İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir son kartlarını işə saldı - katolikos üçün əcəl zəngi çalınır

Baş nazir Nikol Paşinyan ermənilərin katolikosu II Qaregini tamamilə sıradan çıxarmaq üçün yekun proseslərə start verib. Onun çağırışı ilə artıq İrəvanda katolikosa qarşı etiraz aksiyası keçirilib və onun istefası tələb olunub.

Musavat.com xəbər verir ki, aksiyalara birbaşa səbəb Paşinyanın son açıqlaması olub. Hökumət başçısı ictimai çıxışında katolikosun subaylıq andını pozduğunu, onun övladının olduğunu iddia edib. Bu bəyanat cəmiyyətdə ciddi rezonans doğurub və kütləvi narazılığa yol açıb.

Paşinyan II Qarageni tamamilə səhnədən silə biləcəkmi?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu saytımıza açıqlamasında bildirib ki, bütün ermənilərin katolikosu II Qaregin Paşinyan hökuməti və ümumilikdə Ermənistan dövlətçiliyi üçün təhdiddir.

Onun fikrincə, bu səbəbdən də Paşinyan onun zərərsizləşdirilməsində prinsipial mövqe tutub: “Bəllidir ki, Ermənistanı uçuruma aparan “Böyük Ermənistan” ideologiyasının əsas qüvvəsi kilsədir. Reallaşması heç bir zaman mümkün olmayacaq xəstə ideloji düşüncənin Ermənistan cəmiyyətində güclənməsi, bütövlükdə Ermənistan dövlətinin kənar güclərin vassalına çevrilməsinə şərait yaradır. Yəni, Ermənistanın potensialını aşan siyasi xəttin davam etdirilməsi üçün kənar dəstəyə daimi ehtiyac duyulur. Bu da Ermənistanın müstəqilliyini əlindən alır, necə ki, indiyə qədər İrəvan bunun acısını yaşayır. Vətən müharibəsindən sonra Paşinyan Ermənistanı məhvə aparan utopik yanaşmalardan əl çəkmək və real siyasi xətti gücləndirməklə Ermənistanın xilasına yönəlik addımlar atmağa başladı. Bunun nəticəsində “real Ermənistan” konsepsiyası irəli sürüldü. Bu siyasi xətt isə kilsə və lobbinin varlığını və onun Ermənistan siyasətinə hakim mövqeyini şərtləndirən “Böyük Ermənistan” ideologiyasının çöküşü deməkdir. Ona görə də Kilsə Paşinyanın bu yanaşmasını özünə təhdid kimi dəyərləndirdiyindən hər vəchlə, xüsusilə Rusiya ilə pərdəarxası razılığa gedərək onun devrilməsinə çalışır”.

Əli Zülfüqaroğlu hesab edir ki, hazırda kilsəyə Rusiya tərəfindən dəstək verilməsi şübhəsizdir: “Kilsə vasitəsilə hökuməti gözdən salmağa yönəlik propaqandanın aparılması bu il baş tutacaq parlament seçkilərinə qədər revanşistlərin güclənməsinə xidmət edir. Bunun nəticəsidir ki, Ermənistan mediasında cəmiyyətə yönəlik qarşılıqlı ittihamlar yer alır. Amma, istənilən halda Paşinyan güclü tərəfdir və hesab edirəm ki, kilsənin neytrallaşdırılmasına böyük ölçüdə nail olacaq. Əgər II Qaregin seçki yolu ilə vəzifəsindən getməyə məcbur qalmasa, o zaman, hökumət kütləvi ictimai etirazlar vasitəsilə buna nail olmağa çalışacaq. Hazırda bu variantın işə düşdüyünü müşahidə edirik. Bununla da Paşinyan məqsədinə çata bilməsə o zaman katalikosa qarşı qanun çərçivəsində addımlar atıla bilər. Hökumətin əlində onunla əlaqəli cinayət, yaxud hansısa dövlətlə işbirliyində olması ilə bağlı faktların olması ehtimalı yüksəkdir. Paşinyan açıqlamalarında bu mesajı verib. Digər tərəfdən II Qareginin Paşinyan tərəfindən “subaylıq andını” pozmasında ittiham edilməsi mənzərəni daha da aydınlaşdırır. Hesab edirəm ki, Paşinyanın əlində məqsədinə nail olması üçün kifayət qədər kartlar var”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR