Onlayn ictimai-siyasi qəzet
İsrailin xarici işlər naziri Gideon Saar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki, ötən il Qüdsdə səfərdə ikən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iqtisadi əlaqələrin genişləndirilməsinə və bu əlaqələrin növbəti mərhələyə çıxarılmasına xüsusi diqqət yetirib.
XİN rəhbəri bu səbəbdən Azərbaycana böyük nümayəndə heyəti ilə gəldiyini bildirib: “Mənimlə bərabər iqtisadi təşkilatları-kibertəhlükəsizlik, kənd təsərüfatı, səhiyyə və digər sahələri təmsil edən 40 biznesmen gəlib. Biz Azərbaycana investisiya yatırmaq, o cümlədən biliyimizi və təcrübəmizi sizinlə bölüşmək istəyirik” deyə, o vurğulayıb.
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a açıqlamasında qeyd edib ki, İsrail-Azərbaycan münasibətləri təkcə siyasi yox, praktik iqtisadi mərhələyə keçməkdədir:
“Bu baxımdan ölkələrimiz arasında iqtisadi əlaqələrin günü-gündən dərinləşdiyini deyə bilərik. Hazırda Azərbaycanda İsrail investisiyalı 130 kommersiya qurumu fəaliyyət göstərir və qarşılıqlı investisiyaların dəyəri təxminən 600 milyon dollardır. Cari ildə Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi isə 78 milyon dollar olub. Yanvar-noyabr aylarında Azərbaycanın İsrailə qeyri-neft ixracı 27 faiz, 2024-cü ilin eyni dövründəki 16 milyon dollardan təxminən 20,3 milyon dollaradək artıb. İsrailin xarici işlər naziri Gideon Saara ölkəmizə 40-dan çox biznes adamının iştirak etdiyi nümayəndə heyəti ilə gəlib və birgə biznes forumu keçirilib. Biznes forumda qarşılıqlı investisyaların qoyulması və iqtisadi əməkdaşlığın genişləndirilməsi potensialı müzakirə olunub. Ölkəmizin investisiya mühiti xarici sərmayədarlar üçün cəlbedicidir. Belə ki, ölkəmizdəki siyasi-iqtisadi sabitlik, qanunlarımızda nəzərdə tutulan güzəştlər və investisiya imkanları İsrail bisnes strukturlarının da marağındadır”.
Deputatın fikrincə, İsrailin üstün olduğu və Azərbaycan üçün real dəyər yaradan sahələrdən aqrotexnologiyalar, su mühiti və su texnologiyaları, kibertəhlükəsizlik və rəqəmsal həllər, müdafiə sənayesi və ikili təyinatlı texnologiyalar, bərpaolunan enerji sektoru və.s qeyd etmək olar: “Bu sahələr Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aktual olduğundan İsrail şirkətləri üçün investisiya qoyulması üçün aktualdır. İşğaldan azad olunmuş ərazilərdə tətbiq olunmuş güzəştlər xarici investorlar, o cümlədən İsrail investorları üçün də maraqlıdır. Hesab edirəm ki, yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərdə İsrail kapitalı ilə investisiyaların da axının olduğunu müşahidə edəcəyik”.
Nigar Həsənli,
Musavat.com
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ