İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlının qətlinə görə ABŞ həbsxanasından təkzib

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli (Kvemo Kartli) bölgəsində azərbaycanlıların iştirakı ilə törədilən səs-küylü cinayət hadisəsinin bəzi təfərrüatları məlum olub.

Musavat.com ekhokafkaza.com-a istinadən xəbər verir ki, söhbət yanvarın 4-də Marneulidə zərgərlik mağazasına hücumdan gedir.

Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, şübhəli Türkiyəyə qaçmağa cəhd edərkən saxlanılıb. Nazirlikdən verilən açıqlamada deyilir ki, Marneuli polisi və Türkiyə Respublikasının Artvin Vilayət Polis İdarəsinin əməkdaşları Kartsaxi sərhəd sektorunda birgə əməliyyat çərçivəsində 2002-ci il təvəllüdlü vətəndaşı saxlayıblar.Saxlanılan şəxs iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd, eləcə də qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmədə ittiham olunur. Bu cinayətlər 20 ilə qədər həbs və ya ömürlük həbs cəzası nəzərdə tutur.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Marneuli bazarındakı qızıl dükanında 27 yaşlı Sahib Bayramovu öldürüb. Onun atası Rafil Bayramov əvvəllər telefonla təhdidlər aldığını, nömrəsini dəyişməyə məcbur olduğunu deyib. R.Bayramov bu barədə polisə niyə məlumat vermədiyini dəqiqləşdirməyib. Zərərçəkmişin sözlərinə görə, təhdid edənlər nüfuzlu avtoritet, hazırda ABŞ-da həbsdə olan Polad Ömərovun adını çəkiblər.

Bu iddia isə ciddi rezonans doğurub. Gürcüstanda onu təmsil edən vəkili tərəfindən yayılan açıqlamada deyilir ki, P.Ömərov hadisə ilə bağlı adının çəkilməsini təəssüflə və qətiyyətlə pisləyir.

Müraciətdə deyilir:“Hadisə zamanı həyatını itirmiş gəncə Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbir diləyirəm. Mən hal-hazırda ABŞ-da cəzaçəkmə müəssisəsində cəzamı çəkirəm. Heç kimlə şəxsi ədavətim yoxdur. Adımın bu hadisədə hallandırılmasını təəssüflə və qətiyyətlə qınayıram. Bu təkzibi verməyim soydaşlarımıza olan hörmət və məsuliyyət hissimdən irəli gəlir. Borçalıda yaşayan soydaşlarımız mənim üçün çox dəyərlidir, çünki ora mənim vətənimdir. Vətənimi sevdiyim qədər, onun insanlarına da xüsusi hörmətim var. Cəzamı başa vurduqdan sonra ən böyük arzum Gürcüstana qayıtmaqdır.”

Qeyd olunur ki, istintaq aparılmadan və rəsmi sübutlar ortaya qoyulmadan insanların adının bu cür ağır hadisələrdə hallandırılması həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir və cəmiyyətdə yanlış təsəvvürlərin formalaşmasına səbəb olur.

Polad Ömərov 2014-cü ildən mərhum “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) sayəsində kriminal aləmə daxil olub, hətta qohumluqları olduğu da iddi edilir. 2022-ci ildə ABŞ Polad Ömərovu iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada sui-qəsddə ittiham edərək barəsində İnterpol xətti ilə axtarış elan edib.

Polad Ömərov 2023-cü ilin yanvarında Çexiyada həbs edilib. Praqa şəhər məhkəməsi ABŞ-a ekstradisiya edib. P.Ömərovla birgə iş üzrə adı keçən Azərbaycan vətəndaşı Rafət Əmirov da təqsirli bilinib.

İstintaqla müəyyən olunub ki, Əmirov və Ömərov 2022-ci ilin iyulunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli üzvlərinin sifarişi əsasında Nyu Yorkda yaşayan İran hakimiyyətinin qəti tənqidçisi, xanım jurnalist Məsih Əlinejadın qətlini hazırlayıblar. Hər iki şəxsə bunun müqabilində 500 min ABŞ dolları vəd edilib. İstintaqın məlumatlarına əsasən, İran kəşfiyyatının agentləri bundan öncə də onun oğurlanmasını planlaşdırıblar, lakin cəhdlər uğursuz olub. Yeri gəlmişkən, Məsih Əlinejad 2009-cu ildə İrandan qaçıb. O, 2014-cü ildən etibarən sosial mediada iranlı qadınları hicab taxmaq məcburiyyətinə qarşı çıxmağa təşviq edən kampaniyaları ilə tanınıb. Onun X-də 500 mindən, İnstaqramda isə 8 milyondan çox izləyicisi var.

ABŞ məhkəməsinin ittihamına görə, Əmirov və Ömərov ABŞ vətəndaşı olan Xalid Mehiyevə M.Əlinejadı qətlə yetirməsi üçün 30 min ABŞ dolları ödəyiblər. Lakin sui-qəsd baş tutmayıb, belə ki, M.Əlinejad evinin ətrafında şübhəli hərəkətlər gördüyündən vaxtında gizlənə bilib. Elə həmin gün polis killeri avtomobili ilə yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıb və maşının salonunda avtomat aşkarlayıb. P.Ömərov məhkəmədə ittihamları rədd etsə də, son qərar ağır olub. Həm R.Əmirov, həm də P.Ömərov 25 il müddətinə azadlıqdan məhrum ediliblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR