Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Bakıda "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq vizyon" panel müzakirələri keçirilir.
Musavat.com-un məlumatına görə, tədbirdə Türkiyədən gəlmiş rəsmi şəxslər, diplomatlar, Milli Məclis üzvləri, ekspertlər, media nümayəndələri iştirak edir.
Qazaxıstandan sonra Azərbaycanda keçirilən müzakirələr 30 oktyabrda Türkiyənin paytaxtı Ankarada baş tutacaq Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısına hazırlıq məqsədi daşıyır.
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi çıxışında deyib ki, TDT artıq regional və qlobal miqyasda mühüm bir aktora çevrilmək yolundadır. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə artıq "bir millət, iki dövlət" ifadəsini aşaraq Azərbaycanın ikinci vətən olmadığını göstərir.
"Bura gəldiyimiz zaman Türkiyənin hər hansı bir şəhərindəymiş kimi və ya Ankaradaymış kimi hiss edirik", - o vurğulayıb.
Pirinççi qeyd edib ki, Türk dünyasının mühüm mərkəzlərindən biri olan Bakıda "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq vizyon" mövzusunda panel reallaşdırmaq xüsusilə əhəmiyyətlidir.
"Əslində, bu panel silsiləsi Qazaxıstanda başlayıb Bakıda davam edən və bundan sonra digər Türk Dövlətləri Təşkilatı üzvlərində də davam edəcək bir layihədir. Panel silsiləsinin əsas məqsədi həm dialoqu gücləndirmək, həm də 29-30 oktyabr tarixlərində Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatı Sammiti ərəfəsində gözəl bir bünövrənin formalaşmasını təmin etməkdir", - o deyib.
Ferhat Pirinççi əlavə edib:
"Türk Dövlətləri Təşkilatı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarından birinə çevrilib. Bu təşkilat həm də regional və qlobal miqyasda mühüm bir aktora çevrilmək yolundadır. Üzv ölkələrin başda əməkdaşlıq, koordinasiya, ticarət, iqtisadiyyat və təhlükəsizlik olmaqla bir çox sahədə nə qədər dərin iş birliyi qura biləcəyinin əyani sübutudur. Ona görə də bu gün əldə etdiyimiz nəticə əslində son hədd deyil, potensialımızın yalnız bir hissəsinin reallaşmasıdır. Əsas məsələ - başda Türk Dövlətləri Təşkilatının "2040 Vizyonu" olmaqla - bundan sonrakı zamanda bu potensialı maksimum dərəcədə həyata keçirmək və bunu edərkən hər birimizin üzərinə düşən zəhməti göstərməkdir".
Elşad Paşasoy,
Musavat.com
15 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ