İnsanlara hürriyət, millətlərə istiqlal!

Atəşkəs niyə pozulur?- MÜHÜM MƏQAMLAR  

"Paşinyan dərhal müdafiə nazirindən hesabat tələb etməlidir, əks halda fevralda olduğu kimi atəşin açıldığı post zərbə ilə dağıdılacaq"


Xəbər verdiyimiz kimi iyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin məlumatına görə ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bəs atəşkəs niyə pozulur?

Musavat.com bildirir ki, politoloq Elxan Şahinoğlu məsələyə bu cür şərh bildirib:

"Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Naxçıvan istiqamətində atəşkəsi pozduğuna dair ard-arda xəbərlər yayır. Ermənistan Müdafiə Nazirliyi bu xəbərləri təkzib edir. Ermənistanın baş naziri Nikol Paşinyan bunu belə izah edib ki, ya həqiqətən atəşkəsin pozulması halları var, ya da bu eskalasiya məqsədilə həyata keçirilir.

Paşinyan “eskalasiya” dedikdə Azərbaycan ordusunun hansısa hücum planını həyata keçirmək üçün atəşkəsin pozulması barədə xəbərlər yaydığını iddia edir. Azərbaycanın Naxçıvandan atəşkəsi pozmaqda heç bir marağı yoxdur. Naxçıvan istiqamətində bizə sakitlik lazımdır, atəşkəsi pozmaq nəyimizə lazımdır? Əsas hədəfimizə çatmışıq, ərazi bütövlüyümüz və Qarabağ üzərində suverenliyimiz təmin olunub. Nikol Paşinyan “ya həqiqətən atəşkəsin pozulması halları var” deməklə əslində elə öz ordusunun təxribatına işarə edib. Paşinyan özü də bir neçə dəfə etiraf edib ki, Ermənistan ordusunda “beşinci kolon” mövcuddur, üstəgəl silahlı qüvvələrə “Erkrapa” kimi fərqli terrorçu qruplar cəlb edilib. Bu ilin fevralında Azərbaycanın mövqelərini elə “Erkrapa” üzvləri atəşə tutmuşdular. Bunu Paşinyan da etiraf edib.

Nikol Paşinyanın təklifi var: "Biz Bakını sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq üçün dəvət etməyə hazırıq. Həqiqi vəziyyəti anlamaq, o cümlədən beynəlxalq ictimaiyyət üçün, düşünürəm ki, sərhəddə atəşkəs rejiminin pozulması hallarının araşdırılması məqsədilə ikitərəfli mexanizm formalaşdırmaq yaxşı fikir olardı. Mən belə bir təkliflə çıxış etməyə hazıram”.

Politoloq qeyd edib ki, Paşinyanın təklifinə indiki şərtlər altında razılaşmaq mümkün deyil:

"Birincisi, ortaq komissiyanın formalaşdırılması üçün ilk növbədə iki ölkə arasında sülh və ya çərçivə sazişinin imzalanması lazımdır. İkincisi, Paşinyanın da etiraf etdiyi kimi, ordusunda təxribatçı qüvvələr var və Ermənistan silahlı qüvvələri müxtəlif terrorçu qruplardan formalaşıb. Fevral ayında baş verən təxribata bir daha qayıdaq. Deməli Ermənistan silahlı qüvvələrindəki “Erkrapa” terrorçusu snayper atəşi ilə Azərbaycan hərbçisini yaralayıb və Paşinyanın məntiqinə görə belə halları “ortaq komissiya” araşdırmalıdır. Həmin “ortaq komissiya” məsələni araşdırana kimi terrorçu İrəvana geri dönərək cəzasız qalacaqdı. Azərbaycan isə atəş açılan postu dağıtmaqla terrorçunu neytrallaşdırmaqla cavab verdi və doğru olan da budur".

Elxan Şahinoğlu qeyd edib ki, Paşinyan Naxçıvana açılan atəşi müəyyənləşdirmək üçün “ortaq komissiyanın” yerinə müdafiə nazirindən həmin istiqamətdə nələrin baş verməsiylə bağlı hesabat tələb etməlidir, qarşısı alınmayacaqsa fevralda olduğu kimi atəşin açıldığı post zərbə ilə dağıdılacaq.

Xalidə Gəray
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR