Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin sabiq xüsusi prokuroru Cek Smit bu gün Konqresin Nümayəndələr Palatasının Ədliyyə Komitəsində ilk dəfə açıq şəkildə ifadə verəcək. İndiyədək fəaliyyəti əsasən qapalı şəkildə aparılan və mediada nadir hallarda görünən Smitin çıxışı Vaşinqtonda ən çox izlənilən siyasi hadisələrdən biri kimi qiymətləndirilir.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.
Qeyd edək ki, Cek Smit ABŞ-də təcrübəli prokuror kimi tanınır. O, daha əvvəl Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsində, həmçinin ABŞ Ədliyyə Nazirliyində yüksək vəzifələrdə çalışıb. 2022-ci ildə Donald Trampa qarşı istintaqa rəhbərlik etmək üçün xüsusi prokuror təyin olunub və həmin prosesin əsas fiqurlarından biri hesab edilir.
Məlumata görə, Smit dinləmə zamanı Donald Trampa qarşı irəli sürülmüş ittihamların əsaslarını, toplanmış sübutları və istintaqın gedişini ictimaiyyətə açıqlayacaq. O, daha əvvəl qapalı iclaslarda bildirdiyi mövqeni təsdiqləyərək, 2020-ci il prezident seçkilərinin nəticələrini dəyişməyə yönəlmiş fəaliyyətlərə görə Trampın məhkəmə qarşısına çıxarılmalı olduğunu düşünür.
Smitin çıxışında toplanmış sübutların Trampın qanunları bilərəkdən pozduğunu və and içərək üzərinə götürdüyü öhdəliklərə zidd davrandığını göstərir. Onun sözlərinə görə, bu iş üzrə ittiham irəli sürməmək prokuror və dövlət qulluqçusu kimi vəzifələrindən yayınmaq anlamına gələrdi.
Xüsusi prokurorun söylədiyinə görə, onun qərarları Trampın siyasi mövqeyindən, fəaliyyətdən və ya seçkilərdə iştirakından asılı olmayaraq qəbul edilib. O, istənilən siyasi mənsubiyyətə malik keçmiş prezidentə qarşı da eyni şəraitdə oxşar addım atmağa hazır olduğunu bildirir.
Xatırladaq ki, Tramp 2024-cü ildə yenidən prezident seçildiyi üçün ABŞ Ədliyyə Nazirliyinin qaydalarına əsasən, fəaliyyətdə olan prezidentə qarşı cinayət işi aparılması mümkün deyil. Bu səbəbdən Smit seçki nəticələrinin saxtalaşdırılması ilə bağlı işi dayandırmağa məcbur olub. Bununla yanaşı, o, Trampa qarşı Mar-a-Laqo iqamətgahında məxfi sənədlərin qeyri-qanuni saxlanması ilə bağlı da araşdırma aparıb.
Smit ifadəsində həmin sənədlərin təhlükəsiz olmayan yerlərdə, o cümlədən hamam otaqlarında və tədbirlərin keçirildiyi zallarda saxlanıldığını, bu müddətdə minlərlə insanın həmin məkana daxil olduğunu da açıqlayacaq.
Demokratlar dinləməni Trampın 2020-ci ildə hakimiyyətin dinc yolla ötürülməsinə mane olmaq cəhdlərini ətraflı şəkildə ictimaiyyətə çatdırmaq üçün mühüm fürsət kimi qiymətləndirirlər. Onların fikrincə, Smit bu çıxışla Trampın qanunsuz fəaliyyətlərini sübutlarla ortaya qoyacaq.
Respublikaçılar isə xüsusi prokuroru siyasi qərəzdə ittiham edir və onun səlahiyyətlərini aşdığını iddia edirlər. Xüsusilə ötən il istintaq çərçivəsində bəzi senatorların telefon məlumatlarının gizli şəkildə əldə edilməsi partiya daxilində narazılıq doğurmuşdu. Respublikaçı liderlər Smitin bu məsələlərə də cavab verməli olduğunu bildirirlər.
Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cim Cordan əvvəlcə Smitin yalnız qapalı iclasda ifadə verməsinə razılıq versə də, sonradan açıq dinləməyə qərar verib. Onun sözlərinə görə, məqsəd Konqres üzvlərinə sual vermək imkanı yaratmaq və ictimaiyyətin prosesi birbaşa izləməsini təmin etməkdir.
Dinləmənin gərgin və uzun sürəcəyi gözlənilir. Respublikaçı deputatların Smiti Trampa qarşı siyasi kampaniya aparmaqda ittiham edəcəyi, demokratların isə onu müdafiə edəcəyi ehtimal olunur.
Musavat.com
14 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ