İnsanlara hürriyət, millətlərə istiqlal!

8 mindən çox tələbə təhsil borcuna görə qovulursa... - çıxış yolu nə?

Ekspert hesab edir ki, Azərbaycanda  təhsil haqları çox yüksəkdir, aşağı salınmasa...  

Ötən il təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə təhsil müəssisələrindən xaric edilənlərin sayı açıqlanıb. “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilir ki, 2023-cü ildə ümumilikdə 8 631 nəfər təhsil haqqının ödənilməməsinə görə təhsil aldığı müəssisədən xaric edilib. 

Bunlar arasında  bakalavriat, magistratura, tam orta ixtisas bazası və ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.

8600 tələbənin təhsil haqqına görə təhsil aldığı müəssisədən kənarlaşdırılması təəssüfedicidir. Məlumdur ki, ölkədə ödənişli təhsil alan tələbələrə yardım etmək üçün Tələbə Təhsil Kredit Fondu fəaliyyət göstərir. Maraqlıdır, adıçəkilən fond bu qədər tələbənin təhsil almasına niyə şərait yaratmayıb? 

Kamran Əsədov Bakını tərk etdi - O, İstanbuldan iş təklifləri alıb

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanda  təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəliri ilə müqayisədə çox yüksəkdir: “Nəinki ölkə əhalisinin gəliri, qonşu dövlətlərin ali təhsil müəssisələrində qüvvədə olan təhsil haqqı ilə müqayisədə də Azərbaycan universitetləri daha bahalıdır. Ona görə də ali məktəblərdə oxumaq şansı əldə edən, ancaq ödənişsiz təhsil üçün cəmi bir neçə balı çatmayan xeyli gənc maddi çətinlik ucbatından bu imkandan yararlana bilmir. 

Ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirildiyi ixtisaslar üzrə təhsil haqları ona sərf olunan xərclər smetası əsasında müəyyən olunur. Bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyən olunur. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına hətta universitetin saxlanması üçün nəzərdə tutulan, layihələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir. Yeni ixtisaslar üzrə müəyyən edilmiş təhsil haqlarında müxtəlif təhsil haqları ixtisaslar üzrə plan yerlərinin sayı da təsir göstərir. Xarici ölkələrdə fəaliyyət göstərən universitetlərdə isə bu, adambaşına düşən xərclər smetası əsasında müəyyən edilir. Məhz buna görə də Azərbaycan universitetlərinin təhsil haqqı dünyanın 1000 universitetindən bahadır. Keyfiyyət isə onlardan dəfələrlə aşağıdır. Belə ki, müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır. Amma xalq çalğı alətləri, solo oxuma, dirijorluq və s. kimi ixtisaslar var ki, onların plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu, əlbəttə ki, təklif olunan qiymətlərdir. Ali məktəblərin plan yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki, bu zaman öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsir yaranır. Ona görə də ali təhsil müəssisələri də təhlükəsizlik marjiyasını müəyyən etmək üçün təhsil haqlarını daha da qaldırırlar.

Təəssüflər olsun ki, son 3 ildə 8 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyub. Bu təhsil haqları kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz böyük sayda insanın xaricə üz tutmasına şərait yaratmış oluruq. Təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də universitetlər təkcə sərf olunan xərcləri düşünməməlidirlər. Onlar həmin o qədər yüksək məbləğdə vəsait ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapması, alacağı əmək haqqını da nəzərə almalıdırlar. Təəssüf ki, tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əmək haqqı məbləği ilə 10 ilə qədər vaxt lazımdır". 

Ekspert dünya təcrübəsinə istinad edərək deyib ki, dünyada bahalı universitetlər çoxdur: “Məsələn, Harvard Universiteti. "Round University Ranking" Beynəlxalq reytinqinin (RUR-2021) 2021-ci il üzrə nəticələrinə əsasən, dünyanın birinci ən reytinqli bu universiteti dünyanın ən bahalı universitetlərindəndir. Azərbaycanda da bahalı universitetlər var. Amma bahalı ixtisaslar daha çoxdur. Üstəlik, qiymətlər heç də ali məktəbin dövlət, ya da özəl universitet olması ilə də əlaqəli deyil. Hazırda Azərbaycanda dövlət universitetlərində ən yüksək təhsil haqqı 6500 manat, ən aşağı təhsil haqqı isə 1000 manatdır. Qardaş Türkiyənin dövlət universitetlərində minimum təhsil haqqı 100, maksimum təhsil haqqı 3000 manatdır. Rusiyada bu rəqəm 400-3500 manat arasında dəyişir. Ukraynada 500-2500 manat məbləğində təhsil haqları dəyişir. Bu, dövlət universitetində olan təhsil haqlarıdır. Özəl universitetlərdə isə rəqəmlər fərqlidir.

Beləliklə, onu deyə bilərəm ki,  adı dünya universitetləri siyahısına düşməyən Azərbaycan ali təhsil müəssisələrində əhalinin imkanları ilə tərs mütənasib - yüksək dəyərləndirilən təhsil haqqı özlüyündə bir çox problemə yol açır. Məsələn, yüksək təhsil haqqı ixtisas seçiminə təsirsiz ötüşmür. Gənclərin qonşu ölkələrdə fəaliyyət göstərən daha ucuz ali məktəblərə üz tutmasına səbəb olur".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR