İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı səhnəsində ATƏŞ - VİDEO, FOTOLAR

Ötən gün Bakıda “Baku Crystal Hall”un səhnəsində əfsanəvi “Anadolu atəşi” rəqs qrupunun konserti keçirildi.

Musavat.com xəbər verir ki, proqram “Bayatı-Şiraz”ın müşayiəti ilə mərsiyə nömrəsiylə başladı.

Fevralın 6-da Türkiyədə baş vermiş zəlzələyə həsr olunan nömrədə həm həlak olanlar, həm də onlar üçün üzülən yaxınları canlandırıldı. Səhnədəki böyük monitorda isə dağılmış şəhərlərin görüntüləri əks olundu. Eyni zamanda məşhur səmazən göstərisinin bir parçasını görmüş olduq, səma eşqi ilə dönən səmazənlər sanki ağrının da bu həyatın bir parçası olduğu mesajını verirdi.

“Anadolu atəşi”nin proqramları təkcə Anadolunun, Türkiyənin mədəniyyətini deyil, bir çox mədəniyyəti, folkloru əks etdirir. Bakı çıxışında Qafqaz xalqlarının rəqs mədəniyyətinə xüsusi yer ayrıldı. Yallı ilə, döyüş səhnələrini əks etdirən nömrələrlə zənginləşdirilən proqram tamaşaçıların ürəyincə oldu.

“Anadolu atəş”inin konsertini izləmək zamanda səyahətə bənzəyir. Tarixdən bu günə qədər keçilən yolun harmonik şəkildə təsviridir nömrələr. Hər dövrün öz mədəniyyəti var. “Anadolu atəşi” çıxışlarında tarixin müxtəlif mərhələlərini rəqslərlə canlandırır, eyni zamanda tamaşaçıya tarixin ən önəmli mesajlarından birini verir - keçmişini unutma, bu gününü yaşa, gələcəyinə sahib çıx. Hər nömrənin öz hekayəsi var. Döyüş səhnələri, dini tarixə səyahət, təbiətin gücü və s. Bir rəqs nömrəsində özünü savaşda hiss edirsən, digərində mifoloji əfsanənin içində. Sürətlə qaçan atların səsi, məğrur qartalın görüntüsü, dağlar, dəniz, od və daha nələr, nələr... Qısa zaman kəsiyində fərqli duyğular yaşadır proqram. Sanki insanı öz-özünə sual verməyə məcbur edir - biz nə zaman tam qalib olacağıq? Bəlkə də savaşların heç bir mənası yoxdur...

Rəqs nömrələrini daha effektiv etmək üçün rəqqasların musiqi alətləri və tulumda ifası konsertə fərqli ab-hava qatdı. Tulum səslənən kimi ilk ağla gələn təbii ki, Qaradəniz mədəniyyəti olur. Rəqs nömrəsi dinamik və enerjili Qaradəniz yallısı ilə zəngindir.

Bir sözlə, “Anadolu atəşi” möhtəşəm şou ilə Bakıda Qaradəniz fırtınasını hiss etdirdi, tamaşaçıları Qafqaz təbiətində gəzdirdi, sonda da Anadolu atəşini yandırdı.

Yekunda Azərbaycan və Türkiyə dostluğu, qardaşlığı, birliyinin sarsılmazlığı bayraqlarımızın əks olunması ilə bir daha nümayiş edildi.

Qeyd edək ki, konsertdən əldə olunan gəlir zəlzələdən zərər çəkənlərə ianə ediləcək.

Xatırladaq ki, “Anadolu atəşi” 2002-ci ildən qastrol səfərinə başlayıb, Uzaq şərqdən uzaq qərbə qədər 45 ölkədə konsert verib. Rəqs qrupu “Ginnesin rekordlar kitabı”na daxil edilib, həm də iki dəfə qeyd olunub: ən sürətli ifa (dəqiqədə 241 pa) və tamaşaçı sayına görə (Türkiyənin Ereğli şəhərində 400 min tamaşaçı).

Nigar HƏSƏNLİ,
Fotolar müəllifə məxsusdur.
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR