Onlayn ictimai-siyasi qəzet
Yəməndə İran tərəfindən dəstəklənən husilər ilə beynəlxalq aləm tərəfindən tanınan hökumət qüvvələri arasında döyüşlər yenidən şiddətlənib.
Musavat.com xəbər verir ki, strateji Babülməndəb boğazı ətrafına qədər yayılan toqquşmalardan sonra Yəmən parlamenti hökumətin ümumi səfərbərlik çağırışını təsdiqləyib.
Taiz, Lahic və strateji Babülməndəb boğazı xəttində döyüşlər kəskinləşib. 2026-cı ilin iyul ayından bəri ən gərgin günlərin yaşandığı ölkədə Məclisin qərarı ilə rəsmi olaraq "ümumi səfərbərlik" elan edilib.

Yəmənin rəsmi SABA xəbər agentliyinin məlumatına görə, Məclis sədri Sultan əl-Burkaninin sədrliyi ilə toplanan parlamentdə Yəmən Rəyasət Heyəti Şurasının sədri Rəşad Məhəmməd əl-Aliminin "ümumi səfərbərlik və milli həyəcan" tələbi müzakirə olunub. Konstitusiyanın 37-ci maddəsinə və Prezidentin fövqəladə hal ilə ümumi səfərbərlik elan etmək səlahiyyətlərini tənzimləyən 119/17-ci maddəsinə uyğun olaraq ümumi səfərbərlik qərarı təsdiqlənərək qüvvəyə minib.
Qərarın respublika rejimini müdafiə etmək və dövləti yenidən bərpa etmək məqsədilə qəbul edildiyini vurğulayan Məclis sədri Burkani, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası ilə tam koordinasiya şəraitində işləyəcəklərini bildirərək bütün tərəfləri milli cəbhədə birləşməyə çağırıb.
Mənbələrdən əldə edilən məlumata görə, döyüşlər Taizin Əl-Vaziya rayonu, Lahicdəki Sabiha cəbhəsi və Qırmızı dənizə keçid nöqtəsi olan Babülməndəb yaxınlığındakı Kəhbub bölgəsində intensivləşib.

Taizdəki hərbi mənbələr şəhərin şərqində husilərə məxsus bir düşərgəyə və istehkam birliyinə 5 ayrı hava zərbəsinin endirildiyini, Əl-Kedha cəbhəsində isə husilərə məxsus silahlı pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. Kəhbub cəbhəsində isə "Əmalikə" qüvvələri tərəfindən husilərə məxsus sursatla dolu bir yük maşını və 2 hərbi nəqliyyat vasitəsi məhv edilib.
Yəmən ordusunun yaydığı son bəyanatda ölkənin müxtəlif bölgələrində son 3 gündə həyata keçirilən 756 hücum nəticəsində 2 min 316 husi döyüşçüsünün öldürüldüyü və ya yaralandığı, həyatını itirənlər arasında 4 iranlı mütəxəssisin də olduğu bildirilib.

Toqquşmalar fonunda mülki itkilər də artır. Taizin qərbindəki Vaziya bölgəsində məcburi köçkünlərin məskunlaşdığı çadıra husilər tərəfindən təşkil edilən minomyot hücumu nəticəsində bir qadın həyatını itirib, oğlu isə ağır yaralanıb.
Diğər tərəfdən, husilərin nəzarətində olan paytaxt Sənada səhər saatlarında bir-birinin ardınca şiddətli partlayış səsləri eşidilib və sıx PUA hərəkətliliyi müşahidə olunub.

Partlayışların səbəbi ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib.
2022-ci ilin aprelindəki atəşkəsdən sonra iyul ayından bu yana ən genişmiqyaslı döyüşlərin baş verdiyi Yəməndə husilərin sentyabr ayı ərzində strateji Əl-Muxa şəhərini, Babülməndəb boğazındakı Meyyun adasını, habelə Hudeydə və Taizdəki bir neçə kritik məntəqəni ələ keçirdiyi bildirilir.
Musavat.com
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ