İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, sadəcə bir sənəd deyil...”  

“Prezident İlham Əliyevin Özbəkistana sayca 3-cü dövlət səfəri strateji müttəfiqliyin daha da dərinləşdirilməsi baxımından tarixi əhəmiyyət daşıyır. Daşkənddə keçirilən Azərbaycan–Özbəkistan Ali Dövlətlərarası Şuranın III iclası iki ölkə arasında strateji müttəfiqliyin institusional və praktiki baxımdan yeni mərhələyə keçidini təsdiqlədi. İclasın yekununda Şuranın III iclasının Qərarının dövlət başçıları tərəfindən imzalanması ilə yanaşı, çoxsaylı yeni sənədlərin qəbul edilməsi də bunu göstərir”.

Bu fikirlərlə Musavat.com-da Milli Məclisin deputatı Könül Nurullayeva çıxış edib.
O diqqətə çatdırıb ki, bu qərarın başlıca xüsusiyyəti ondan ibarətdir ki, sənəddə iki ölkə münasibətlərinin həm mövcud vəziyyəti qiymətləndirilir, həm də qarşıdakı dövr üçün konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilir: “Dövlət başçılarının “ənənəvi qarşılıqlı anlaşma və yüksək etimad mühitində” məhsuldar danışıqlar apardıqlarının qeyd edilməsi Azərbaycan-Özbəkistan əlaqələrinin siyasi təməlində yüksək qarşılıqlı etimadın dayandığını göstərir. Daşkənddə keçirilən qarşılıqlı təltifolunma mərasimi isə iki ölkə arasında münasibətlərin dərinliyini və xüsusi xarakterini nümayiş etdirdi. Prezident İlham Əliyev və Şavkat Mirziyoyevin ali dövlət təltifləri ilə mükafatlandırılması onların şəxsi xidmətlərinə verilən qiymətlə yanaşı, Azərbaycan və Özbəkistan xalqları arasında əbədi dostluq və qardaşlıq münasibətlərinə dövlət səviyyəsində verilən yüksək qiymətin rəmzidir”.
Deputatlığa namizəd Könül Nurullayeva kimdir?

Deputatın sözlərinə görə, Dövlət başçılarının çıxışlarından aydın görünür ki, ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması, milyardlarla dollar həcmində qarşılıqlı investisiyalar, sənaye kooperasiyası, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm və digər sahələrdə birgə layihələr münasibətlərin real iqtisadi dayaqlarını formalaşdırır: “Bu baxımdan Prezident İlham Əliyevin “Birgə investisiyalar milyardlarla dollar təşkil edəcək. Bunlar artıq planlar deyil, konkret layihələr, konkret müqavilələr və bizim konkret investisiya təşəbbüslərimizdir” fikri göstərir ki, münasibətlər artıq siyasi bəyanatlardan konkret nəticələr mərhələsinə keçib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səfəri “mübahisəsiz tarixi əhəmiyyət” daşıyan hadisə kimi qiymətləndirməsi isə təsadüfi deyil. Çünki səfər çərçivəsində Əbədi dostluq haqqında Müqavilənin imzalanması iki ölkə arasında münasibətlərin hüquqi-siyasi və mənəvi əsaslarını daha da möhkəmləndirir. Mirziyoyevin “Bu, sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq istiqamətində birgə istəyimizin əksidir” fikri bu sənədin strateji əhəmiyyətini aydın ifadə edir”.

Parlamentari onu da xüsusi vurğuladı ki, səfərin mühüm nəticələrindən biri də iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsidir: “Sənaye kooperasiyası, energetika, geologiya, kimya, tikinti, maliyyə, kənd təsərrüfatı və digər sahələr üzrə formalaşdırılan layihələr portfeli münasibətlərin həm də real iqtisadi dayaqlara söykəndiyini göstərir. Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “bu gün biz artıq perspektivdən danışırıq” ifadəsi də xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycan-Özbəkistan münasibətləri artıq əldə edilmiş nəticələrin qorunması mərhələsini keçərək uzunmüddətli və böyükmiqyaslı layihələrin həyata keçirilməsi mərhələsinə daxil olub. Cənab Prezidentin də söylədiyi kimi, bu gün iki ölkə arasında münasibətlər “çox möhkəm – həm mənəvi, həm də maddi təməl üzərində qurulub”. Bu, ikitərəfli münasibətlərin mənəvi yaxınlıqla iqtisadi-praktik maraqların vəhdətini ifadə edir.
Dövlət səfərinin digər bir mühüm aspekti Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələrin daha da dərinləşməsidir. Prezident İlham Əliyevin “Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur” fikri də bunu təsdiqləyir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması isə bu prosesin institusional əsaslarını daha da gücləndirib.
Bu baxımdan Bakı-Daşkənd əməkdaşlığı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat, enerji, ticarət və investisiya əlaqələrinin genişləndirilməsində mühüm həlqəyə çevrilir. Trans-Xəzər dəhlizinin inkişafı, Xəzər dənizində birgə donanmanın yaradılması üzrə işlərin sürətləndirilməsi və logistika infrastrukturunun təkmilləşdirilməsi daha geniş regional bağlantı proseslərinə xidmət edir”.

K.Nurullayeva onu da bildirdi ki, səfər çərçivəsində humanitar və mədəni sahədə də mühüm addımlar atıldı: “Belə ki, Daşkənddə Nizami Gəncəvi adına Pedaqoji Universitetin yeni binasının açılması, “Yeni Daşkənd”də Azərbaycan parkının yaradılmasına başlanılması, Nizami Gəncəvi və Əlişir Nəvainin irsinə həsr olunmuş birgə bədii filmin hazırlanması xalqlarımızı birləşdirən ortaq mədəni-tarixi bağların dövlət siyasəti səviyyəsində yeni layihələrə çevrildiyini göstərir. Mövcud mənəvi baza Azərbaycan–Özbəkistan əlaqələrini sırf diplomatik və iqtisadi tərəfdaşlıqdan daha üstün səviyyəyə – strateji və qardaşlıq münasibətləri səviyyəsinə yüksəldir. Qarabağ məsələsində Özbəkistanın Azərbaycana göstərdiyi dəstək isə bu qardaşlığın konkret nümunəsidir. Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, Qarabağın bərpasına ilk yardım göstərən ölkələrdən biri Özbəkistan olub. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması iki ölkə arasındakı münasibətlərin real həmrəyliyə əsaslandığını nümayiş etdirir.

Səfərin daha bir mühüm nəticəsi gələcək nəsilləri əhatə edən əməkdaşlıq platformalarının formalaşdırılmasıdır. Gələn il Azərbaycan və Özbəkistanın gənclər arasında futbol üzrə dünya çempionatına birgə ev sahibliyi etməsi və bunun çərçivəsində “İki ölkə – bir çempionat” dövlət proqramının həyata keçirilməsinin nəzərdə tutulması xalqlar arasında əlaqələrin idman, gənclər və ictimai diplomatiya vasitəsilə daha da möhkəmləndirilməsinə xidmət edəcək.
Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərində yeni strateji mərhələnin başlanğıcıdır. Beləliklə, Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi, nəqliyyat və geosiyasi bağlantıların formalaşmasında getdikcə daha böyük rol oynayacaq”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR