanaşı, gələcəkdə elektrik enerjisinin ixracı üçün də imkanlar yaradır”.

Deputatın fikrincə, burada məqsəd enerji, sənaye, logistika, kənd təsərrüfatı və turizmin bir-birini tamamladığı kompleks iqtisadi sistem yaratmaqdır:

“Naxçıvanın gələcək perspektivlərini müəyyən edən ən mühüm amillərdən biri isə Zəngəzur dəhlizidir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin formalaşması muxtar respublikanın coğrafi məhdudiyyətlərini əhəmiyyətli dərəcədə aradan qaldıracaq. Prezidentin müsahibəsində də Naxçıvan dəmir yolunun bərpası, onun yükdaşıma qabiliyyətinin artırılması və gələcəkdə beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyası məsələləri ön plana çəkildi. Burada mühüm məqam ondan ibarətdir ki, söhbət yalnız Azərbaycan ərazisində nəqliyyat əlaqəsinin bərpasından getmir. Naxçıvanın yerləşdiyi coğrafiya onu Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərinin kəsişmə nöqtələrindən birinə çevirəcək. Dəhlizin tam formalaşması ilə Naxçıvan Türkiyə, Azərbaycan və daha geniş Türk dünyası arasında mühüm bağlantı məkanına çevrilmək potensialına malikdir. Naxçıvanın Türk dünyası üçün əhəmiyyəti yalnız siyasi və mədəni yaxınlıqla ölçülmür. Coğrafi baxımdan Naxçıvan Azərbaycanı Türkiyə ilə birləşdirən mühüm strateji məkanlardan biridir”.

NAKCEVAN.jpg (139 KB)

Könül Nurullayevanın zənnincə, Zəngəzur dəhlizi və Naxçıvanın dəmir yolu infrastrukturu inkişaf etdikcə Orta Asiyadan Xəzər üzərindən Cənubi Qafqaza, Azərbaycandan isə Türkiyə və Avropaya uzanan nəqliyyat zəncirində Naxçıvanın rolu artacaq:

“Bu perspektivdə Naxçıvan tranzit ərazi olmaqla yanaşı logistika, sənaye və xidmətlər mərkəzi funksiyasını yerinə yetirəcəkz. Başqa sözlə, dəhliz Naxçıvan üçün sadəcə yol deyil, yeni iqtisadi inkişaf platformasıdır. Naxçıvan həm də enerji baxımından strateji əhəmiyyət daşıyır. Naxçıvanın Günəş enerjisi potensialının geniş olması burada yüzlərlə meqavat gücündə yeni generasiya imkanlarına şərait yaradır. Bərpaolunan enerji layihələri, enerji saxlanc sistemləri və yeni ötürücü xətlər gələcəkdə Naxçıvanı regional yaşıl enerji məkanlarından birinə çevirəcək. Səfərin diqqətçəkən məqamlarından biri də Naxçıvanın tarixi-mədəni irsinə göstərilən münasibət idi. Möminə xatun türbəsinin bərpası, memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması və digər tarixi obyektlərin qorunması göstərir ki, iqtisadi modernləşmə tarixi kimliyin qorunması ilə paralel aparılır. Bu, Naxçıvanın gələcək inkişaf modelinin mühüm xüsusiyyətidir. Belə ki, söhbət müasir sənaye və nəqliyyat infrastrukturu ilə qədim tarixi-mədəni irsin bir arada inkişaf etdirilməsindən gedir. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti nəticəsində blokadadan çıxan Naxçıvan bölgədə strateji əhəmiyyətli məkan kimi sənaye, ticarət, nəqliyyat və logistika mərkəzinə çevrilir. Naxçıvana qoyulan investisiyalar Azərbaycanın Avrasiya nəqliyyat və enerji xəritəsində daha strateji mövqe tutmasına əlavə töhfə verir”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Avqust 2026

16 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR