İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa şirkətləri uzunmüddətli ticarət savaşına hazırlaşır – ABŞ və Çinlə bağlı RİSK

Avropa şirkətləri dünyada artan geosiyasi və ticarət qarşıdurmalarının müvəqqəti böhran deyil, uzunmüddətli reallığa çevrildiyini düşünür. Xüsusilə ABŞ və Çinlə ticarətdə gömrük rüsumlarının qarşıdakı illərdə də ciddi maneə olaraq qalacağı gözlənilir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu nəticə Avropa İnvestisiya Bankı və Avropa Komissiyasının birgə araşdırmasında yer alıb.

Hesabata əsasən, Aİ şirkətlərinin 64 faizi geosiyasi risklərə qarşı hazır olduqlarını bildirir. Avropa biznesi ayrı-ayrı böhranlara təcili reaksiya vermək əvəzinə tədarük zəncirlərini uzunmüddətli risklərə uyğunlaşdırmağa başlayıb.

Xarici risklər səbəbindən tədarük zəncirində dəyişiklik edən Aİ idxalçılarının payı 2023-cü ildəki 50 faizdən 2025-ci ildə 37 faizə düşüb. Araşdırma müəllifləri bunu şirkətlərin fövqəladə tədbirlərdən daha davamlı strategiyalara keçməsi ilə izah edirlər.

Avropa Komissiyasının baş iqtisadçılarından Roman Arxona bildirib ki, şirkətlər tədarük mənbələrini şaxələndirir, mümkün böhranlara hazırlığa investisiya yatırır və Aİ-nin vahid bazarından sabitlik mənbəyi kimi istifadə edirlər.

Əsas təhlükələrdən biri isə gömrük rüsumları olaraq qalır. ABŞ ilə işləyən Avropa şirkətlərinin 67 faizi tariflərin uzunmüddətli maneəyə çevriləcəyini gözləyir. Çinlə ticarət edən şirkətlər arasında bu göstərici 60 faizdir.

Araşdırma beynəlxalq ticarətdə yeni gərginliyin yarandığı bir vaxtda açıqlanıb. Sentyabrın 16-da Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kanada ilə münasibətlərin daha da yaxınlaşdırılması barədə danışıb.

Bunun ardınca ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqını yeni gömrük rüsumları ilə hədələyib.

Beləliklə, Avropa biznesi artıq ABŞ və Çinlə ticarətdəki gərginliyi qısamüddətli siyasi problem kimi deyil, şirkətlərin investisiya və tədarük strategiyalarını uzun müddət müəyyənləşdirəcək risk kimi qiymətləndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR