İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı geopolitik iradəsini Kremlə diqtə edir: Rusiya da erməni terrorçuları qurban verir

Ermənistanın Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsindən imtina etməsi Rusiyanın geopolitik manevr məkanını daraldır, ona görə də, Kreml yaxın vaxtlarda Xankəndidə Azərbaycan bayraqlarının dalğalanmasına müqavimət göstərə bilməyəcək... Artıq açıq-aşkar küncə sıxışdırılmış Kreml sadəcə, Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin üzərindən tamamilə xətt çəkilməməsi üçün Azərbaycanla anlaşmaq məcburiyyətində qalıb...

Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsinə nail oldu. Ancaq bu görüşün Cənubi Qafqazda sülh prosesinin inkişafına müsbət təsir etdiyini iddia etmək mümkün deyil. Çünki görüşdən sonra verilən açıqlamalarda hər hansı irəliləyişin real əlamətləri müşahidə olunmadı. Və bu, onu göstərir ki, Kreml sülh prosesində vasitəçilik missiyasını artıq çoxdan əldən buraxıb.

Ona görə də, hesab etmək olar ki, hazırda Kreml sülhyaratma missiyasından daha çox Rusiyanın regional orbitr rolunun bərpası barədə düşünür. Hər halda, Kremldə artıq tam dəqiqliyi ilə anlayıblar ki, regional orbitr statusunun əldən verilməsi birmənalı şəkildə Cənubi Qafqazın həmişəlik itirilməsi anlamı daşıyır. Və imperialist Rusiya üçün bu təsir dairəsinin daha da daralması deməkdir.

Bütün bunları nəzərə aldıqda, sonuncu Brüssel görüşünün nəticələrinin Kremli açıq-aşkar panik duruma saldığı qətiyyən şübhə doğurmur. Çünki məhz həmin görüşdən sonra Azərbaycan və Ermənistanın Qərbin orbitrliyi ilə ən yaxın vaxtlarda yekun sülh sazişini imzalamağa hazır olduqları aydınlaşmış oldu. Bu səbəbdən də, Kreml isterik şəkildə dərhal hərəkətə keçmək məcburiyyətində qaldı. Və Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü keçirtməklə, Rusiyaya növbəti dəfə manevr məkanı açmağa cəhd göstərdi.

5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB)

Təbii ki, Rusiyanın öz regional orbitr mövqeyini geri qaytarmaq üçün bütün bunlar qətiyyən yetərli deyil. Rusiya Ukrayna savaşında nə qədər aciz duruma düşsə də, Kremldə anlayırlar ki, Cənubi Qafqazda təsir mexanizmlərinin qorunması üçün ilk növbədə regional sülh prosesində davamlı aktivlik əsas şərtdir. Kremlin tezliklə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün keçirilmə ideyasını gündəmə gətirməsi də məhz bu səbəbdən qaynaqlanır.

Ancaq Rusiyanın regional sülh prosesində manevr məkanı o qədər də geniş deyil, əksinə son aylarda ciddi şəkildə daralıb. Hər halda, indi Kremlin vasitəçilik missiyası ABŞ və Qərbin, Rusiyanın vərdiş etdiyi regional orbitr rolu isə birmənalı şəkildə Azərbaycanın əlinə keçib. Belə ki, Türkiyə ilə hərbi müttəfiqlik sayəsində daha da güclənən Azərbaycan hazırda bütövlükdə Cənubi Qafqazın gələcək taleyi ilə bağlı prinsipial qərarlar vermək imkanları qazanıb.

Ona görə də, Kreml hazlrda rəsmi Bakı ilə əvvəlki dövrlərdə vərdiş etdiyi metodlarla davranmaq şansına sahib deyil. Kremlin rəsmi Bakını narazı sala biləcək məqamlara artıq daha həssas yanaşmağa üstünlük verdiyi də inkaredilməz reallıqdır. Rusiya xarici işlər nazirinin yardımçısının “Dağlıq Qarabağ” ifadəsinin Azərbaycanın xoşuna gəlmədiyini pıçıldamasına Sergey Lavrovun reaksiyası da bunu təsdiqləyir. Hər halda, Sergey Lavrov əvvəlki dövrlərdən fərqli olaraq, bu dəfə həmin “ifadə”ni işlətməkdən yayınmağa üstünlük verdi.

Belə anlaşılır ki, indiki situasiyada Rusiya istənilən halda, Azərbaycanla münasibətləri korlamaqda qətiyyən maraqlı deyil. Çünki Azərbaycanla münasibətlərin korlanması həm də Türkiyə-Rusiya əlaqələrində də çatlara yol aça bilər. Türkiyə isə hazırda Rusiya üçün yeganə və ən etibarlı beynəlxalq “nəfəslik” rolunu oynayır. Və Kremlin belə geopolitik itkilərə hazırda qətiyyən hazır deyil.

0b1b433a-7caf-4ea1-ba9d-50db4d8a598c.jpg (251 KB)

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, rəsmi Bakının sülh prosesində birmənalı şəkildə beynəlxalq hüquq normalarına və Azərbaycanın hərbi qüdrətinə istinadla hərəkət etməsi də situasiyanı dəyişib. Beynəlxalq hüquq normalarının tələbləri Azərbaycanın milli maraqlarına tamamilə cavab verir. Və rəsmi Bakı bu önəmli faktoru həm də Azərbaycanın ordusunun qüdrəti ilə də dəstəkləyir.

Nəticədə, Ermənistanın müqavimət immuniteti “əriyib”, yox olmaq üzrədir. Yəni, Ermənistan Azərbaycanın sahib olduğu hərbi qüdrətə müqavimət göstərmək imkanlarından çox-çox uzaqdır. Bu haldasa, rəsmi İrəvan Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində diqtə etdiyi sülh şərtləri ilə barışmaq məcburiyyətində qalıb. Və Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamaları da bunu təsdiqləyir.

Məsələ ondadır ki, erməni baş nazir açıq şəkildə bəyan edir ki, Ermənistan ABŞ və Rusiya arasında deyil, məhz Azərbaycan və Türkiyə arasında qalıb. Ona görə də, rəsmi İrəvan bu geopolitik reallığı nəzərə almaq məcburiyyətindədir. Yəni, baş nazir Nikol Paşinyan artıq “miatsium” avantürasından imtina edərək, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmaqla barışıb və bunu rəsmən bütün dünyaya bəyan edib.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)

Müşahidələr onu göstərir ki, baş nazir Nikol Paşinyan Araik Arutyunyan və onun separatçı-terrorçu dəstəsindən xilas olmağa çalışır. İndi erməni baş nazir üçün “Dağlıq Qarabağ” mövzusu artıq yoxdur. Onu Ermənistanın gələcək taleyi daha çox narahat edir. Bu səbəbdən də, hazırda erməni baş nazir Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırıb, Ermənistanı inkişaf etdirmək barədə düşünür.

Belə vəziyyətdəsə, Rusiyanın manevr məkanı maksimum səviyyədə daralmış olur. Çünki “Qarabağ mövzusu” Ermənistana belə, lazım deyilsə, Rusiyanın bu məsələdə rəsmi Bakı ilə qarşıdurmaya getməsi məntiqsizlikdir. Üstəlik, bunun  üçün heç bir birbaşa əsas yoxdur. Və indi Kreml məhz rəsmi Bakının maraqları üzərindən hərəkət etmək məcburiyyətində qalıb.

Ona görə də hesab etmək olar ki, Kreml yaxın vaxtlarda Ermənistanın iştirakı olmadan, Azərbaycanla anlaşmağa çalışacaq. Kremli Qarabağdakı erməni separatçı-terrorçuların taleyi qətiyyən düşündürmür. Rusiya böyük ehtimalla yaxın vaxtlarda Xankəndi və ətraf bölgədə Azərbaycan bayraqlarının dalğalanmasına və rəsmi Bakının təmsilçilərinin orada konstitusion idarəçilik sistemi qurmasına müqavimət göstərə bilməyəcək. Kreml sadəcə, Rusiyanın Cənubi Qafqazda mövqelərinin üzərindən tamamilə xətt çəkilməməsi üçün Azərbaycanla anlaşmağa çalışacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR