İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı İrəvanın "provokativ oyun"unu pozur: Avropa Birliyinin "400 tonluq riyakarlığı" boşa çıxır

Əgər, Avropa Birliyi və digər beynəlxalq qurumlar doğrudan da Qarabağdakı erməni azlığını düşünürlərsə, onda Azərbaycan Prezidenti İlham Əliyevin bu barədə mesajlarını dəstəkləməlidirlər, beynəlxalq hüquq normalarına riayət etməlidirlər... Qarabağdakı erməni azlığının çoxmillətli dövlət olan Azərbaycanın digər vətəndaşlarından heç bir üstünlüyü ola bilməz və onlara xüsusi ayrıcalıq tanımaq mümkün deyil...

Ermənistan baş naziri Nikol Paşinyan cəmisi bir neçə gün öncə Azərbaycan ilə yekun sülh sazişinin imzalanmasına hazır olduğunu bəyan etmişdi. Eyni zamanda, dünya ölkələri arasında Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımayan heç bir dövlətin mövcud olmadığını xatırlatmışdı. Və ilk baxışdan bu, erməni baş nazirin kifayət qədər konstruktiv mövqeyə yaxınlaşmaqda olduğunu göstərirdi.

Ancaq indi rəsmi İrəvan dövlət səviyyəsində təxribata başlayıb. Belə ki, Ermənistan rəsmi Bakı ilə əvvəlcədən heç bir razılıq əldə etmədən, Qarabağ regionuna - Azərbaycan ərazisinə "humanitar yardım" göndərib. Beynəlxalq hüquq normaları baxımdan bu, açıq-aşkar provokativ addımdır. Bu təxribat rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatları ilə kəskin ziddiyyət təşkil edir.

Məsələ ondadır ki, əgər, rəsmi İrəvan qarşılıqlı olaraq, ərazi bütövlüyünün tanınması prinsiplərinə sadiqdirsə, ilk növbədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ ilə bütün əlaqələrini dərhal kəsməlidir. Çünki bu regionuna yönəlik atılan istənilən addım Azərbaycana qarşı ərazi iddiası xarakteri daşıyır. Və Azərbaycanın suveren hüquqlarına qarşı açıq şəkildə təxribatdır.

7f3826d1c31ef80bab3adb698e73b7c4.jpg (120 KB)

Bəs, bu qısa müddət ərzində nə dəyişdi ki, rəsmi İrəvan baş nazir Nikol Paşinyanın məlum bəyanatları ilə ziddiyyət təşkil edən təxribata əl atdı. Bəzi ehtimallara görə, baş nazir Nikol Paşinyan son açıqlamalarından sonra terrorizmə vərdişli erməni toplumu tərəfindən öldürülə biləcəyindən qorxuya düşüb və öz "günahını yumaq" niyyətinə düşüb. Digər ehtimal isə ondan ibarətdir ki, erməni baş nazir öz bəyanatlarında qətiyyən səmimi deyil və sadəcə, zaman qazanmağa çalışır. Həmin müddətdə isə belə provokativ oyunlarla vəziyyəti mümkün qədər qəlizləşdirməyə cəhd göstərir.

Hər halda, rəsmi İrəvanın Azərbaycanın Qarabağ regionunda yaşayan erməni azlığına Bakıdan razılıq almadan "humanitar yardım" aparmaq cəhdi siyasi manipulyasiya, şantaj və beynəlxalq ictimaiyyəti aldatmaq üçün qurulan bir şoudan başqa bir şey deyil.

Əgər, dünyada, o cümlədən, Avropa qurumlarında buna şübhə edən kimsə varsa, onda, sadəcə erməni bloqqer Roman Baqdasaryanın yaydığı videoya diqqətlə baxsınlar. Çünki həmin videoda erməni blogger Azərbaycanın Xankəndi və ətraf bölgəsində hər hansı humanitar problemin olmadığını, kifayət qədər ərzağın və digər ehtiyac məhsullarının mövcudluğunu etiraf edir. Üstəlik, o, hazırda Qarabağ bölgəsində baş verənlərin yalnız erməni separatçı-terrorçuların şəxsi maraqlarına xidmət etdiyini vurğulayır. Erməni bloqqer Araik Arutyunyanı və onun terrorçu dəstəsini öz şəxsi məqsədləri üçün Qarabağın erməni azlığını girova çevirdiyini bildirir.

Göründüyü kimi, Ermənistan süni şəkildə "humanitar böhran" barədə rəylər yaradaraq, regional sülh prosesinin uzadılmasına çalışır. Rəsmi İrəvan hələ də ümid edir ki, Qərb siyasi dairələrinin Azərbaycana təzyiqlərinə nail ola biləcək. Halbuki, Paşinyan hakimiyyəti artıq anlamalıdır ki, rəsmi Bakı Azərbaycanın daxili işlərinə kənar güclərin qarışmasına qətiyyən imkan verməyəcək.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Rəsmi Bakı Ermənistana idxal etdiyi məhsulları Azərbaycan ərazisinə ixrac etməsinə uzun müddət müşahidəçi qala bilməzdi. Paşinyan hakimiyyəti dövlətlərarası iqtisadi-ticari münasibətlər qurmaq istəyirsə, Azərbaycanla dərhal yekun sülh sazişini imzalamalıdır. Və rəsmi İrəvanın Azərbaycan ərazisində qaçaqmalçılıq fəaliyyəti göstərdiyi dövr artıq sona çatdı.

Məsələ ondadır ki, Azərbaycanın Qarabağ bölgəsinə ərzaq malları göndərən Ermənistan şirkəti Rusiya ilə ticari əlaqələrə malikdir. Həmin şirkət ərzaq mallarını Rusiyadan alır və Azərbaycanın Qarabağ bölgəsindəki erməni əhalisinə satır. Bu prosesdən Ermənistan vergi, gömrük və s. gəlirləri qazanır. Qaçaqmalçı erməni şirkəti isə ticarət qazancı əldə edir. Ermənistan xarici ölkədir və Azərbaycanın ərazisində belə qaçaqmalçılıq ticarəti ilə gəlir əldə etmək hüququna malik deyil. Və Qarabağdakı erməni azlığının ərzaq və digər ehtiyaclarını Azərbaycan özü təmin etmək imkanındadır.

Bütün bunları nəzərə aldıqda, Avropa Birliyi də daxil olmaqla, erməni manipulyasiyalarının təsiri altında Azərbaycana bu mövzuda hər hansı iradlar bildirməsi isə beynəlxalq hüquq normalarına hörmətsizlikdir. Avropa Birliyi ölkələri öz sərhədlərindən belə qeyri-qanuni istifadə cəhdinə imkan verməsinləri halda, Azərbaycandan bunu tələb edə bilməzlər. Heç bir beynəlxalq qurum Azərbaycanı öz sərhədlərini, suveren hüquqlarını qoruduğuna görə ittiham etmək haqqına sahib deyil.

Əgər, Avropa Birliyi və digər beynəlxalq qurumlar doğrudan da Qarabağdakı erməni azlığını düşünürlərsə, onda Azərbaycan Prezidenti İlham Əliyevin bu barədə mesajlarını mütləq dəstəkləməlidirlər. Əks halda, Avropa Birliyinin canfəşanlığı əsl riyakarlıq örnəyi olmaqdan uzağa getməyəcək.

9ff29512c34991a04a3d20e20a452726.jpg (213 KB)

Çünki Prezident İlham Əliyev açıq mətnlə bildirib ki, Azərbaycan Qarabağdakı erməni azlığının bütün ehtiyaclarını tam şəkildə təmin etməyə hazırdır. Eyni zamanda, rəsmi Bakı erməni azlığının hüquq və təhlükəsizliyini məhz Azərbaycan Konstitusiyası çərçivəsində təmin etməyə də tam zəmanət verir.

İndi bir məsələ qaranlıq qalır ki, Azərbaycana qarşı iradlar bildirməyə həvəskar olan Avropa Birliyinə bundan artıq daha nə lazımdır? Axı, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və rəsmi Bakı da həmin ərazidə yaşayan erməni vətəndaşlarına dövlətin qanunları çərçivəsində bütün yaşayış hüquqlarını təklif edir. Əgər, erməni azlığına xüsusi ayrıcalıq əldə etməyə çalışırlarsa, boşuna ümid edirlər.

Məsələ ondadır ki, Azərbaycan çoxmillətli dövlətdir. Həmin millətlərin nümayəndələri Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır və dövlətin konstitusiyası çərçivəsində verilən bütün hüquqlardan tam şəkildə faydalanırlar. Qarabağdakı erməni azlığının da Azərbaycanın digər vətəndaşlarından heç bir üstünlüyü ola bilməz və onlara xüsusi ayrıcalıq tanımaq mümkün deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR