Onlayn ictimai-siyasi qəzet
Yaxın Şərqdə gərginliyin yenidən artdığı bir vaxtda İran və ABŞ arasında səslənən qarşılıqlı ittihamlar beynəlxalq gündəmi zəbt edib. Raket proqramı və nüvə fəaliyyəti ətrafında müzakirələr fonunda tərəflər bir-birini ittiham etsə də, diplomatik kanalların yenidən işə düşməsi ilə bağlı verilən mesajlar diqqət çəkir. Region ölkələri, o cümlədən Azərbaycan isə prosesi diqqətlə izləyərək sabitliyin qorunmasının tərəfdarı olduğunu nümayiş etdirir.
Xarici işlər naziri Abbas Əraqçi “X” hesabında paylaşım edərək İranın ədalətli və bərabərhüquqlu sazişə ən qısa müddətdə nail olmaq üçün Cenevrədə ABŞ ilə danışıqları bərpa edəcəyini bildirib. XİN rəsmisi əvvəlki danışıqlar raundunda əldə edilmiş razılaşmalara əsaslanaraq qeyd edib ki, qarşılıqlı maraqları nəzərə alan və ümumi məqsədlərə nail olunmasını təmin edən misilsiz bir saziş bağlamaq üçün tarixi fürsət var.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Konqresdə çıxışı zamanı bəyan edib ki, İran Avropanı və xaricdəki ABŞ bazalarını təhdid edə biləcək raketlər hazırlamağa başlayıb. İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqayi isə qeyd edib ki, ABŞ rəsmilərinin İranın nüvə və ballistik raket proqramı barədə iddia etdikləri, eləcə də yanvarda baş verən iğtişaşlarda ölü sayı ilə bağlı dedikləri yalandır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a son vəziyyəti şərh edib.

Deputat bildirib ki, İran-ABŞ danışıqları beynəlxalq gündəliyin əsas mövzularından biridir, Azərbaycan isə prosesi diqqətlə izləməklə yanaşı, öz töhfəsini verməyə hazırdır:
“İran Azərbaycanın xarici siyasətində əhəmiyyətli istiqamətlərdən biridir. İran bizim tarixi qonşumuzdur, mədəniyyətimizdə oxşarlıqlar çoxdur. İranda Azərbaycan xalqının əhəmiyyətli hissəsi yaşayır. Buna görə də cənub qonşumuzun işlərinin yaxşı olması Azərbaycanın arzuladığı məsələlərdən biridir. İranın Qərblə, xüsusilə ABŞ ilə münasibətləri çox gərgindir. Vaxtaşırı bu münasibətlər danışıqlara doğru gedir. Təəssüf ki, ötən il İsraillə 14 günlük qarşıdurma regionda və dünyada gərginliyi artırdı. Son zamanlar diplomatik danışıqların aparılması gündəmin əsas mövzularından biridir. Hər iki tərəfdən müsbət siqnallar görülməkdədir. Ümid edək ki, tərəflər ortaq məxrəcə gələcəklər. Nə Qərb, nə də İran gərginliyin tərəfdarıdır, müharibədə, yaxud uzunmüddətli qarşıdurmada maraqlı deyillər. Bu, beynəlxalq birlikdə sülhə mane olur, eyni zamanda beynəlxalq ticarət əlaqələrini pozur. Ən əsası isə bəşəriyyətin diqqətini qarşıda duran qlobal problemlərin həlli əvəzinə yeni müharibə təhlükəsinə yönəldir. Danışıqların müsbət nəticə verəcəyinə, tərəflərin ortaq mövqe tapa biləcəyinə, gərginlik ocağının regiondan uzaqlaşacağına ümid edirik. Azərbaycan bu məsələdə vasitəçi olmağa, İranın Qərb, ABŞ ilə münasibətlərinin normallaşmasına öz töhfəsini verməyə hazırdır”.
Nigar Həsənli,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ