İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvad almağın üsulları haqda

Müsəlmanlar “Qərb bütün yaxşı şeyləri bizdən öyrənib” deyəndə bunu qəribçiliyə salmaq lazım deyil. Həyat özü hər gün bu tarixi prosesin həqiqən olmağını isbat edir. Məsələn, bütün müsəlman ölkələrində jurnalistlər adam yerinə qoyulmur, onları hər yerdən iti qovan kimi qovurlar. Təzəlikcə Amerikanın böyüyü Tramp müəllim 3-4 televiziya jurnalistini Ağ evdən rədd eləmişdi. Düzdür, indi deyəsən məhkəmə həmin jurnalistlərin üzünə Ağ evin qapı-pəncərəsini yenidən açıbdır, ancaq tələsməyin. Tramp nəsə bir təzə bəhanə tapacaq. Günəş həmişə Şərqdən doğur.

Tramp demişkən, İranda bir hamam var, onu 1 şamla qızdırırlar. Bir neçə dəfə hamamı söküb təzədən yığıblar, ancaq şamın sirri çözülməmişdir, əlhəmdüllah. Çox adam bilmir, əslində Tramp İranı həmin şamı söndürmək üçün vurur. Neçə aydır bomba yağır, lakin şamı söndürmək mümkün olmur.

O cümlədən, bizdə hər yer şadlıq sarayı ilə doludur, amerikalılar da istəyirlər Ağ evin yanında sütunsuz şadlıq sarayı açsınlar. Gəlin maşını birbaşa Oval kabinetdən saraya daxil olacaqmış.

Yayda Fransadan xəbər gəldi ki, eyvanda paltar qurutmaq 1500 avro cərimə ediləcəkdir. Mən bu xəbəri görəndə gülmüşdüm. Niyə? Çünki rəhmətlik Vasif xan bu qadağanı hələ 10-15 il qabaq Naxçıvanda tətbiq edirdi. Naxçıvanda nəinki balkonda, hətta bəzi xəbərlərə görə evin içərisində də ip çəkib paltar qurutmaq qadağan olunmuşdu. Buna yol verənlərin özünü həmin iplərdən asıb qurudurdular, yalan olmasın. Deyirdilər guya xan bölgəyə çoxlu elektrikli paltarqurutma qurğusu idxal edib, onları satdırır, ancaq mən inanmırdım. Məncə eyvandan tuman-zad asılması Vasif müəllimin estetik dünyagörüşünə zidd idi. O ümumiyyətlə, çox mədəni insan idi, məsələn, bütün naxçıvanlıların məcburi oxumağı üçün kitab siyahısı tərtib etmişdi! Qədri sonra bilinəcək, tələsməyin.

Ən maraqlı əhvalatlardan biri isə İtaliyada olmuşdur. Oranın xarici işlər naziri Antonio Tayani keçən həftə aləmi bir-birinə qatıb. Deyib ki, əgər oğlumu evləndirsəm ona məsləhət görərəm gözəl qadın yerinə sədaqətli, ciddi qadınla evlənsin. Faktiki “başı bağlamaq qeyrət-namusdur” kimi açıqlama verib. İndi italyanlar və o cümlədən bütün Qərb-Avropa cameəsi tökülüşüb Antonio müəllimin üzərinə. Deyirlər bu nə köhnə fikirlərdir, belə çıxır gözəl qadınlar ciddi olmur, analığa layiq deyil? Hətta Tayaniyə etiraz üçün arvadlı-kişili mini yubka geyinib şəkil çəkdirən, bunu sosial şəbəkədə yayanlar kampaniyası başladılıbmış.

Antonio-nun fikirləri hələ min il qabaq, təxminən 1000-1050-ci illərdə qələmə alınmış şərq pedaqoji ədəbiyyatının parlaq örnəklərindən olan “Qabusnamə”də az qala eynilə vardır! Həmin əsərin “Evlənmək haqqında” adlı fəsilində yazır: “Ey oğul, arvad alanda malına görə alma, çox gözəlini də axtarma, gözəlliyə görə məşuqəni seçərlər. Arvad ismətli, namuslu, dindar, evdar, ərini sevən, həyalı, təmizkar, başıaşağı, üzüyola, əlidüz, malyığan olmalıdır, beləsi elə gözəldir”. Sitatın sonu.

Ümumiyyətlə, “Qabusnamə”də maraqlı, aktual fikirlər, məsləhətlər çoxdur. Elə təkcə bu Həcc məsələsini, “kimin imkanı varsa ziyarətə getsin, olmayan getməsin” söhbətini görün nə gözəl izah edir, özü də şeirlə: “Yar məni çağırmayıb, yer vermirsə eyvanda, “Yoxsulsan, gəlmə” deyib, xar edirsə hər yanda, Onda təqsir görməyin, bax, o böyük Allah da, Öz evinə çağırmır, insan yoxsul olanda”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2026

26 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR