İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı ilə sülh müqaviləsinə TƏHLÜKƏ?

“Seçkilərdən sonra Nikol Paşinyan hakimiyyəti öz əlində saxlasa da, Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsi indiki şəraitdə çətin görünür”. Bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. O, səbəbi belə izah edib: “Hazırkı qanunvericiliyə əsasən, konstitusiyanın dəyişdirilməsi referendum vasitəsilə mümkündür. Referendumun təşkili üçün isə parlamentdə konstitusion çoxluq, yəni mandatların üçdə ikisi (70 – red.) tələb olunur. Amma hakim partiya indi bu qədər mandata sahib deyil. Deməli, referendum keçirilməsə və konstitusiya dəyişməsə, sülh prosesinin yekunlaşması və sülh sazişinin imzalanması da mümkün olmayacaq. Paşinyan indiki mərhələdə deyə bilər ki, sülh istəyir, amma konstitusiyada dəyişiklik etməyəcək. Azərbaycan isə təbii olaraq konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan bir ölkə ilə sülh sazişi imzalaya bilməz”.

Doğrudanmı Paşinyanın yeni konstitusiya layihəsini referenduma çıxarması mümkünsüz olacaq? Yaxud o, 2/3 problemini əsas götürüb sülh prosesini uzada bilərmi? Başqa hansı variantlar var? Məsələn, hakim partiya tərəfdarlarının yetərli sayda (500 min və s.) imza toplaması ilə referendum təşəbbüsü qaldırıla bilərmi?

Bu arada Baş nazirin keçmiş xüsusi nümayəndəsi Edmon Marukyan deyib ki, Paşinyan parlamentdə konstitusiya çoxluğunu təmin etməsə belə, müxalifət düşərgəsindən bir çox deputatı onlara qarşı kompromat hədəsi ilə öz tərəfinə çəkə biləcək. Onun sözlərinə görə, müxalifət siyahılarında çoxlu belə “həssas” adam var. Konstitusion çoxluq bu yolla təmin edilə bilərmi? Qeyd edək ki, bunun üçün Nikol Paşinyana cəmi 6 deputat səsi lazımdır, çünki artıq 64 mandata sahiblənib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə hesab edir ki, Rusiyanın yaratdığı ən ciddi problem konstitusion çoxluğun əldə edilməməsi oldu. Bununla belə, hüquq müdafiəçisi Manukyanın fikirlərində müəyyən həqiqət payı görür. Ç.Qənizadəyə görə, xüsusən Karapetyanın blokundan mandat qazananlar arasında 6 nəfər tapmaq mümkündür: "Onlar əsasən bizneslə məşğul olanlardır. Hakimiyyət həmin deputatları seçim qarşısında qoya bilər: ya biznesə şərait, ya da konstitusion islahatlara əngəl olmağa davam etmək. Bu zaman müxalifətdən bəzi deputatlar iqtidarla razılaşa bilər. Lakin prosesin müəyyən zaman tələb etdiyini düşünürəm. Yəni sülhə əngəlin aradan qaldırılması üçün zəruri addımlar ləng atıla bilər".

Çingiz Qənizadədən SENSASİON AÇIQLAMA Pravda.az

Hüquqşünasın fikrincə, sülh müqaviləsinin imzalanması hava-su kimi lazımdır: "Erməni müxalifəti anlamalıdır ki, bu saziş onlara fayda verəcək. Əslində, xalqın maraqlarını nəzərə alaraq dəstək verməlidirlər. Buna qarşı çıxanda isə cəmiyyətin təpkisi ilə üzləşəcəklər. Hakimiyyət də bildirəcək ki, müxalifət sülhə mane olur. Əgər parlamentdə müxalif qüvvələr xalqın əleyhinə getməyə, anti-sülh mövqeyə qəzəbli reaksiya verilməsinə hazırdırsa, onda düşmənçilik etmiş olacaqlar. Məncə, Paşinyan ümumxalq səsverməsinə getməyə müvəffəq olacaq və sonra sülh sənədi imzalanacaq. Dediyim kimi, bir qədər vaxt ala bilər".


Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR