İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda dollara tələbi azaldan İDXAL deyil

Son günlər Azərbaycanda dollara tələbatın azalması əsas müzakirə olunan mövzulardan biridir. Müzakirələr Azərbaycan Mərkəzi Bankının(AMB) İdarə Heyətinin sədri Taleh Kazımovun bir neçə gün əvvəl mətbuata verdiyi açıqlamalardan sonra vüsət alıb.

Musavat.com xəbər verir ki, Baş bankirin bu gün faiz dərəcəsi qərarının açıqlanması münasibətilə keçirilən brifinqdə verdiyi məlumata əsasən cari ilin yanvar-iyul aylarında AMB valyuta bazarına 2 milyard 77 milyon ABŞ dolları dəyərində alışyönlü müdaxilə edib: "Bu ilin 6 ayının, eləcə də iyul ayının nəticələrini nəzərə alsaq, nəğd valyuta bazarında təklif tələbi 500 milyon ABŞ dollarından çox üstələyib. 2026-cı ilin I yarısında Mərkəzi Bank hərraclar vasitəsilə 757 milyon ABŞ dolları satıb. Bu göstərici 2025-ci ilin eyni dövründə 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk 6 ayında isə 3,6 milyard ABŞ dolları olub. Beləliklə, hərraclar vasitəsilə satılan valyutanın məbləğində kəskin azalma müşahidə olunur”.

1c8fb1c8-b585-4871-ada4-5e81c03a1843 (1).jpg (64 KB)

T.Kazımovun sözlərinə görə, Mərkəzi Bankın aprelin 1-dən etibarən keçirilməsi planlaşdırılan 34 hərracdan yalnız 11-i baş tutub: “Yəni 23 hərracda iştirak edən, dollar alan olmayıb. Biz demişik ki, 70 milyon dollar satırıq, heç kim gəlib almayıb. Bu da 2016–17-ci illərdən bəri ilk dəfədir ki, həraclarda belə bir vəziyyət yaranır. Baş tutmuş hərraclarda ümumilikdə 243,4 milyon ABŞ dolları satılıb. Mövcud şəraitdə AMB valyuta bazarında alışyönümlü müdaxilə həyata keçirib. Ehtiyatların səmərəli idarə olunması və alışyönümlü müdaxilələr nəticəsində bizim valyuta ehtiyatlarımız 19,4 faiz və ya 2,2 milyard ABŞ dolları artaraq 13,7 milyard ABŞ dollarına yüksəlib".

Azərbaycanın bank sektoru son 2 ildə - İCMAL | marja.az

T.Kazımov bildirir ki, dollara tələblə yanaşı, bank sektorunda dollarlaşma səviyyəsi də azalır: "2026-cı ilin iyun ayının sonuna rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 25,6 faiz təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 3,8 faiz bəndi azalma deməkdir. 2021-ci ildə Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi 40 faizdən çox olsa da, hazırda 25,6 faizə düşüb, yəni təxminən 30 faiz bəndi azalıb. Digər tərəfdən, görürük ki, əmanətlər, xüsusilə də manat əmanətləri artır. ilk 6 ayda fiziki şəxslərin manat əmanətləri 11,6 faiz və yaxud 1,3 milyard manat artaraq iyulun 1-nə 12,5 milyard manata çatıb. Bunu ona görə vurğulayıram ki, nəğd valyuta bazarında dolları daha çox fiziki şəxslər satırlar. Bəzi ekspertlər bunu əhalinin real gəlirlərinin azalması ilə əlaqələndirirlər və hesab edirlər ki, insanlar bu səbəbdən yastıq altında saxladıqları valyutanı satırlar. Bu, mümkün izahlardan biri ola bilər. Ancaq biz başqa tendensiyanı da müşahidə edirik: həm nağd bazarda əhali valyuta satır, həm də əvvəlki illərlə müqayisədə manat əmanətlərində kəskin artım qeydə alınır.

Azərbaycanda müddətli əmanətçilərin sayı 220 mini ötüb

Təkcə manat əmanətləri deyil, unikal əmanətçilərin sayı da artır. Əgər 2024-cü ilin əvvəlində unikal əmanətçilərin sayı 113,9 min nəfər idisə, bu ilin iyun ayının sonuna həmin göstərici 220 minə çatıb. Beləliklə, təxminən iki il yarımda bu rəqəm demək olar ki, iki dəfə artıb. Yəni bu prosesə təsir edən bir neçə amil var. Valyuta bazarına gəldikdə, bildiyiniz kimi, idxalın həcmi azalıb. Bu da təbii olaraq valyuta bazarında tələbə azaldıcı təsir göstərir".

AMB rəhbəri maraqlı bir məlumat da qeyd edib. Onun sözlərinə görə, bu il Azərbaycanın banklararası valyuta bazarında rekord dövriyyə qeydə alınıb: "2023-cü ildən banklararası pul bazarını "Bloomberg" ticarət platformasında üzərində yaratmışıq. 2026-cı il həmin platformada ən yüksək dövriyyənin qeydə alındığı ildir. Banklar artıq bir-biri ilə valyuta alqı-satqısı həyata keçirirlər. Deməzdim ki, banklarda ümumiyyətlə valyutaya tələb yox idi. Bəzi banklarda tələb var idi. Digər banklarda isə kifayət qədər valyuta olduğu üçün onlar bu tələbi öz aralarında ödəyirdilər. Yəni Mərkəzi Bankın valyutasına ehtiyac qalmamışdı. Banklar tələb və təklifi öz aralarında balanslaşdırdıqları üçün bizim valyuta hərraclarına da ehtiyac yaranmırdı. Bu, çox vacib məsələdir".

Mərkəzi Bankın yeni binasının tikintisinə ayrılan vəsait 637 milyon manata  çatıb

Beləliklə, T.Kazımovun dollara tələbin və idxalın azalmasına dair dedikləri çoxsaylı müzakirələrə rəvac verib. Əksəriyyət idxalın azalması faktını iqtisadi durğunluğun göstəricisi kimi qeyd edirlər. Reallıq isə çox fərqlidir, çünki Azərbaycanın real idxalında ciddi bir azalma qeydə alınmayıb.

Necəsini rəsmi statistikanın açıqladığı rəqəmlərlə qeyd edək: Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Beləliklə, son 1 ildə ixrac 26,7 faiz artıb, idxal isə 27,6 faiz azalıb. Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,9 dəfə çoxdur. Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 24,4 milyard ABŞ dolları, o cümlədən ixracı 12 milyard 878,2 milyon dollar, idxalı isə 11 milyon 522,1 milyon dollar təşkil etmişdi. Nəticədə 1 milyard 356 milyon dollarlıq müsbət saldo qeydə alınmışdı.

Dollar UCUZLAŞACAQ

Digər bir statistikaya baxsaq, görərik ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin ilk 6 ayında xaricdən 34,5 ton qızıl alıb, nəticəsində qızıl ehtiyatı 181,1 tona çatıb. Dövlət Statistika Komitəsinin açıqladığı detallı xarici ticarət statistikasına əsasən ötən ilin birinci yarısında Neft Fondunun qızıl idxalının dəyəri 3 milyard 157 milyon 601,45 min dollar təşkil edib. Beləliklə, ötən ilin birinci yarısında ölkənin qızılsız idxalı 8 milyard 364 milyon 542,92 min dollar təşkil edib.
Bu ilin 6 ayındakı göstərici ilə müqayisə etsək, idxalda azalmanın cəmi 23 milyon 542,92 min dollar olduğunu görərik.

İdxalda diqqəti cəlb edən daha bir məqam Rusiyadan neft alışlarındakı kəskin azalmadır. Belə ki, bu ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan  Bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının idxalı miqdar baxımından 602874 tondan 64 632,31 tona, dəyər baxımından isə 293 milyon 832,89 min dollardan 33 milyon 667,91 min dollara düşüb. Bu isə o deməkdir ki, ötən illə müqayisədə bilavasitə əhali ilə bağlı olmayan 260 milyon dollarlıq daha bir azalma var. Bu məbləği də nəzərə alsaq, rahatlıqla deyə bilərik ki, bu il Azərbaycanın real idxalı nəinki azalmayıb, əksinə, artıb.


Oil prices are rising - Could the dollar depreciate against the manat? |  Modern.az

İxracdakı artıma gəlincə, burada da Neft Fondunun qızılı mühüm paya malikdir. Belə ki, cari ilin ötən dövründə Fond dəyəri 3 milyard 468 milyon 462,35 min dollar olan qızıl satışı həyata keçirib. Bu məbləği nəzərə almasaq, altı aylıq ixracımızın 12 milyard 852 milyon dollara bərabər olduğunu görərik. Bu isə ötən ilin birinci yarısındakı ixracdan 26,2 milyon dollar azdır. İxracdakı azalmanın əsas səbəbi neft-qaz sektoru ilə bağlıdır.

Beləliklə, aydın olur ki, dollara tələbin azalmasında idxalın azalmasının payı, demək olar ki, sıfıra bərabərdir. Neft Fondunun qızıl alverinin valyuta bazarına yeganə təsiri dollar bolluğu olar bilərdi ki, açıqlanan rəqəmlər bunun baş verdiyini göstərir. Demək ki, məsələ idxalla bağlı deyil. Bu mənada, dollara tələbin azalmasının başqa səbəbləri, xüsusilə də əhalinin yastıq altındakı dollarlarını satmaq məcburiyyətində qalması faktorunu daha düzgün qiymətləndirməyə ehtiyac var...

Dünya,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR