İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Ukraynanın PUA təcrübəsi – Aradakı FƏRQ

Böyük Britaniyanın Baş naziri Keyr Starmer Ukrayna ekspertlərini Fars körfəzi ölkələrinin müdafiəsinə cəlb etmək niyyətində olduqlarını bəyan edib. Londonun bu addımı regionda İran pilotsuz uçuş aparatlarının yaratdığı təhlükənin nə dərəcədə ciddi olduğunu bir daha ortaya qoyub.

Britaniya hökumət başçısının sözlərinə görə, “Şahid” tipli dronlarla mübarizədə böyük təcrübə qazanmış ukraynalı mütəxəssislər öz biliklərini britaniyalı ekspertlərlə birlikdə tərəfdaş ölkələrin təhlükəsizliyi üçün səfərbər edəcəklər. Bu əməkdaşlıq çərçivəsində Ukrayna hərbçilərinin dron əleyhinə effektiv müdafiə sistemlərinin qurulmasında yaxından iştirak edəcəyi gözlənilir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Bloomberg-ə müsahibəsində bildirib ki, ərəb liderləri Putinlə Rusiya-Ukrayna atəşkəsinin şərtləri barədə razılığa gələ bilsələr, Kiyev Yaxın Şərq ölkələrinə İran dronlarının məhv edilməsində kömək etməyə hazırdır. Onun sözlərinə görə, dörd illik tammiqyaslı müharibə ərzində Ukrayna dronların, o cümlədən Tehranın Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanına zərbələr endirmək üçün istifadə etdiyi “Şahid” raketlərinin ələ keçirilməsində unikal təcrübə toplayıb.

Ukrayna PUA sahəsində bu qədərmi qabağa gedib ki, NATO üzvü Britaniya ona müraciət edir? Bizim də onların təcrübəsini öyrənməyə ehtiyacımız varmı?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a deyib ki, Azərbaycan və Ukraynanın PUA (Pilotsuz Uçuş Aparatı) təcrübəsini müqayisə etmək maraqlı bir mənzərəni ortaya qoyur: “Hər iki ölkə bu sahədə qlobal miqyasda “trend müəyyən edən” tərəflər hesab olunsa da, ixtisaslaşdıqları istiqamətlər fərqlidir. Londonun Kiyevə müraciət etməsi Ukraynanın texnoloji üstünlüyündən daha çox, onun unikal döyüş təcrübəsi ilə bağlıdır. Çünki Ukrayna dünyada "Şahed" tipli kamikadze dronların kütləvi (sürü halında) hücumuna ən çox məruz qalan tərəflərdən biridir.

NATO ölkələri bahalı raketlərlə dron vurmağa adət edib, Ukrayna isə 20-30 min dollarlıq dronu bir neçə yüz dollarlıq vasitələrlə zərərsizləşdirməyi öyrənib. Britaniyanın Fars körfəzi ölkələri üçün istədiyi də məhz bu “iqtisadi səmərəli” müdafiə modelidir. Azərbaycan Vətən Müharibəsində daha çox operativ-taktiki (Bayraktar TB2, Harop) dronlarla əməliyyatları icra edib. Ukrayna isə daha kiçik FPV dronlar və uzaqmənzilli kamikadzelərdən istifadə edir”.

Ekspertin sözlərinə görə, Ukrayna pilotsuz aparatlara qarşı yalnız bahalı Hava Hücumundan Müdafiə (HHM) vasitələri ilə deyil, həm də mobil və elektron müdafiə şəbəkələri ilə mübarizədə böyük məlumat bazasına malikdir: “Kiyev hazırda hədəfi özü tanıyan və radio-maneə altında belə hədəfə çatan süni intellekt əsaslı dronları sınaqdan keçirir. O ki qaldı Zelenskinin ərəb ölkələrinə köməyinə, Yaxın Şərq liderləri (xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ) üçün Zelenski hazırda ciddi hərbi-siyasi tərəfdaşdan çox, Qərbin dəstəyinə möhtac olan müharibə tərəfidir. Ərəb ölkələri Putinlə münasibətləri tam pozmaqda maraqlı deyillər. Zelenskinin "mən onlara öyrədərəm" mesajı bu baxımdan bir növ siyasi marketinq kimi görünür. Yəni ki, “mən hələ də masadayam və mühüm bir bilik sahibiyəm”.

Hərbi ekspertin fikrincə, Ukraynanın qazandığı təcrübə, əslində, böyük itkilər hesabına başa gələn təcrübədir: “Bəli, onlar dronları vurmağı öyrəniblər, ancaq bunu öz texnologiyaları ilə deyil, yenə də Qərbin verdiyi kəşfiyyat məlumatları və avadanlıqları ilə edirlər. Ərəb ölkələri isə birbaşa texnologiyanın sahibindən (ABŞ və ya Britaniyadan) bu xidməti almağa üstünlük verirlər, “vasitəçidən” yox. Azərbaycanın PUA təcrübəsi Ukraynadan fərqli olaraq “Zəfər gətirən təcrübə” kimi tarixə düşdü. Azərbaycan "dilənmədi", əksinə, illər öncə pulla aldığı texnologiyanı (İsrail və Türkiyə sistemlərini) elə bir peşəkarlıqla birləşdirdi ki, qüsursuz bir müharibə örnəyi ortaya qoydu. Hesab edirəm ki, Azərbaycan nəinki Ukrayna, ümumiyyətlə bütün müharibələri təhlil etməli və bütün təcrübələrdən yararlanmalıdır”.

Cavanşir ABBASLI,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR