İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dakı Ermənistan səfiri nə deyib ki, ermənilər onu didir?

Ermənistan hakimiyyətinin Azərbaycanla sülh prosesində Konstitusiya məsələsinin danışıqlar gündəliyində olmadığı barədə açıqlamaları İrəvanın ABŞ-dakı səfirinin son bəyanatından sonra yenidən gündəmə gəlib. 

Musavat.com "Qalos Armeniya" ya istinadən xəbər verir ki, siyasi dartışma Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyanın “Semafor” nəşrinə müsahibəsindən sonra başlayıb.

O bildirib ki, İrəvan Azərbaycanla yekun sülh sazişini imzalamağa hazırdır. Lakin onun sözlərinə görə, bəzi məsələlər, o cümlədən Azərbaycanın Ermənistan Konstitusiyasındakı müəyyən istinadın aradan qaldırılması tələbi hələ müzakirə olunur.

Bu açıqlama Azərbaycan üçün yeni mövqe deyil. Bakı uzun müddətdir Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının hüquqi-siyasi əsaslarının aradan qaldırılmasını sülh prosesinin mühüm şərtlərindən biri kimi ortaya qoyur. Məsələ Ermənistanın özündə isə tamam başqa cür təqdim olunur. Baş nazir Nikol Paşinyan sentyabrın 3-də Azərbaycan Prezidenti ilə danışıqlar barədə danışarkən Konstitusiya məsələsinin gündəliyə daxil olmadığını bildirib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da daha əvvəl Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələb irəli sürmədiyini deyib.
Lakin burada İrəvanın mövqeyində ciddi ziddiyyət yaranır. Əgər Azərbaycanın belə bir tələbi yoxdursa, Ermənistanın ABŞ-dakı səfiri niyə bunu açıq şəkildə Azərbaycanın tələbi kimi təqdim edir?


Əgər məsələ həqiqətən danışıqlarda müzakirə olunmursa, səfirin “hələ də müzakirə edilir” ifadəsi nə deməkdir?

Yada salaq ki, Ermənistan Konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın mövcudluğu da bu baxımdan təsadüfi məsələ deyil. Həmin Bəyannamədə Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı iddia formalaşdıran müddəalar yer alır. Azərbaycan isə 44 günlük müharibədən sonra yaranmış yeni reallığın hüquqi-siyasi baxımdan da rəsmiləşdirilməsini istəyir.

Paşinyan hakimiyyəti isə bir tərəfdən Azərbaycanla sülh sazişinin hazır olduğunu və ya imzalanmasına yaxınlaşdığını bildirir, digər tərəfdən isə Ermənistan cəmiyyətində Konstitusiya dəyişikliyinin Azərbaycanla əlaqəsi olmadığını göstərməyə çalışır. Bu taktikanın məqsədi də aydındır: Ermənistan hakimiyyəti daxildə “Azərbaycanın tələblərinə boyun əymirik” görüntüsü yaratmaq, eyni zamanda danışıqlar prosesində Bakı ilə razılaşdırılan məsələlər üzrə irəliləmək istəyir.

Amma Ermənistanın Vaşinqtondakı səfirinin açıqlaması bu yanaşmanın zəif nöqtəsini ortaya çıxarıb. Üstəlik, Ermənistan hakimiyyətinin öz nümayəndələri də bir-birini təkzib edən açıqlamalar verirlər. Səfir Azərbaycanın tələbini etiraf edir, Paşinyan məsələni gündəmdən çıxarır, XİN rəhbəri belə tələbin olmadığını deyir, Azərbaycan isə mövqeyini açıq şəkildə təkrarlayır. Bakı üçün isə məsələ kifayət qədər sadədir: Ermənistan sülh istəyirsə, keçmişin ərazi iddialarını gələcəyin hüquqi sənədlərindən də çıxarmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR