Onlayn ictimai-siyasi qəzet
Bakı Metropolitenində yeni dəyişikliklər olacaq. Belə ki, Prezident İlham Əliyev "Bakı Metropoliteni" ilə bağlı fərmana dəyişiklik edib. Yeni qərara əsasən, Metropolitenin fəaliyyəti təkcə metro ilə məhdudlaşmayacaq. Qurum sərnişin kanat yolları ilə bağlı xidmətlərin təşkilində də iştirak edəcək.
Burada məqsəd sərnişindaşıma xidmətlərini daha keyfiyyətli və təhlükəsiz etmək, ödəniş sistemlərində rəqəmsal və innovativ həllər tətbiq etməkdir. Eyni zamanda kanat yollarının layihələndirilməsi və tikintisi, maddi-texniki bazanın yenilənməsi və bütün bu xidmətlərin vahid mərkəzdən idarə olunması nəzərdə tutulur.
Bakıda sərnişin kanat yollarının tətbiqi hansı ərazilərdə daha səmərəli ola bilər, bu nəqliyyat növü metro və avtobusların yükünü real olaraq azalda bilərmi?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Musavat.com-a danışıb.

Ekspert qeyd edib ki, kanat yollarının tətbiqi üçün ərazinin relyefi və sərnişin tələbatı əsas meyarlardan olmalıdır:
"Fikrimcə, bu kanat yolları Bakıda, xüsusən relyefi bir qədər mürəkkəb olan, yüksəklikdə yerləşən, ictimai nəqliyyata çıxışı çətin olan ərazilərdə daha səmərəli ola bilər. Biz adətən hündür ərazilər deyəndə Bayıl, Badamdar, Dağüstü Park kimi istiqamətləri ağlımıza gətiririk. Amma başqa ərazilər də ola bilər. Harada ki, qeyd olunan kriteriyalar, tələb varsa, həmin ərazilərdə kanat yollarından istifadə etmək mümkündür. Yəni söhbət burada ictimai nəqliyyatın - metro, avtobus seqmentlərinin - bu kanat yolu ilə düzgün əlaqələndirilməsindən gedir. Həm də burada marşrut seçilərkən sərnişin axını, digər nəqliyyat vasitələri ilə bağlantı əsas meyarlardan biri olmalıdır".
Eldəniz Cəfərovun fikrincə, kanat yollarının tətbiqinin metro və avtobusların yükünü kəskin şəkildə azaldacağını demək düzgün olmaz:
"Burada kəskin azalmadan danışa bilmərik. Bu, sadəcə, ictimai nəqliyyatın şaxələndirilməsidir. Əgər bu kanat yolunun da ictimai nəqliyyatın fəaliyyətinə müsbət təsiri olacaqsa və ictimai nəqliyyat kimi fəaliyyət göstərəcəksə, daha yaxşı olar. Kanat yolu metro və avtobusu əvəz etməyəcək. Yəni onları bir növ tamamlayacaq, uzlaşdıracaq. Düzgün marşrut seçilsə, metro, avtobus, elə taksi də inteqrasiya olunsa, sərnişinlərin ictimai nəqliyyata çıxışı daha da asanlaşacaq. Məsələn, xüsusən də digər nəqliyyat vasitələrinin getmədiyi ərazilərdə həmin kanat yolu ilə təşkil olunmuş nəqliyyat xidmətinin göstərilməsi mümkün ola bilər".
Xalidə Gəray
Musavat.com
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ