Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin İrandakı virtual səfirliyi yanvarın 15-dən sonra ikinci dəfə bu ölkədə olan ABŞ vətəndaşlarına təhlükəsizliklə bağlı ciddi xəbərdarlıq edib.
Musavat.com xəbər verir ki, yayımlanan məlumatda İranda təhlükəsizlik vəziyyətinin ağır olaraq qaldığı, gücləndirilmiş nəzarət tədbirləri, yolların bağlanması, ictimai nəqliyyatda fasilələr və internetə çıxışın məhdudlaşdırılması hallarının davam etdiyi qeyd olunur. Bildirilir ki, İran hakimiyyəti mobil rabitə, şəhərdaxili və ümumölkə internet şəbəkələrinə girişi tez-tez məhdudlaşdırır.
Həmçinin vurğulanır ki, aviaşirkətlər İrana olan və İrandan həyata keçirilən uçuşları ləğv edir və ya ciddi şəkildə azaldır. ABŞ vətəndaşlarına internet kəsintilərinin uzunmüddətli ola biləcəyi barədə xəbərdarlıq edilir və alternativ əlaqə vasitələri planlaşdırmaları tövsiyə olunur. Təhlükəsiz olduğu təqdirdə, ölkəni quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində tərk etmək variantı da nəzərdən keçirilməlidir.
Xəbərdarlıqda ABŞ vətəndaşları üçün bir sıra tövsiyələr yer alıb. Onlara ABŞ hökumətinin köməyinə arxalanmadan İranı dərhal tərk etmək üçün şəxsi plan hazırlamaq çağırışı edilir. Uçuşların gecikə və ya ləğv edilə biləcəyi qeyd olunur və birbaşa aviaşirkətlərlə əlaqə saxlanılması məsləhət görülür.
Ölkəni tərk edə bilməyən şəxslərə yaşayış yerlərində və ya digər təhlükəsiz binalarda qalmaq, kifayət qədər qida, su, dərman və zəruri ehtiyat toplamaq tövsiyə olunur. Bundan başqa, kütləvi aksiyalardan uzaq durmaq, baş verənləri diqqətlə izləmək və yerli medianı mütəmadi izləyərək planlarını dəyişməyə hazır olmaq çağırışı edilir. Telefonların daim enerji ilə təmin olunması və ailə üzvləri ilə əlaqənin saxlanması da tövsiyələr sırasındadır.
ABŞ vətəndaşlarına təhlükəsizliklə bağlı yenilikləri əldə etmək üçün Smart Traveler Qeydiyyat Proqramında (STEP) qeydiyyatdan keçmələri də tövsiyə edilib.
Xəbərdarlıqda ABŞ–İran ikili vətəndaşlığı olan şəxslərə ayrıca diqqət çəkilir. Bildirilir ki, İran hakimiyyəti ikili vətəndaşlığı tanımır və bu şəxslərə yalnız İran vətəndaşı kimi yanaşır. Bu səbəbdən ABŞ–İran ikili vətəndaşlarının ölkəni yalnız İran pasportu ilə tərk etmələri tələb olunur. Qeyd edilir ki, ABŞ vətəndaşları İranda saxlanma və sorğu-sual riski ilə üz-üzədir və ABŞ pasportunun təqdim edilməsi belə təhlükəsizlik orqanlarının müdaxiləsinə səbəb ola bilər. ABŞ pasportu olmayan şəxslərə ölkəni tərk etdikdən sonra ən yaxın ABŞ diplomatik nümayəndəliyinə müraciət etmək tövsiyə olunur.
Xatırladaq ki, ötən ilin dekabrın 29-da Tehranda milli valyutanın sürətlə dəyər itirməsi fonunda ticarətçilərin etiraz aksiyaları başlayıb. Növbəti gün tələbələrin də qoşulduğu etirazlar qısa müddətdə İranın bir çox iri şəhərinə yayılıb. Yanvarın 2-də vəziyyət daha da kəskinləşib, şəhər küçələrində silahlı qrupların peyda olduğu və etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşmaların artdığı bildirilib.
Yanvarın 8-i axşam saatlarında iğtişaşlar ən yüksək həddə çatıb. Hadisələr zamanı azı 12 mülki şəxs, o cümlədən bir uşaq həyatını itirib. Hakimiyyət 25 təhlükəsizlik əməkdaşının öldüyünü açıqlayıb. Tehran meri Əlirza Zakaninin sözlərinə görə, paytaxtda məscidlər, banklar, tibb müəssisələri, dövlət binaları, nəqliyyat vasitələri və yaşayış evlərinə ciddi ziyan dəyib. İran rəsmiləri baş verənləri terror aktı kimi qiymətləndirərək hadisələrin arxasında İsrail və ABŞ-nin dayandığını iddia ediblər.
Bu hadisələrdən sonra ABŞ ilə İran arasında münasibətlər daha da gərginləşib. Yanvarın 15-də ABŞ-nin İrandakı virtual səfirliyi ilk dəfə vətəndaşlarına müraciət edərək ölkəni dərhal tərk etməyə çağırmışdı.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ