İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Qərb Türkiyənin “axilles dabanı”nı tapıb: Türk Dünyasını “altılı masa”nın “qılıncı” ilə vurmaq istəyirlər

Müxalifətin prezidentliyə namizədi Kamal Kılıcdaroğlunun seçki vədləri Türkiyənin deyil, məhz ABŞ və Qərbin strateji maraqlarına tamamilə cavab verir... CHP lideri seçkidə qalib gələcəyi təqdirdə, Türkiyəni ABŞ və Qərbdən asılı vəziyyətə salmağa yönəlik daxili və xarici siyasət kursunu anons etməkdədir...

Hazırda bütün dünyanın diqqəti məhz Türkiyə üzərində indeksləşib. Türkiyədə keçiriləcək prezident seçkiləri beynəlxalq siyasi iradə mərkəzləri üçün böyük əhəmiyyət daşıyır. Hətta Qərb mətbuatı bu seçkiləri bütün dünya üçün ən önəmli proses elan edib. Və Türkiyədə keçiriləcək prezident seçkilərinin yekun nəticələrinin dünyanın gələcək taleyinə önəmli təsirinin olacağını qabardıb.

Maraqlıdır ki, ABŞ və Avropa Birliyi bütün gücünü Ərdoğan hakimiyyətinin əleyhinə yönəldib. İndi Qərb mətbuatında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhinə sərt materiallara daha tez-tez rast gəlinir. Bu baxımdan, hazırda Türkiyənin də gələcək taleyinin həll edildiyi qətiyyən şübhə doğurmur.

Bütün müşahidələr onu göstərir ki, Türkiyədə keçiriləcək prezident seçkilərində keçmişlə gələcək arasında amansız mübarizə olacaq. Prezident R.T.Ərdoğanın hakimiyyətə gəlişinə qədər Türkiyə müstəqil xarici siyasət yürütmək şansından məhrum edilmiş, siyasi-ictimai və maliyyə-iqtisadi böhranlar içərisində çabalayan bir ölkə idi. Prezident R.T.Ərdoğan hakimiyyətdə olduğu 20 ilə yaxın bir müddətdə Türkiyəni “böhran bataqlığı”ndan çəkib, çıxartmağa nail oldu. İndi rəsmi Ankara ABŞ və Qərbin ənənəvi direktivlərinə əhəmiyyət belə, vermir. Türkiyə müstəqil xarici siyasət yürüdür, ABŞ və Qərbin qurduğu məkrli geoploitik planları pozmaqdan çəkinmir.

Prezident R.T.Ərdoğan Türkiyənin müdafiə qabiliyyətini artırıb. Hərbi-sənaye kompleksini inkişaf etdirib, Türkiyəni enerji resurslarına sahib olan və nüvə klubuna üzv ölkəyə çevirib. Rəsmi Ankara hazırda Türkiyə ordusunun hərbi ehtiyaclarının 80 faizdən artığını daxili istehsal hesabına təmin edir. Türkiyənin yüksələn hərbi-siyasi qüdrəti rəsmi Ankaraya dünyanın bir çox regionlarına geopolitik oyunçuya çevrilmək imkanları açıb. Və Ərdoğan hakimiyyəti son illərdə PKK terrorunu da Türkiyə sərhədlərindən kənara atmağa nail olub.

erdo=miting.JPG (120 KB)

Təbii ki, Türkiyənin güclənməsi, beynəlxalq məkanda siyasi iradə nümayiş etdirməsi ABŞ və Qərbi ciddi şəkildə qıcıqlandırır. ABŞ və Qərbə “meydan oxuyan” deyil, məhz direktivləri yerinə yetirən zəif və aciz Türkiyə lazımdır. Prezident R.T.Ərdoğanın hakimiyyəti dönəmindəsə, aciz Türkiyə modelinin bərpası qətiyyən mümkün deyil. Ona görə də, ABŞ və Qərb prezident R.T.Ərdoğanın hakimiyyətdən kənarlaşdırılması üçün bütün variantları sınaqdan çıxarır.

İndiyə qədər Ərdoğan hakimiyyətinə qarşı iki dəfə dövlət çevrilişi planları işə salınıb. Ancaq hər ikisində Ərdoğan hakimiyyəti və Türkiyə bu məkrli planları dəf etməyə nail olub. Hər dəfəsində də Ərdoğan hakimiyyəti yaranmış situasiyadan daha da güclənərək, çıxa bilib. Və bütün bunlar Qərb siyasi dairələrində olduqca ciddi problem kimi qəbul edilir.

ABŞ və Qərb problem hesab etdiyi prezident R.T.Ərdoğanı hakimiyyətdən kənarlaşdırmaq üçün bu seçkiləri real fürsət kimi dəyərləndirir. İndi Qərb siyasi dairələri və mediası məhz Ərdoğan hakimiyyətinə real alternativ kimi gördüyü CHP lideri Kamal Kılıcdaroğlunu və “altılı masa”nı dəstəklədiyini qətiyyən gizlətmir. CHP lideri Kamal Kılıcdaroğlunu və “altılı masa” isə Qərbin bu dəstəyinə qarşılıq vermək üçün bütün vasitələrdən yararlanır.

Millət İttifaqı adlandırılan “altılı masa”nın prezidentliyə namizədi Kamal Kılıcdaroğlunun seçki platformasında millətin xeyrinə olacaq nəsə tapmaq çox çətindir. Çünki “altılı masa”da olan və bir-birinə nifrət edən siyasətçiləri birləşdirən faktor onların hamısının Ərdoğan hakimiyyətinin dəyişməsi üçün istənilən addıma hazır olmalarıdır. Ona görə də, prezidentliyə namizədi Kamal Kılıcdaroğlunun seçki təbliğatı məhz Ərdoğan hakimiyyətinin inkarı üzərində qurulub.

erdo-masaalti.JPG (89 KB)

Məsələ ondadır ki, K.Kılıcdaroğlu Türkiyənin Hərbi-sənaye kompleksinin uğurlarından məmnun deyil. O, “Bayraktar TV2”, “Altay” tankları, hərbi təyyarə və helikopterlər də daxil olmaqla, bir çox silah növlərinin istehsalına ehtiyac olmadığını iddia edir. Türkiyənin dövlət quruluşunun dəyişdirilərək, parlamentar idarəçiliyin bərpa olunacağını vurğulayır. Böyük Britaniyadan Türkiyəyə  300 milyard dollar məbləğində borc verilməsini təmin edəcəyini bildirir. Və belə misalları daha da artıqmaq mümkündür.

Belə anlaşılır ki, ABŞ və Qərbin xüsusi həvəslə dəstəklədiyi K.Kılıcdaroğlu Türkiyəni yenidən böhranlı keçmişə qaytarmaq niyyətindədir. Əlbəttə ki, müxalif prezidentliyə namizədin ABŞ və Qərbin qarşısında Türkiyəni keçmişə qaytarmaq barədə öhdəlik götürdüyünə inanmaq bir qədər çətindir. Ancaq onun “vədlər”inə diqqət etdikdə, yalnız təəccüblənmək məcburiyyəti yaranır.

Məsələ ondadır ki, müxalif namizəd Türkiyənin Rusiya ilə bütün münasibətlərini kəsəcəyini, Qərbə inteqrasiya kursu götürəcəyini vəd edir. Halbuki, Rusiya ilə münasibətlərin qoparılması ilk növbədə Türkiyə iqtisadiyyatına sarsıdıcı zərbə vura bilər. Ən azından, bu halda, Türkiyənin turizm və kənd təsərrüfatı sektorları qısa müddətdə iflasa uğraya bilər. Çünki Türkiyə turizm sektoru məhz Rusiyadan gələn turistlərin sayəsində ayaqda durur, onmilyardlarla dollar gəlir gətirir. Rusiya ilə münasibətlər korlansa, Kreml Türkiyəyə rus turistlərin axınını bloklaya bilər.

Digər tərəfdən, Rusiya Türkiyənin istehsal etdiyi kənd təsərrüfatı məhsullarının əsas idxalçısıdır. Əgər, münasibətlərin korlanması qarşılığında Rusiya bu məhsulların idxalından imtina edərsə, onda, Türkiyənin kənd təsərrüfatı sektorunda çalışan milyonlarla insanın üzləşəcəyi vəziyyəti təsəvvür etmək çətin deyil. Yəni, Türkiyə iqtisadiyyatının iki önəmli sektorunu riskə atmaq ölkəni idarə etmək anlamı daşıya bilməz.

bay-kamal-masaalti.JPG (42 KB)

Nəhayət, K.Kılıcdaroğlu Ərdoğan hakimiyyətinin Türk Dünyasının gücləndirilərək, vahid siyasi-iqtisadi iradə mərkəzinə çevrilməsinə yönəlik fəaliyyətindən də məmnun deyil. Hətta “Türk yolu” layihəsinin icra istiqamətlərini dəyişəcəyini də elə indidən bəyan edir. Belə ki, Ərdoğan hakimiyyəti “Türk yolu”nun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan üzərindən keçməsini gələcəyə yönəlik strateji hədəf olaraq, müəyyən edib.

K.Kılıcdaroğlu isə nədənsə, Azərbaycanı kənarlaşdırmağı planlaşdırdığı bu layihəni İran üzərindən reallaşdırmaq niyyətindədir. Halbuki, onun Azərbaycana qarşı qərəzli mövqeyini nəzərə almadıqda belə, “Türk layihəsi”nin İrandan keçirilməsinin Türkiyənin rəsmi Tehrandan asılı vəziyyətə salınması anlamı daşıdığını diqqətdən qaçırtmaq olmaz. Bütün bunlar onu göstərir ki, K.Kılıcdaroğlu Türkiyəni inkişaf etdirmək kimi bir strateji hədəfə sahib deyil. Və indiki halda, onun Türkiyəni yenidən böhranlı keçmişə doğru çəkmək missiyası daşıdığından şübhələnmək üçün əsaslar var.

Məsələ ondadır ki, prezidentliyə namizəd Kamal Kılıcdaroğlunun seçki vədləri Türkiyənin deyil, məhz ABŞ və Qərbin strateji maraqlarına tamamilə cavab verir. K.Kılıcdaroğlu dolayısı ilə Türkiyəni ABŞ və Qərbdən asılı vəziyyətə salacaq daxili və xarici siyasət kursunu anons etməkdədir. Belə anlaşılır ki, ABŞ və Qərb Türkiyənin “axilles dabanı”nı artıq tapıb. Üstəlik, Türk Dünyasını da məhz K.Kılıcdaroğlunun “qılınci ilə vurmaq” şansı qazana bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR