İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı Qarabağda “boz zona”nı ləğv edir: Xankəndidə “terror bataqlığı” qurudulmaq üzrədir

İndi erməni separatçı-terrorçular Azərbaycan ordusunun hərbi gücünü və rəsmi Bakının siyasi iradəsini daha sərt şəkildə hiss etməyə başlayıblar... Erməni terrorizmi aciz durumdadır, rəsmi Bakının tezliklə, həm də elə bir ciddi müqavimətlə üzləşmədən Xankəndi və ətraf bölgədə Azərbaycanın siyasi-hüquqi iradəsini bərpa edəcəyi artıq şübhə doğurmur...

Cənubi Qafqazda sülhə və sabitliyə qarşı real təhlükə yaranıb. Bəzi nəhəng dövlətlər bu regionda yeni genişmiqyaslı savaşın törədilməsinə cəhd göstərirlər. Əsas məqsəd isə öz geopolitik maraqlarını təmin etmək üçün daha sərfəli regional situasiyanın yaradılmasına nail olmaqdan ibarətdir. Üstəlik, bu hədəfə çatmaq üçün qurulan məkrli planlarda Ermənistana “geopolitik alət” rolu ayrılıb. Və bu səbəbdən də, Ermənistanın hərbi təxribat cəhdlərinin son vaxtlar ciddi şəkildə intensivləşməsi o qədər də gözlənilməz xarakter daşımır.

Təbii ki, bütün bunlar Cənubi Qafqazın əsas probleminin təməl səbəbini müəyyən etməyə də geniş imkanlar açır. Məlum olur ki, bu regionda erməni terrorizmi sülhə və sabitliyə əsas təhdid rolunu oynamaqda davam edir. Yəni, Cənubi Qafqazda erməni separatizminin və terroriziminin tamamilə təmizlənməsinə qədər bu regionda sabitlik yaratmaq mümkün olmayacaq. Və bu, o deməkdir ki, bütöv bir regionun sakinləri hazırda müəyyən mənada, erməni terrorizminin girovuna çevrilmiş kimi görünür.

727a7900-750d-46f4-83c3-e44561c2f561.jpg (227 KB)

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvanla son vaxtlara qədər aparılan sülh danışıqları da artıq iflasa uğramaq üzrədir. Çünki qüsurlu erməni zehniyyəti ilə anlaşmaq demək olar ki, mümkün deyil. Ermənilər hər şeyi yalnız öz maraqlarından arqumentləşdirməyə yönəlik cəhdlərə vərdişlidirlər. İstənilən beynəlxalq sənədi yalnız “ermənicə” oxuyurlar. Və heç bir beynəlxalq hüquq normalarına əhəmiyyət vermədən məhz elə də dəyərləndirirlər.

Erməni siyasi zehniyyətinin Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli anlaşmalara verdiyi şərhləri nəzərə aldıqda, buna tamamilə əmin olmaq mümkündür. “Laçın dəhlizi” barədə beynəlxalq platformalarda hay-küy salırlar, üçtərəfli anlaşmaya görə, bu marşrutun sərbəst hərəkət üçün açıq olmalı olduğunu iddia edirlər. Ancaq Zəngəzur dəhlizinin açılmasına yönəlik həmin o üçtərəfli anlaşmada yer alan maddələrlə Ermənistanın öz üzərinə götürdüyü öhdəliyi xatırlamaq belə, istəmirlər.

Digər tərəfdən, Azərbaycanın Qarabağ regionunda olan erməni azlığının hüquq və təhlükəsizliyindən danışırlar, yenə də üçtərəfli anlaşmalara istinad edirlər. Ancaq həmin sənəddə Ermənistanın Azərbaycanın Qarabağ regionunda qalan silahlı tör-töküntüsünün çıxarılması barədə öhdəliklə bağlı israrla susurlar. Halbuki, Ermənistan ordusunun tör-töküntüləri məhz rus sülhməramlıların bölgəyə müvəqqəti dislokasiyasına paralel olaraq, Azərbaycan beynəlxalq hüquqa görə, ayrılmaz tərkib hissəsi olan Qarabağ regionundan artıq çoxdan çıxardılmalıydı.

6608d4d34a50c5b1b69f0791aee06568.jpg (108 KB)

Bütün bunlar onu göstərir ki, Ermənistanla siyasi-diplomatik platformada anlaşmaq o qədər də asan iş deyil. Çünki siyasi-diplomatik platdormada nəyəsə nail olmaq üçün Ermənistan daim hərbi gücün əzici təsirini öz üzərində hiss etməlidir. Əks halda, erməni siyasi zehniyyəti çox qısa zamanda beynəlxalq hüququ unudub, “xəyali şərtlər” icad etmək mərhələsinə transformasiya olunmaq vərdişlərini işə salır. Azərbaycanın Qarabağ regionunda erməni separatizmi və terrorizminin hələ də öz mövcudluğunu qoruyub, saxlaya bilmə müddəti məhz bu səbəbdən uzanır.

Ancaq son baş verən hadisələr onu göstərir ki, Azərbaycan artıq daha prinsipial davranmaqda qərarlıdır. Rəsmi Bakı Azərbaycan ərazisində heç qanunların işləmədiyi, cinayətkarlığın hökm sürdüyü “boz zona”nın hələ də qalmasından narahatdır. Ona görə də, ən qısa zamanda erməni terrorizminin girovuna çevrilmiş həmin “boz zona”nın ləğv edilməsində israrlıdır. Və Azərbaycanın hakim siyasi dairələri bundan sonra erməni terrorizminin “meydan oxuma”sına səbir göstərmək istəmir.

Maraqlıdır ki, rəsmi Bakının son aylarda atdığı qətiyyətli addımlar artıq tədricən öz təsirini göstərməyə başlayıb. Belə ki, Laçın postunun yaradılması Ermənistandan Azərbaycanın Xankəndi və ətraf bölgəsinə sərbəst silah-sursat, hərbi texnika daşınması prosesini tamamilə bloklayıb. Yəni, rəsmi İrəvan Qarabağ regionunda qeyri-qanuni saxladığı Ermənistan ordusunun tör-töküntülərini təchiz etməkdə artıq ciddi problemlərlə üzləşib. Ermənistan indi qeyri-qanuni silahlı dəstələrin şəxsi heyətinin rotasiyasını da reallaşdıra bilmir. Və Ermənistanın beynəlxalq platformalarda Laçın postunun əleyhinə qaldırdığı hay-küyün əsas səbəbi də məhz bununla bağlıdır.

ef5a66c27257c53030ba6699cc4cddad.jpg (275 KB)

Digər tərəfdən, Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçuların fəaliyyəti də ciddi problemlərlə üzləşib. Belə ki, Laçın postu onların Ermənistanla cinayətkar əlaqəsini məhdudlaşdırıb. Üstəlik, indi erməni terrorçular Azərbaycan ordusunun və rəsmi Bakının siyasi “nəfəs”ini daha sərt şəkildə hiss etməyə başlayıblar. Bu cinayətkarlar onlar üçün “çənbər”in daraldığını, hər şeyin sona çatmaq üzrə olduğunu artıq anlayırlar. Və bu səbəbdən də, artıq qaça bilməyəcəkləri qənaətinə gəliblər, yaxın vaxtlarda həbs olunmalarının qaçılmazlığından dərin qorxu keçirirlər.

Ona görə də, indi erməni separatçı-terrorçular arasında ciddi qarşıdurmanın olduğu barədə də məlumatlar mövcuddur. Bəzi erməni separatçılar, xüsusilə də, Kremlin “təxribat emissarı” Ruben Vardanyanın qruplaşması mövcud situasiyada yeganə çıxış yolunun sona qədər müqavimət göstərmək olduğunu ön plana keçirirlər. Güclü Azərbaycan ordusu qarşısında uzun müddət duruş gətirməyin mümkünlüyünə inanmayanlarsa, xilas olmaq üçün rəsmi Bakı ilə danışıqlar aparmağın vacibliyini düşünürlər.

Təbii iki istənilən halda, erməni separatçı-terrorçular arasında qarşıdurmanın dərinləşməsi “boz zona”nın ləğv edilməsi prosesini sürətləndirə biləcək məqamdır. Çünki bu qarşıdurma yaxın vaxtlarda erməni separatçı-terrorçuları daha da aciz duruma sala bilər. Belə davam edərsə, rəsmi Bakının elə bir ciddi müqavimətlə üzləşmədən Azərbaycanın Xankəndi və ətraf bölgəsində öz siyasi iradəsinin bərpasına nail olacağı qətiyyən şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR