İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik son təhlükəli varianta da əl atdı: İrəvandan dərhal “Bakıya get” mesajı verildi

Erməni separatçı-terrorçuların Xankəndi aksiyaları beynəlxalq məkanda reaksiyadan uzaqdır, bu, silahlı cinayət dəstələr üçün “ümid qapıları”nın tamamilə qapanmaq üzrə olduğunu göstərir... Rusiyanın da müdafiəsinə inamını itirməkdə olan Araik Arutyunyan və yaxın ətrafı Azərbaycan həbsxanalarında, “dəmir barmaqlılar” arxasında yaşayacaqları həyata böyük sürətlə yaxınlaşır...

Cənubi Qafqazda erməni separatizmi və terrorizminin gələcək taleyi həll olunmaq üzrədir. Artıq hər kəs, o cümlədən də, beynəlxalq qurumlar da anlayırlar ki, daha belə davam edə bilməz. Ermənilərin regionda cinayətkarlıq fəaliyyəti əvvəl-axır sona çatmalıdır. Və rəsmi Bakı da Azərbaycanın Qarabağ regionunda erməni terrorizminin mövcudluğuna uzun müddət səbr göstərmək niyyətindən çox-çox uzaqdır.

Təbii ki, regional proseslərin inkişaf istiqamətləri erməni radikal-revanşist dairələrə qətiyyən sərf etmir. Çünki bu cinayətkar dairələr onilliklər boyu erməni terrorizmini özləri üçün əsas gəlir qaynağına çeviriblər. Ona görə də, erməni separatizminin və terrorizminin ömrünü mümkün qədər uzatmaq üçün yollar axtarırlar. Və bu məqsədlə də müqavimət göstərməyə çalışırlar.

Məsələ ondadır ki, ABŞ-ın İrəvandakı səfiri Kristina Kvinin açıqlaması erməni terrorizminin gələcək taleyi ilə bağlı ilk önəmli mesajlardan sayıla bilər. Çünki amerikalı səfir açıq mətnlə vurğulamışdı ki, ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşa biləcəyinə əmindir. Bu, Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçular üçün “beynəlxalq dəstək qapıları”nın artıq qapanmaq üzrə olduğunu göstərirdi.

İndi erməni separatçılar da son 30 ildə vərdiş etdikləri situasiyanın xilas edilməsi üçün mümkün varuantların sırası o qədər də geniş deyil. Belə ki, rəsmi Bakı Laçın yolu üzərindəki nəzarət-buraxılış məntəqəsi ilə erməni separatçı-terrorçuların silah-sursatla təchizat “pəncərə”sini tamamilə qapatmağa nail olub. Bundan sonra Ermənistan Qarabağdakı erməni terrorçulara heç nə ilə yardım göstərə bilməz.

12323.jpg (861 KB)

ABŞ və Qərb son vaxtlar “erməni kartı”ndan tamamilə imtina etmək istiqamətində mövqe tutmağa başlayıb. Hətta ABŞ Ermənistandan və erməni separatçılardan Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasıyla bağlı reallıqla barışmağı tələb edir. Bu isə o deməkdir ki, həm rəsmi İrəvan, həm də erməni separatçı-terrorçular üçün indi yalnız Fransa və Rusiyanın dəstəyi aktual olaraq, qalır.

Rəsmi Bakı Fransanın Cənubi Qafqazdakı sülh prosesində iştirak cəhdlərini artıq bloklayıb. Bu səbəbdən də, rəsmi Paris regional proseslərdə oyundankənar vəziyyətə düşüb və Fransa demək olar ki, Cənubi Qafqazda hər hansı geopolitik təsir mexanizmlərinə sahib deyil. Və bu baxımdan, Fransa erməni separatizmi və terrorizmini xilas edə biləcək beynəlxalq güc rolundan çox-çox uzaqdır.

Ona görə də, indi erməni separatçı-terrorçular yalnız Rusiyaya ümid bəsləyirlər. Halbuki Kremlin də regional təsir mexanizmlərinin sırası son vaxtlar ciddi şəkildə məhdudlaşdırılıb. Hər halda, Rusiyanın regional mövqeləri Kremlə özünü Cənubi Qafqazda əvvəlki kimi inamlı və arxayın hiss etmək imkanı tanımır. Xüsusilə də, Azərbaycan-Türkiyə İttifaqının şəriksiz geopolitik iradə sahibinə çevrilməsi Rusiyanın manevr imkanlarını ciddi şəkildə daraldır.

Digər tərəfdən, Kremlin regionda “təxribat layihələri” də rəsmi Bakının qətiyyətli mövqeyi ilə ifşa edilərək, iflasa uğradılıb. Rusiyanın “təxribat emissarı” Ruben Vardanyan küncə sıxışdırılmış durumdadır və indi özünü xilas etmək barədə düşünmək məcburiyyətində qalıb. Halbuki, bu fırıldaqçı və kriminal erməni milyarder Qarabağ bölgəsindən qaça bilsə belə, onun üçün seçim variantları çox deyil.

3d40c9a6f3823070ba7d8e0045c74e9a.jpg (279 KB)

Məsələ ondadır ki, son vaxtlar R.Vardanyanın maliyyə-iqtisadi cinayətləri barədə yeni faktlar açıqlanmağa başlayıb. Onun hətta Rusiya hakimiyyətinin daxili düşmənləri ilə də cinayət əlaqəsinə girdiyi məlum olub. Və bu baxımdan, R.Vardanyan üçün Rusiyaya qaçmağa nail olacağı təqdirdə, Kremllə müəyyən problemlərinin yarana biləcəyi qətiyyən istisna deyil.

Belə anlaşılır ki, Kremlin “təxribat emissarı” da artıq Rusiyanın arxasına sığınıb, Qarabağ bölgəsindəki erməni separatçı-terrorçular üçün “xilaskar” rolunu oynaya bilməz. Böyük ehtimalla onu yaxın vaxtlarda Azərbaycan həbsxanalarında “dəmir barmaqlılar” arxasında həyat gösləyir. Və bu baxımdan, hazırda baş verənləri daha çox sonun başlanğıcı kimi dəyərləndirmək daha məntiqli görünür.

İndi erməni separatçı-terrorçular Rusiyanın da onlara umduqları dəstəyi vermək imkanında olmadığını tədricən anlamağa başlayıblar. Çünki Ukrayna savaşında zəifləyib, küncə sıxışdırılmış Rusiya son vaxtlar Azərbaycan-Türkiyə İttifaqından asılı vəziyyətə düşməkdə davam edir. Belə bir situasiyada Kremlin Azərbaycan-Türkiyə İttifaqı ilə açıq qarşıdurma təhlükəsi yarada biləcək addımlar atacağı qətiyyən inandırıcı deyil.

Ona görə də, erməni separatçı-terrorçular hazırda son variantdan istifadə etməyə çalışırlar. Belə ki, bu terrorçular Qarabağdakı erməni əhalini öz məqsədlərinin girovuna çevirməyə cəhd göstərirlər. Hər halda, Xankəndidə mitinq və yürüşlərin təşkilinə cəhdlər belə düşünməyə əsas verir. Halbuki, bir müddət öncə terrorçubaşı Araik Arutyunyan özü mitinq və aksiyaları “qadağan” etmişdi. Və indi bu “qadağa”nın ləğvi erməni separatçı-terrorçuların ümid bəsləyəcəyi başqa variantın qalmadığını təsdiqləyir.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB)

Ancaq bu variantın da effektiv ola biləcəyi qətiyyən inandırıcı deyil. Çünki artıq ötən əsrin 90-cı illəri çoxdan arxada qalıb. İndi heç kəs mənasız erməni hay-küyünə əhəmiyyət vermək niyyətində deyil. Üstəlik, bu mitinqlərin hansı “şüarlar”la keçirilməsi də aksiyaların ermənilər üçün ümidverici variant olmadığını göstərir. Çünki beynəlxalq hüquq normalarına görə, Azərbaycan öz sərhədlərini qorumaq, ölkə daxilində separatizmə və terrorizmə qarşı mübarizə aparmaq haqqına sahibdir.

Bu isə o deməkdir ki, heç bir mitinq və ya aksiya rəsmi Bakının Azərbaycan ərazisində quraşdırdığı Laçın postunu ləğv etməyə sövq edə bilməz. Eyni zamanda, rəsmi Bakıdan Azərbaycan ərazisində separatizm və terrorizmə şərait yaradılmasını tələb etmək də absurddur. Və belə məntiqsiz tələblər yalnız ermənilərin ağlına gələ bilər.

Təbii ki, erməni separatçı-terrorçuların Xankəndidə keçirtdikləri aksiyaların beynəlxalq məkanda reaksiya doğura biləcəyi qətiyyən inandırıcı deyil. Hələlik Ermənistandan verilən ilk reaksiya isə erməni separatçı-terrorçular üçün heç bir ümid yerinin olmadığını göstərir. Belə ki, Paşinyan hakimiyyətinə bağlı erməni deputat Sarkis Xandanyan Araik Arutyunyana və onun yaxın ətrafına rəsmi Bakı ilə dialoqa başlamağı məsləhət görüb. Onun fikrincə, rəsmi Bakı ilə danışıqlar Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi üçün vacibdir.

Bütün bunlar Araik Arutyunyan və onun terrorçu dəstəsinin müqavimət üçün son uğursuz cəhdlərini etdiklərini göstərir. Halbuki bu cəhdlər erməni separatçı-terrorçuların sonunu daha da sürətləndirə bilər. Və heç kim rəsmi Bakının səbrinə böyük ümidlər bəsləməməlidir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR