İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı İrəvanı Vaşinqtonda da “vurdu”, Qərbin önünə atdı: Ermənistan Azərbaycanın nəzarəti altına düşür

Azərbaycan diplomatiyası Vaşinqton görüşündə Ermənistan üzərində növbəti qələbəni qazanmağa artıq nail oldu, rəsmi Bakı bu müzakirələrdə öz prinsipial mövqeyi ilə Ermənistanı və onun beynəlxalq himayədarlarını çıxılmaz vəziyyətə saldı... İndi yekun sülh sazişinin gecikdirilməsi ABŞ və Qərbin maraqlarına zidd olduğundan, zaman da Ermənistanın əleyhinə işləyir, ona görə də, yaxın vaxtlarda rəsmi İrəvana qarşı Qərbdən göstərilən təzyiqlərin daha da intensivləşmə ehtimalı qətiyyən istisna deyil...

ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü və vacitəçiliyi ilə keçirilən Vaşinqton görüşü sona çatdı. Azərbaycan və Ermənistan xarici işlər nazirləri 4 gün ərzində yekun sülh sazişinə yaxınlaşmaq istiqamətində müzakirələr apardılar. Və Vaşinqton görüşünün başlanmasından sonra indiyə qədər verilən açıqlamalar çərçivəsində əldə edilmiş nəticəni təxmin etmək olar.

Birincisi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri 4 günlük görüşün yekun nəticəsi olaraq, ortaq məzmun daşıyan açıqlama yaydılar. Həmin açıqlamada hər iki tərəf bəzi önəmli məsələlər ətrafında anlaşmanın olduğunu vurğuladılar və eyni zamanda, ciddi fikir ayrılıqları olan problemlərin qaldığını da etitaf etdilər. Buna əlavə olaraq, 4 günlük görüşün keçirilməsinə təşəbbüs göstərən ABŞ dövlət katibi Entoni Blinkenə təşəkkür etdilər və müzakirələrin gələcəkdə də davam edirləcəyini bildirdilər.

Vaşinqton görüşü ilə bağlı ən optimist açıqlamaya isə məhz ABŞ-ın dövlət katibi E.Blinken müəlliflik etdi. O, vurğuladı ki, Vaşinqton görüşündə əhəmiyyətli proqresə nail olunub, uğurlu finiş üçün şans yaranıb, yekun sülh sazişinin yaxın gələcəkdə imzalanma ehtimalı qətiyyən istisna deyil. Və ABŞ bu məsələdə hər iki tərəfə bundan sonra da dəstək verməyə hazırdır.

Əlbəttə ki, bütün bunlar olduqca pozitiv məqamlardır. Çünki Rusiya və Fransanın ortaq pozuculuq fəaliyyəti nəticəsində Azərbaycan-Ermənistan sülh danışıqları demək olar ki, dalana dirənmişdi. Ancaq ABŞ-ın prinsipial fəaliyyəti sayəsində sülh prosesi artıq yenidən bərpa edilib. Və təbii ki, yenicə bərpa edilmiş danışıqlar prosesindən dərhal sülh sazişinin mətninin razılaşdırıla biləcəyini gözləmək sadəlövhlük olardı.

al-bil-pash.JPG (54 KB)

Əslində, Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqton görüşünün davam etdiyi günlərdə mümkün gözləntilərin nədən ibarət ola biləcəyinə eyham vurmuşdu. Azərbaycan lideri bildirmişdi ki, Vaşinqton görüşündən yekun sülh sazişi üzərində prinsipial anlaşma gözləmir. Və indiki halda, müəyyən proqresin olması belə, irəliyə doğru ümidverici situasiya yarada bilər.

Göründüyü kimi, praqmatik siyasətçi olan Prezident İlham Əliyev öz təxminlərində qətiyyən yanılmayıb. Yəni, yekun sülh sazişinə doğru hələ xeyli məsafə qət etmək lazım gələcək. Bu baxımdan, “İyunun 1-də sülh sazişinin imzalanması mümkün olarsa, buna yalnız sevinmək olar” məzmunlu açıqlama ilə diqqəti çəkən Ermənistan baş naziri Nikol Paşinyan isə ABŞ-ın rəsmi İrəvanın əvəzinə buna nail ola biləcəyinə ümid bəslədiyini qətiyyən gizlətmirdi.

Bəzi məlumatlara görə, rəsmi İrəvan ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycana təzyiq göstərərək, Ermənistanın maraqlarını ifadə edən sülh sazişinə nail olacağını düşünürdü. Ermənistanın hakim siyasi dairələri Qarabağın Azərbaycan ərazisi kimi tanınmasının qarşılığında rəsmi Bakıdan önəmli güzəştlər gözləyirdi. Onlar hesab edirdilər ki, ABŞ-ın Vaşinqton görüşündə Ermənistana dəstək verəcəyi təqdirdə, bu, mümkün ola bilər.

Ermənistan mınbələrinə inansaq, rəsmi İrəvan Azərbaycandan Qarabağda yaşayan ermənilərin “hüquq və təhlükəsizliyi” ilə bağlı ciddi təminatlar, eləcə də, bunun beynəlxalq mexanizmlər cərçivəsində reallaşdırılmasını gözləyirdi. Rəsmi İrəvanın digər gözləntisi isə hələ də Ermənistanın işğalı altında qalan Azərbaycana məxsus səkkiz kəndlər bağlıydı. Və bu, Ermənistanın həmişə olduğu kimi, yenə də “suyu bulandırıb, balıq tutmaq” cəhdinə sadiq qaldığını göstərirdi.

billllll.JPG (61 KB)

Ancaq rəsmi İrəvanın ABŞ-ın Ermənistana dəstəyinə bağlı bu ümidlərinin heç birisi özünü doğrultmadı. ABŞ-ın rəsmi dairələri Azərbaycan tərəfinə təzyiq göstərməyə elə bir ciddi həvəs göstərməyib. Üstəlik, rəsmi Bakının arqumentləri Ermənistan tərəfi üçün qarşısıalınmaz xarakter daşıyıb. Belə ki, Azərbaycan tərəfi rəsmi İrəvanın siyasi manipulyasiyalarını beynəlxalq hüquq normalarına istinad etməklə, boşa çıxarıb.

Məsələ ondadır ki, Vaşinqton görüşündə Ermənistan tərəfinə beynəlxalq hüquqa görə, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi sərt şəkildə xatırladılıb. Yəni, rəsmi İrəvana onsuz da Azərbaycana aid olan Qarabağla “siyasi alver” etmək şansı verilməyib. Qarabağda yaşayan ermənilərə isə Azərbaycan Konstitusiyası çərçivəsində digər vətəndaşlara da iad olan hüquqlar və təhlükəsizlik təminatı vəd olunub.

Digər tərəfdən, rəsmi Bakı Qarabağ məsələsində heç bir beynəlxalq mexanizmin yaradılmayacağını qətiyyətlə vurğulayıb. Bu məsələnin Azərbaycanın daxili işi olduğu vurğulanıb və Ermənistan da daxil olmaqla, heç bir xarici ölkəninin bu problemə müdaxilə etmək hüququ olmadığı qabardılıb. Buna əlavə olaraq, rəsmi Bakı Qərbi Azərbaycanlıların Ermənistana qaytarılması, onların hüquq və təhlükəsizliyinə təminat verilməsi məsələsini gündəmə gətirib. Və bununla da Ermənistan diplomatiyası növbəti dəfə “mat vəziyyəti”nə düşüb.

Nəhayət, rəsmi Bakı Azərbaycanın hələ də Ermənistanın işğalı altında qalan 8 kəndin geri qaytarılmasında da prinsipial mövqe tutub. Erməni mənbələri hesab edirlər ki, 8 kəndin geri qaytarılması Ermənistan üçün Azərbaycanın Xankəndi və ətraf bölgəsinə iddiadan imtina olunmasından daha təhlükəli nəticələr doğura bilər. Çünki həmin kəndlərdən İran-Ermənistan və Ermənistan-Gürcüstan dövlətlərarası nəqliyyat xətləri keçir. Rəsmi İrəvan 8 kəndin geri qaytarılacağı təqdirdə, Ermənistanın qonşu ölkələrlə nəqliyyat-kommunikasiya xətlərinin Azərbaycanın tam nəzarətinə keçəcəyindən ciddi şəkildə narahatdır.

ade012ed-5500-4e6d-844e-ce5f1444d60d.jpg (236 KB)

Ancaq rəsmi İrəvan üçün bu situasiyadan hər hansı çıxış yolu mövcud deyil. Azərbaycan özünə aid 8 kəndi əvvəl-axır mütləq geri alacaq. Üstəlik, indiki situasiyada rəsmi İrəvanın yekun sülh sazişindən yayınması da Ermənistanın əleyhinə işləyir. Hər halda, Ağ Ev təmsilçiləri də Ermənistanın beynəlxalıq hüquq normalarına zidd iddialarla qeyri-konstruktiv mövqe tutduğuna növbəti dəfə əmin oldular.

Halbuki, ABŞ Azərbaycan-Ermənistan yekun sülh sazişinin ən qısa zamanda imzalanmasında birbaşa maraqlıdır. Bu saziş Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, tamamilə çıxarılması planlarında “açar vasitə” rolunu oynaya bilər. Rəsmi İrəvan isə öz qeyri-konstruktiv mövqeyi ilə yekun sülh sazişini gecikdirir, ABŞ-ın Rusiya ilə bağlı planlarını əngəlləyir.

Böyük ehtimalla yaxın vaxtlarda ABŞ-ın Ermənistana qarşı təzyiqləri daha açıq və sərt məzmun daşıya bilər. Belə ki, bir müddət öncə ABŞ-ın və Avropanın nüfuzlu media qurumlarında Ermənistanın Rusiyaya sanksiya altında olan elektrotexnika avandanlıqları almaqda yardım etməsi barədə materialların dərc olunması qətiyyən boşuna deyildi. İndi rəsmi İrəvanın Vaşinqton görüşündə ABŞ-ın Cənubi Qafqaz planlarını pozduqdan sonra Ermənistana qarşı Rusiyanın məruz qoyulduğu sanksiyaların tətbiq olunma ehtimalı artmış kimi görünür.

Bütün bunlar o deməkdir ki, Azərbaycan diplomatiyası Vaşinqton görüşündə Ermənistan üzərində növbəti qələbəni qazanmağa artıq nail olub. Rəsmi Bakı bu müzakirələrdə öz prinsipial mövqeyi ilə Ermənistanı və onun beynəlxalq himayədarlarını çıxılmaz vəziyyətə salıb. İndi yekun sülh sazişinin gecikdirilməsi ABŞ və Qərbin maraqlarına tamamilə zidd olduğundan, zaman da artıq Ermənistanın əleyhinə işləyir. Ona görə də, yaxın vaxtlarda Ermənistana qarşı Qərbdən göstərilən təzyiqlərin daha da intensivləşmə ehtimalı qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR