Onlayn ictimai-siyasi qəzet
ABŞ-yə səfəri çərçivəsində Vaşinqtonda olan Çin Prezidenti Şi Cinpin Ağ Evdə çıxışı zamanı iki ölkə arasındakı münasibətlərə dair mühüm mesajlar verib.
Musavat.com xəbər verir ki, Şi Cinpin ABŞ və Çin arasında qarşıdurmanın hər iki tərəf üçün ciddi itkilərlə nəticələnəcəyini bildirib.
ABŞ-yə ikinci dəfə səfər edən ilk Çin dövlət başçısı olan Şi Cinpin ölkəsinin ABŞ şirkətlərini Çində investisiya qoymağa dəvət etdiyini deyib.
“ABŞ şirkətlərini Çində investisiya qoymağa dəvət edirik. Çin şirkətlərinə də eyni şəkildə, ədalətli münasibət göstəriləcəyinə ümid edirik. Əməkdaşlığı artırmağı arzulayırıq”, – deyə o bildirib.
Çin lideri süni intellekt sahəsində iki ölkənin əməkdaşlığının vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, həm ABŞ, həm də Çin bu sahədə dünyanın aparıcı ölkələridir və süni intellektin inkişafında həm imkan, həm də məsuliyyət daşıyırlar.
Şi Cinpin süni intellektin insan nəzarətində qalmalı və insanların rifahına xidmət etməli olduğunu qeyd edib.
O, həmçinin iki ölkə arasında birbaşa uçuşların artırılmasının, insanlar arasında əlaqələrin və ticarətin genişləndirilməsinin vacibliyini vurğulayıb.
“Çin və ABŞ iki böyük və mühüm ölkədir. Birlikdə çalışsaq, daha çox şey əldə edə bilərik. Əgər üz-üzə gəlsək və qarşıdurmaya girsək, çox böyük itkilərimiz olacaq”, – Çin Prezidenti deyib.
Şi Cinpin ABŞ və Çin arasında rəqabətin qaçılmaz olduğunu, lakin bunun sağlam və müəyyən sərhədlər çərçivəsində aparılmalı olduğunu bildirib.
“Rəqabətimiz bir-birimizi geridə qoymağa yönəlməlidir, bir-birimizi aşağı çəkməyə yox. Bu, bir tərəfin qazandığı, digər tərəfin isə itirdiyi rəqabətə çevrilməməlidir. Çin və ABŞ qarşıdurmasız rəqabət aparmalıdır”, – deyə Şi Cinpin əlavə edib.
Könül
Musavat.com
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ