Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin fevralda Azərbaycana (və Ermənistana) səfəri diqqətləri onun personasına yönəldib. Yada salaq ki, ABŞ Prezidenti Donald Tramp özü “Truth Social” sosial şəbəkəsinda bu barədə yazıb. Onun sözlərinə görə, Vensin səfəri sülh prosesini daha da irəli aparmağa, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan yolun həyata keçirilməsinə yönəlib. “Yeni Müsavat”ın “Persona” rubrikası bu dəfə də diqqəti ölkəmizə səfər edəcək ABŞ-nin vitse-prezidenti üzərində çəmləyib.
Anası narkomaniyaya görə həbsə düşdü, nənə-babası böyütdü
Ceyms Di Vens 2 avqust 1984-cü ildə ABŞ-nin Ohayo ştatının Middltaun şəhərində anadan olub. Valideynləri o, altı yaşında olarkən boşanıblar. Vensin anası tibb bacısı işləyirdi və reseptlə verilən dərmanlara çıxışı var idi. Bu dərmanlardan istifadə nəticəsində onda narkotik asılılıq yaranmışdı. Vens 12 yaşında olarkən anası həbs edildi və o, ana tərəfdən baba və nənəsinin himayəsinə verildi.
Anasının valideynləri Vensin qəyyumluğunu rəsmiləşdirdikdən sonra gələcək siyasətçi onların soyadını götürərək rəsmi şəkildə Ceyms Devid Vens adını aldı.

Çətinliklərə baxmayaraq, Vens anası ilə yaxşı münasibətlərini qoruyub saxlayıb. ABŞ-də vitse-prezidentliyə namizəd kimi ilk çıxışında o, anası ilə fəxr etdiyini bildirib və onun narkotik asılılığından qurtulmasının 10 illiyini Ağ Evdə qeyd etməyi təklif edib.
Köşə yazarı, bioqrafiya kitabı, katolik...
Vensin atası yeniyetməlik dövründə qısa müddətə oğlu ilə əlaqəni bərpa edib. Vensin sözlərinə görə, atası onun musiqi zövqünü tənqid edib və Black Sabbath, Led Zeppelin və Erik Klepton əvəzinə xristian rokuna qulaq asmağı tövsiyə edib. Daha sonra Vens 2019-cu ildə - 35 yaşında katolik inancını qəbul edib.
Orta məktəbi 2003-cü ildə Middltaun şəhərində bitirdikdən sonra Vens ABŞ Dəniz Piyadaları Korpusunda xidmətə başlayıb. Orduda dörd il xidmət edib, 2005-ci ildə hərbi müxbir kimi İraqa göndərilib. Orada ictimaiyyətlə əlaqələr bölməsində çalışıb. Xidməti başa vurduqdan sonra yaxşı davranışa və Hərbi-Dəniz Qüvvələrində nailiyyətlərə görə medallarla təltif olunub.
Sonradan Ohayo Ştat Universitetinə daxil olub və 2009-cu ildə politologiya və fəlsəfə üzrə bakalavr dərəcəsi alıb. 2013-cü ildə isə Yel Hüquq Məktəbini bitirib.
Hüquq təhsilini başa vurduqdan sonra Vens ABŞ-nin Apelyasiya Məhkəməsinin hakimi Aleks Kozinskinin yanında hüquq katibi kimi çalışıb. Daha sonra nüfuzlu “Sidley Austin LLP” hüquq firmasında vəkil kimi fəaliyyət göstərib.
2015-ci ildə PayPal-ın qurucularından biri olan Piter Tilin həmtəsisçisi olduğu Mithril Capital Management vençur şirkətinə keçib. Til Silikon Vadisində Trampın azsaylı qatı tərəfdarlarından biri idi. Bu şirkətdə Vens qısa müddətdə rəhbər vəzifəyə yüksəlib.
2017-ci ilin əvvəlində Vens AOL-un qurucusu Stiv Keysin yaratdığı “Revolution LLC” vençur şirkətinə tərəfdaş kimi qoşulub. Şirkət Silikon Vadisindən kənarda yerləşən startaplara dəstək verirdi. Elə həmin il Ohayoda narkomaniya, məşğulluq və təhsil problemləri ilə məşğul olan “Our Ohio Reneval” adlı qeyri-kommersiya təşkilatı yaradıb. Təşkilat iki ilə yaxın fəaliyyət göstərdikdən sonra bağlanıb.
2020-ci ildə Vens “The New York Times” üçün köşə yazıları yazıb və televiziya kanallarında siyasi şərhçi kimi çıxış edib.
2016-cı ildə Vens uşaqlıq və yoxsulluq içində böyüməsi haqqında “Hillbilli Elegiyası: böhran şəraitində bir ailənin və mədəniyyətin hekayəsi” adlı xatirə kitabını nəşr etdirib. Kitab ABŞ-də böyük rezonans doğuraraq bestsellerə çevrilib.
2020-ci ildə kitab əsasında Ron Hovardın rejissorluğu ilə eyniadlı film çəkilib. Filmdə Qlen Klouz və Emi Adams baş rolları ifa ediblər.
Siyasi karyera, senator
Yeldə təhsil alarkən Vens respublikaçı senator Bob Şulerin yanında təcrübə keçib, həmçinin senator Con Korninin hüquq katibi olub. 2016-cı ildə Vens Donald Trampı kəskin tənqid edib, onu açıq şəkildə “axmaq” adlandırıb, şəxsi söhbətlərdə isə Hitlerlə müqayisə edib. Mövqeyinin dəyişməsində 2018-ci ildə Trampın Ali Məhkəməyə namizədi Brett Kavano ətrafında yaranan qalmaqalın rol oynadığı bildirilir. Həmin vaxt Vensin həyat yoldaşı Uşa Çulükuri Kavano ilə çalışırdı.
2022-ci ilin martında Vens senatorluq kampaniyasına qoşulub və Ohayodan senator seçilib. Senatda o, bankçılıq, ticarət və yaşlıların problemləri üzrə komitələrin üzvü olub. 2024-cü ilin avqustuna qədər onun təşəbbüslərindən heç biri qanun statusu almayıb.
Ukraynaya qarşı mövqe
Vens Ukraynaya yardıma qarşı çıxaraq, Kiyevin ərazi güzəştlərinə getməli olduğunu, Rusiya ilə danışıqların mümkün və zəruri olduğunu bildirib. Ümumilikdə, Vensin Ukraynadakı münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: o, Kiyevin müəyyən əraziləri güzəştə getməli olacağına, Moskvanın respublikanın neytrallığına və müstəqilliyinə zəmanət verməli olduğuna və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmağın mümkün və zəruri olduğuna inanıb.
Vens Baydeni HƏMAS-a qarşı müharibədə İsrailə kifayət qədər yardım göstərmədiyinə görə tənqid edərək, onun siyasətinin münaqişəni uzatdığını və Yaxın Şərqdə İrana qarşı “vahid cəbhə”nin yaradılmasına mane olduğunu iddia etdi. O, həmçinin Çinə qarşı kifayət qədər sərt siyasət tərəfdarıdır. Vens abort və eyni cinsli nikahlara, eləcə də yetkinlik yaşına çatmayanlar üçün cinsin dəyişdirilməsi prosedurlarının qadağan edilməsinə qarşı çıxır.

Vitse-prezidentliyə namizədliyi, hindu mənşəli xanımı
15 iyul 2024-cü ildə Donald Tramp Vensi rəsmi olaraq vitse-prezidentliyə namizəd elan edib. Analitiklər Trampın bu seçimini çaşqınlıqla qarşılayıblar. Tramp bu seçimi barədə yazıb: “Çox düşündükdən və təhlil etdikdən sonra, eləcə də bir çox istedadlarını nəzərə alaraq, qərara gəldim ki, ABŞ-nin vitse-prezidenti olmaq üçün ən uyğun şəxs Ohayo ştatının senatoru Vensdir”. Donald Tramp vitse-prezidentliyə namizədin tərcümeyi-halını qürurla təsvir edib: “Vens ölkəmizə Dəniz Piyadaları Korpusunda şərəflə xidmət edib, iki ildə Ohayo Dövlət Universitetini və Yel Hüquq Məktəbini əla qiymətlərlə bitirib. Seçki kampaniya zamanı Vens Trampın oğlunun və İlon Maskın dəstəyini qazanıb. Donald Trampa qarşı sui-qəsd cəhdindən sonra hər iki partiya gərginliyi azaltmağa çalışarkən, Vens X sosial media platformasında Baydeni "Trampı nəyin bahasına olursa-olsun dayandırmaq istəyən avtoritar faşist" adlandırıb.

Vens vitse-prezidentliyə namizədliyi elan edildikdən sonra, onun vaxtilə sosial şəbəkələrdə yazdığı şərhlər yenidən gündəmə gəlib və təkcə Demokratların deyil, həm də partiya yoldaşlarının tənqidlərinə səbəb oldu. Vensin üzərində çəkic və oraq olan qırmızı köynək geyindiyi və “SSRİ” yazısı olduğu köynəkdə şəkli də xeyli suallar doğurmuşdu. 5 noyabr 2024-cü ildə keçirilən prezident seçkisində Donald Tramp qalib gəlib. 20 yanvar 2025-ci ildə Cey Di Vens and içərək ABŞ-nin vitse-prezidenti olub.
Vens evlidir, üç övladı var. Həyat yoldaşı hindu mənşəli amerikalı Uşa Çulükuridir. Onlar 2014-cü ildə Kentukkidə evləniblər.
“Yeni Müsavat” xarici siyasət şöbəsi
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ