Onlayn ictimai-siyasi qəzet
Avropada davam edən güclü istilər və uzunmüddətli quraqlıq kənd təsərrüfatında ciddi problemlərə səbəb olub. Fransa, İtaliya və İspaniyada tərəvəz, taxıl, süd və digər kənd təsərrüfatı məhsullarının istehsalında nəzərəçarpacaq azalma qeydə alınıb.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, iqlim dəyişikliyi və güclü El-Nino təsiri fonunda temperaturun bəzi bölgələrdə 30-35 dərəcəni keçməsi, yağıntıların azalması və isti küləklər əkin sahələrinə mənfi təsir göstərib.
Fransada vəziyyət xüsusilə narahatedicidir. Məlumata görə, balqabaq istehsalı 25 faiz, kahı 35 faiz, noxud 40 faiz, brokoli isə 60 faiz azalıb. Ənginar istehsalında isə itkilərin 50-100 faizə çatdığı bildirilir.
Ölkənin qarğıdalı istehsalının da 2025-ci illə müqayisədə 35 faiz azalaraq təxminən 9 milyon tona düşəcəyi proqnozlaşdırılır. Bu, 1980-ci ildən bəri ən aşağı göstəricilərdən biri ola bilər. Süd istehsalının 10-15 faiz azaldığı, qışlıq yem üçün saman istehsalının isə uzunmüddətli orta göstəricidən 30 faiz aşağı olduğu bildirilir.
İtaliyada da kənd təsərrüfatı sahələrinin təxminən 60 faizinin müxtəlif səviyyələrdə quraqlıqdan təsirləndiyi açıqlanıb. Qarğıdalı, düyü, soya, meyvə və tərəvəz istehsalında ciddi itkilər qeydə alınarkən, süd istehsalı 20 faiz azalıb. Quraqlıqla yanaşı, meşə yanğınları və güclü fırtınaların yaratdığı zərərin ümumi dəyərinin 3 milyard avronu keçdiyi bildirilir.
İspaniyada da taxıl istehsalı bəzi bölgələrdə 24-49 faiz arasında azalıb. Qoyun südü istehsalı 6,5 faiz, keçi südü istehsalı isə 10,8 faiz aşağı düşüb. Üzüm bağlarında yüksək temperatur və nəmlik çatışmazlığının məhsuldarlığa mənfi təsir göstərəcəyi, 2026-cı ildə şərab istehsalının təxminən 20 faiz azalmasının mümkün olduğu bildirilir.
Mütəxəssislər bildirirlər ki, isti hava dalğaları və quraqlığın davam etməsi ərzaq istehsalına təzyiqi artırmaqla yanaşı, su ehtiyatlarının azalmasına və kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksəlməsinə də səbəb ola bilər.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ