Onlayn ictimai-siyasi qəzet
Türkiyənin siyasi xəritəsində gözlənilməz dəyişiklik baş verir. Özgür Özəlin rəhbərlik etdiyi Yeni Partiyanın yaranması ilə CHP faktiki olaraq parçalanma mərhələsinə daxil olub.
Özel və onunla birlikdə 90-dan çox deputat CHP-dən ayrıldıqdan sonra Yeni Partiya parlamentdə böyük siyasi qüvvəyə çevrilib. İndi proses yalnız parlamentlə məhdudlaşmır. Yeni Partiyaya bələdiyyə sədrlərinin də kütləvi keçidi başlayıb. 29 iyulda partiyanın parlament fraksiyasının sədr müavini Gökhan Günaydın 200-dən çox bələdiyyə sədrinin CHP-dən istefa verdiyini açıqlayıb.

Bu proses Azərbaycan üçün də maraqlıdır. Çünki CHP ilə Bakı arasında münasibətlər son illərdə xüsusilə Özgür Özəlin rəhbərliyi dövründə yeni mərhələyə keçmişdi.
Özəl 2024-cü ildə İlham Əliyevlə telefon danışığında Qarabağ Zəfəri münasibətilə Azərbaycanı təbrik edib, 2025-ci ildə isə yenidən Azərbaycan Prezidenti ilə danışaraq iki ölkə arasındakı münasibətlərin və CHP - Azərbaycan əlaqələrinin gücləndirilməsi barədə razılaşdıqlarını açıqlayıb.
Bu baxımdan Ankara daxilindəki parçalanma Bakının qarşısına yeni siyasi reallıq çıxarır: Azərbaycan indiyə qədər CHP ilə qurduğu münasibətləri hansı siyasi strukturla davam etdirəcək? Bakı üçün bu mərhələdə ən rasional yanaşma nə olacaq?
Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayevin sözlərinə görə, Özəl Azərbaycanla təmaslara maraq göstərsə, rəsmi səviyyədə müsbət münasibətin şahidi ola bilər.
"Onun partiyası Türkiyə siyasətində hələ yenidir və oturuşmaq üçün zamana ehtiyacı var. Bu səbəbdən də beynəlxalq əlaqələr, eləcə də Azərbaycanla əməkdaşlıq mövzusunda bir müddət vaxt lazımdır. Özgür Özəl CHP-də olarkən Azərbaycana xoş münasibət sərgiləyib və bunu yaddan çıxarmamışıq. Məncə, eyni dəsti-xətti Yeni Partiyada da davam etdirəcək", - deyə deputat qeyd edib.
CHP ilə əlaqələrə gəlincə, Elşad Musayevin fikrincə, Kılıçdaroğlu dövründə ciddi yaxınlaşma gözləmir: "Biz unutmamışıq ki, Kılıçdaroğlu seçkilərin I turundan öncə “Türk yolu” adlandırdığı layihədə Azərbaycana yer verməmişdi. Bu, onun hansı mövqedə dayandığını göstərmişdi və ictimaiyyətdə etirazla qarşılanmışdı. Bundan əlavə, həmin dövrdə Kılıçdaroğlunun baş müşaviri Ünal Çeviköz “Türkiyənin Azərbaycana dəstək verməsindən təəssüflənir”, həm də iddia edirdi ki, “Türkiyə suriyalı terrorçuları Azərbaycana göndərib”. Doğrudur, Kılıçdaroğlu Azərbaycanla dost olduqlarını da deyib, amma cəmiyyətdə rəy birmənalı deyil. Ona görə də qarşıdakı dövrdə əməkdaşlıqda xüsusi irəliləyiş olacağını güman etmirəm".
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə müttəfiqliyi yüksəlişdədir, iki dövlət arasında qardaşlıq və əməkdaşlıq güclənməkdədir: "Türkiyə siyasətində baş verən hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq, qardaş dövlət və xalqla münasibətlərimiz hər zaman yaxşı olmalıdır. Bizim üçün birinci dərəcəli etibarlı və səmimi müttəfiq Türkiyədir. İstərsə AKP, istərsə CHP, yaxud Yeni Partiya iqtidar olsun, biz Türkiyə ilə müttəfiqliyi hər zaman yüksək səviyyədə saxlamalıyıq. Çünki bənzəri olmayan müttəfiqlikdir və bu gün ikinci belə nümunə tapmaq mümkün deyil. Sözsüz ki, cənab Ərdoğanın hakimiyyəti dönəmində Azərbaycan-Türkiyə əlaqələri daha da inkişaf edib, Şuşa bəyannaməsi imzalanıb, ticarət dövriyyəsində artım var. Bütün bunlar vacib məsələlərdir. Hazırda iki qardaş dövlət Cənubi Qafqazın həyatında, dayanıqlı sülhün təmin olunmasında mühüm rol oynayır. Bu siyasəti Türkiyənin gələcəkdə istənilən iqtidarı davam etdirməlidir".
Emil Salamoğlu,
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ