Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzəyan bu ay Nyu-Yorkda görüşəcəklər.
Bu barədə Mirzəyan "Azadlıq" radiosunun sualına cavab olaraq deyib.
“Görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçiriləcək", - nazir bildirib.

Baş Assambleyanın 81-ci sessiyası sentyabrın 8-də Nyu-Yorkda başlayıb. İki ölkənin xarici işlər nazirləri arasında son görüş sentyabrın əvvəlində Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub. Görüşdən sonra Bayramov Mirzəyanla bir sıra məsələlər barədə fikir mübadiləsi apardıqlarını və tezliklə yenidən görüşəcəklərini açıqlayıblar.
Bir gün əvvəl isə ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen Bakıya səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşündə Ermənistan-Azərbaycan sülh prosesi və TRIPP layihəsində görülən işlər, o cümlədən TRIPP inkişaf şirkətinin yaradılması müzakirə olunub.
Bu ikitərəfli görüş sülh prosesi və Zəngəzur dəhlizinin açılması üçün təkan rolu oynaya bilərmi?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov diplomatların təmaslarını sülh prosesi üçün irəliyə doğru bir addım hesab edir. Musavat.com-a keçiriləcək görüşlə bağlı proqnozlarını bölüşən Xəyal Bəşirovun fikrincə, Vaşinqton təşəbbüsün onda olduğunu nümayiş etdirir.

Siyasi şərhçi istənilən təmasın sülh quruculuğuna töhfə verdiyi qənaətindədir: "Xarici işlər nazirlərinin görüşündə hər hansı sənədlərin imzalanması gözlənilmir. Bakı və İrəvan bütün məsələləri demək olar ki, həll edib, Ermənistanın Konstitusiya dəyişikliyi qalıb. Odur ki, görüş növbəti pozitiv təmaslardan biri kimi qiymətləndirilə bilər. Həmçinin demək lazımdır ki, Azərbaycan və Ermənistan istənilən platformada danışıqlar apara bilir. Bu yaxınlarda Bişkek sammitində liderlərin görüşü olub, elə xarici işlər nazirləri də orada iştirak edib. İndi də ABŞ-də danışıqlar aparılacaq".
Siyasi şərhçi ABŞ-nin sülh prosesində mühüm rol oynadığını düşünür: "Ümumiyyətlə, keçmiş həmsədr ölkələrdən olan Birləşmiş Ştatların həmişə Qarabağ münaqişəsinin həllində maraqlı olduğu deyilirdi. Lakin Rusiya amili böyük təsir gücü idi. Artıq Cənubi Qafqazda bu münaqişəyə son qoyulub və Tramp hakimiyyəti sülh prosesinə dəstək vermək istəyir. Nazirlərin görüşü də Moskvaya bir mesaj olacaq ki, ABŞ bu prosesdə onu qabaqlayıb. Doğrudur, görüş BMT tədbiri çərçivəsində olacaq, amma hər bir halda ABŞ-də baş tutması mühüm detaldır”.
Emil Salamoğlu
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ