Onlayn ictimai-siyasi qəzet
Britaniya və Azərbaycan vətəndaşlığı olan 44 yaşlı Rəşad Sultanov Kiprdə yerləşən Britaniyanın strateji RAF Akrotiri hərbi bazası ilə bağlı casusluqda ittiham olunur.
Musavat.com xəbər verir ki, London onun Britaniyaya ekstradisiyasını tələb edir. Londonda yaşayan və taksi sürücüsü işlədiyi bildirilən Sultanovun işi Britaniyanın Milli Təhlükəsizlik Aktı çərçivəsində ölkə xaricində aparılan ilk belə işlərdən biri kimi diqqət çəkir.
Britaniya hüquq-mühafizə orqanlarının ittihamına görə, Rəşad Sultanov 2025-ci il mayın 11-dən iyunun 22-dək Kiprdəki RAF Akrotiri bazası ətrafında hərbi fəaliyyəti izləyib. İstintaq onun bazada baş verənləri müşahidə etdiyini və əldə etdiyi məlumatları İran İslam İnqilabı Keşikçiləri Korpusuna – SEPAH-a ötürdüyünü hesab edir.
RAF Akrotiri Britaniyanın Yaxın Şərqdəki ən mühüm hərbi obyektlərindən biridir. Kiprdə yerləşən baza Britaniyanın regiondakı hərbi əməliyyatlarında, o cümlədən döyüş və kəşfiyyat uçuşlarında mühüm rol oynayır.
Sultanov 2025-ci ildə Kipr hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Britaniyanın rəsmi ekstradisiya tələbindən sonra isə o, 17 iyul 2026-cı ildə yenidən həbs edilib.
Hazırda azərbaycanlı taksi sürücüsünün Britaniyaya təhvil verilib-verilməyəcəyinə Kipr məhkəməsi qərar verməlidir. Sultanov isə ekstradisiyaya qarşı hüquqi mübarizə aparır.
Məsələ Britaniya üçün presedent xarakteri daşıyır. Britaniya təhlükəsizlik orqanları Milli Təhlükəsizlik Aktından istifadə edərək ilk dəfə xaricdə saxlanılan şəxsin bu cür ittihamlarla ölkəyə ekstradisiyasına nail olmağa çalışırlar.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ