İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Xankəndi ətrafında "qırmızı cizgilər"ni çəkdi: Həbs ediləcək erməni terrorçuların siyahısı da məlumdur

Xankəndi və ətraf bölgədən gələn məlumatlara görə, erməni separatçı-terrorçular çaşqınlıq və qorxu içərisindədir, vaxtilə "meydan oxumağa" çalışırdılar, indi yalnız özlərini xilas etmək barədə düşünürlər... Əvvəllər sərbəst şəkildə Ermənistana gedib-gəldikləri Laçın yolu indi erməni separatçı-terrorçuları yalnız Azərbaycan həbsxanalarına apara bilər...

Azərbaycan Xankəndi və ətraf bölgənin reinteqrasiya prosesini yekunlaşdırmaq istiqamətində həlledici addımı artıq atıb. Bu, "erməni layihəsi"nin likvidasiya prosesinin son mərhələsinə keçid anlamı daşıyır. Erməni separatçı-terrorçuların sonuna sayılı günlər qalıb. Və hazırda baş verənlər prosesin artıq geriyədönməz xarakter daşıdığını birmənalı şəkildə təsdiqləyir.

Məsələ ondadır ki, Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçuların güvənə biləcəyi elə bir ciddi ünvan da artıq qalmayıb. ABŞ və Qərb Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında birbaşa maraqlıdır. Rusiya prosesi pozmağa çalışsa da, Azərbaycanla münasibətləri korlamaq, "körpələri yandırmaq" istəmir. Fransa rəsmi Bakı tərəfdən Cənubi Qafqaza buraxılmır. Ermənistan isə indi daha çox öz mövcudluğunu qorumaq barədə düşünmək məcburiyyətində qalıb.

Belə anlaşılır ki, indi Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçuların gələcək taleyi yalnız Azərbaycan dövlətinin siyasi iradəsindən birbaşa asılı vəziyyətə düşüb. Rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmaqla, erməni separatçı-terrorçuların sərbəst hərəkət imkanlarını tam şəkildə bloklayıb. Yəni, rəsmi Bakı Laçın yoluna tam nəzarət etməklə, Xankəndidə "düşərgə salan" silahlı erməni terrorçuların gələcək taleyini artıq müəyyən edib.

lacin-kecid.jpg (59 KB)

Maraqlıdır ki, Xankəndi və ətraf bölgədən gələn məlumatlar erməni separatçı-terrorçuların çaşqınlıq və qorxu içərisində olduğunu təsdiqləyir. Bir müddət öncəyə qədər rəsmi Bakıya "meydan oxumağa" çalışan erməni terrorçular indi yalnız özlərini xilas etmək barədə düşünmək məcburiyyətində qalıblar. Azərbaycan isə onların yeganə xilas yolunu artıq nəzarətə götürüb. "Meydan oxumağa" vaxt itirdiklərindən qaçmağa da imkan tapmayıblar. Halbuki, uydurma xəyallardan ayılıb, bölgədə baş verənləri diqqətə alsaydılar, qaçmağın vacib olduğunu anlamaqda çətinlik çəkməzdilər.

Ancaq indi çox gecdir, daha qaça bilməyəcəklər. Azərbaycan onların qaça biləcəkləri yeganə yolu nəzarət altına alıb. Əvvəllər sərbəst şəkildə Ermənistana gedib-gəldikləri o yol indi erməni separatçı-terrorçuları yalnız Azərbaycan həbsxanalarına apara bilər. Son bir ümidlə yenə də beynəlxalq qurumlara yalvarmağa başlayıblar. Və bunun nə qədər absurd olduğunu isə hələ də anlamırlar.

Məsələ ondadır ki, Xankəndi və ətraf bölgə beynəlxalq hüquq normalarına görə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması da Azərbaycanın suveren hüququdur. Buna heç bir beynəlxalq qurum etiraz və ya müdaxilə edə bilməz. Azərbaycan ərazisində qeyri-qanuni olan isə yalnız erməni separatçı-terrorçulardır. Və rəsmi Bakı da bu qeyri-qanuniliyi məhz Azərbaycan qanunları çərçivəsində həll etməyə başlayıb.

Ona görə də, Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçular isterik durumdadırlar. Nə edəcəklərini demək olar ki, bilmirlər. Erməni separatçı-terrorçuların rəhbəri Araik Arutyunyanın indi öz canının dərdinə düşüb. Xankəndidən gələn məlumatlara görə, "prezident"liyi təhvil verib, aradan çıxmağa çalışır. Xankəndi və ətraf bölgənin "parlament" tərəfindən "idarə edilməsi" barədə təşəbbüslər göstərir. Və bu, əslində, "Araikin qaçış planı"nın olduğunu təsdiqləyir.

------------------1-6-1024x672.jpg (114 KB)

Ancaq Araik Arutyunyanın "qaçış planı" çətin ki, baş tutsun. Araik də, onun terrorçu ətrafı da Azərbaycan qanunvericiliyinə görə hərbi cinayətkarlardır. Onlar yaxın vaxtlarda həbs edilərək, törətdikləri cinayətlərə görə Azərbaycan məhkəmələri qarşısında cavab verməli olacaqlar. Və Prezident İlham Əliyev özlərini "prezident", "nazir" və "parlament üzvü" kimi təqdim edən erməni separatçı-terrorçuları "təlxək" adlandırmaqla, onların gələcək taleyini də artıq təyin edib.

Maraqlıdır ki, Xankəndi və ətraf bölgədə ən çətin vəziyyətə düşən Kremlin "təxribat emissarı" Ruben Vardanyan hesab oluna bilər. Çünki Rusiya bu kriminal milyarderi Xankəndi və ətraf bölgəyə göndərdi, tapşırığın öhdəsindən gələ bilmədiyi dəqiqləşdikdən sonra bir kənara atdı. İndi Ruben Vardanyanın Araikin terrorçu dəstəsi ilə də münasibətləri gərgindir. Xankəndi və ətraf bölgədən isə qaçmaq şansı yoxdur. Laçın yolu nəzarət altına düşdükdən sonra Ruben Vardanyan ömrünün qalan hissəsini Azərbaycan həbsxanalarında keçirtmək təhlükəsi qarşısında qalıb.

Ona görə də, isterik durumda olan Ruben Vardanyanın indi hamıdan çox hay-küy salması da başadüşüləndir. Çünki o, Xankəndiyə göndərilərkən şəxsi təhlükəsizliyinin risk altına düşə biləcəyini hesaba qalmamışdı. İndi R.Vardanyan hansısa "qırmızı cizgilər"dən bəhs edir, Rusiya sülhməramlı qüvvələrinin Laçın yolunda vəziyyəti ən qısa zamanda dəyişdirməyə çağırır. Əks halda, rus sülhməramlılara qarşı etiraz aksiyalarının başladılacağı ilə hədələyərir. Üstəlik, başqa metodlarından da istifadə ediləcəyinə eyham vurur.

Təbii ki, bu, Kremlin şantaj edilməsinə yönəlik cəhddir. R.Vardanyan bir tərəfdən rus sülhməramlıları bölgədə kəskin etirazlarla üzləşdirə biləcəyini qabartdır. Ermənistanda nüfuzdan düşmüş Rusiyanın Xankəndi və ətraf bölgədə də eyni situasiya ilə üzləşə biləcəyinə eyham vurur. Digər tərəfdən isə "başqa metodlar"a işarə etməklə, silahlı toqquşmaların bərpa edilmə ehtimalını ön plana çıxarır.

e04f4bcde80ae850e5ed7019be646517.jpg (219 KB)

Məsələ ondadır ki, silahlı erməni separatçı-terrorçular Azərbaycan ordusu ilə toqquşmalara cəsarət edərsə, rəsmi Bakının buna ən sərt şəkildə reaksiya verəcəyi qətiyyən şübhə doğurmur. Rəsmi Bakı belə silahlı təxribatlara reaksiya verərkən, rus sülhməramlıların mövqeyini də ciddiyə almayacaq. Bu isə son nəticədə rus sülhməramlıların missiyasının sona çatmasına qədər inkişaf edə biləcək təhlükəli situasiya yarada bilər.

Təbii ki, Ruben Vardanyan da bu reallığı tam dəqiqliyi ilə bilir. Ona görə də, "başqa metodlar"la Rusiyanı şantaj etməyə çalışır. Əsas məqsədi isə Kremlin onu Xankəndi və ətraf bölgədən çıxarmasına nail olmaqdır. Yəni, Ruben Vardanyan Kremlə mesaj verir ki, onu bölgədən dərhal çıxartmasa, rus sülhməramlıların regiondan qovulması məqsədilə silahlı təxribatlar törətməyə çalışacaq. Bu baxımdan, Kremlin "təxribat emissarı"nın öz canını qurtarmaq üçün son variantdan istifadə etmək məcburiyyətində qaldığını düşünmək olar.

Əslində, bütün bunlar qətiyyən təəccüblü deyil. Çünki Rusiyaya güvənən erməni separatçı-terrorçular Azərbaycanın bölgəni belə sürətlə nəzarət altına ala biləcəyini qətiyyən gözləmirdilər. Onları isterik vəziyyətə salan əsas məqam qaçmağa imkan tapa bilməmələri ilə birbaşa bağlıdır. Bu səbəbdən də, Rusiyanın onlara kömək edəcəyinə şübhə edirlər və belə hay-küy salmağa başlayıblar. Hər halda, erməni separatçı-terrorçular Azərbaycan ordusunun onları həbs edəcəyi vaxtadək gözləyəcək qədər sadəlövh deyillər. Üstəlik, onu da tam dəqiqliyi ilə bilirlər ki, rəsmi Bakı Xankəndi və ətraf bölgədə həbs edilməsini vacib hesab etdiyi erməni separatçı-terrorçuların siyahısını çoxdan hazırlayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR