İnsanlara hürriyət, millətlərə istiqlal!

2-ci prezidentin 3-cü seçkisi – 20 il öncə baş nazir təyin edilən Mirziyayev yenə seçildi

Gözlənildiyi kimi də oldu, Şövkət Mirziyayev (özbək türkcəsində Şavkat Miromonoviç Mirziyoyev) yenidən Özbəkistanın prezidenti seçildi.

Bu, onun üçüncü seçkisiydi. Bundan əvvəl Mirziyayav birinci dəfə 2016-cı, ikinci dəfə isə iki il öncə, 2021-ci ildə prezident seçilib. İndiki seçki nəvbədənkənar seçkiydi və onu Özbəkistan konstitusiyasında edilmiş dəyişikliklər zəruri etmişdi.

Bu seçkilərdə onun 3 alternativi vardı: 1. Xalqların Demokratik Partiyasından Uluqbek İnoyatov; 2. "Ədalət" Sosial Demokrat Partiyasından Robahan Mahmudova; 3. Ekoloji partiyadan - Abduşükür Həmzəyev.

Ancaq hər kəsə bəlli idi ki, bu namizədlərin seçkidə iştirakı formal səciyyə daşıyır və alternativlik görüntüsü yaratmaq üçündür, seçilən məhz indiki prezidentin özü olacaq.

kart-Özbəkistanın.jpg (334 KB)

Uzun illər müstəmləkə olmuş, dövlət müstəqilliyini tarix baxımından yeni qazanmış, seçki deyilən şeyin nə olduğunu təzə-təzə təcrübədən keçirən ölkələrdə belədir: hakimiyyət rıçaqları kimin əlindədirsə, seçilən də o olur. Hətta seçkidə heç bir saxtakarlıq edilməsə də, seçkinin işlək mexanizmləri, o cümlədən təbliğat-təşviqat işləri elə qurulur ki, xalq seçkiyə gedir və seçilmiş namizədə səs verərək evinə qayıdır.

Bu cür ölkələrdə “demoratiya-demokratiya” oyunları adətən hərc-mərcliyə, bəzi neoimperiya siyasəti yeritməyə çalışan dövlətlərin ölkəyə soxulmasına, cəmiyyətin kriminala meylli, mafioz təfəkkürlü tör-töküntülərinin siyasət meydanına atılmasına və ortalığı qarışdırmasına gətirib çıxarır. Ortada SSRİ-nin digər yarısını təşkil edən ölkələrin bədnam təcrübəsi var.

Özbəkistan da o ölkələrdəndir. Özbəklər SSRİ dağılandan sonra yeni rəhbərin üzünü yalnız 2016-cı ildə, prezident İslam Kərimov gözlənilmədən vəfat edəndən sonra gördülər. Mirziyayev Özbəkistanın 2-ci prezidentidir.

islamker.jpg (7 KB)

İslam Kərimov isə Özbəkistanı Şimali Koreya, Türkmənistan kimi qapalı bir ölkəyə çevirmişdi, ölkə hərbi-polis qüvvələri tərəfindən idarə olunur, bütün təbəqələr təhlükəsizlik orqanlarının total nəzarətində yaşayırdılar. Həmin illərdə bu ölkəyə işgüzar səfərdə, ezamiyyətlərdə olanlar şəhadət verirdilər ki, Stalinin, Brejnevin dövründə SSRİ-yə gələn əcnəbilər necə diqqətlə izlənilirdisə, Kərimovun dövründə də Özbəkistana gələnləri o cür ayıq-sayıq şəkildə izləyir, istisnasız olaraq hər kəsi “təxribat törətməyə gəlmiş potensial agent” kimi görürdülər.

Bu üzdən idi ki, Özbəkistanla hətta keçmiş müttəfiq sovet respublikalarının arasında gediş-gəliş minimal idi.

Kərimovun vəfatından sonra əvvəlcə prezident səlahiyyətinin icraçısı olan, sonra prezident seçilən baş nazir Şövkət Mirziyayev dərhal ölkənin qapılarını əcnəbilərin üzünə açdı, başqa dövlətlərlə gediş-gəliş intensivləşdi, özü də dövlət başçısı olaraq xarici ölkələrə rəsmi və işgüzar səfərlərə çıxmağa başladı.

1518689350_7c254d0c484bde65872288e085011565_500_0_0.jpg (13 KB)

2003-cü ildə o, baş nazir təyin olunanda 46 yaşı vardı və gənc nəsil siyasətçilərdən hesab olunurdu. Amma şərq satraplarından seçilməyən diktatorun yanında onun hər hansı bir novator təklifləri keçərli olmayacaqdı, ona görə də Mirziyayaev Özbəkistanə yeni dünya düzəninə adaptasiya etdirmək üçün öz zamanını gözləməyə məcbur idi.

Şövkət Mirziyayev 24 iyul 1957-ci ildə Özbəkistanın Cizak vilayətinin Zaamin rayonunda anadan olub, 1976–1981-ci illərdə Daşkənddə mühəndis-mexanik ixtisası üzrə ali təhsil alıb, 1992-ci illərdə oxuduğu institutda kiçik elmi işçidən başlayaraq, birinci prorektor vəzifəsinə qədər yüksəlib.

Özbəkistan müstəqillik qazanandan sonra Şövkət Mirziyayev dövlət işinə keçib, 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi (İH başçısı) işləyib, 1996–2001-ci illərdə Cizak vilayətinin hakimi olub, 2001–2003-cü illərdə Səmərqənd vilayətnin hakimi vəzifəsində çalışıb.

mirziya-kerim.jpg (129 KB)

Görünür, İslam Kərimov onun işgüzarlığını və işlədiyi rayonlarda özünü yaxşı tərəfdən göstərdiyini, adının korrupsiya və proteksiya qalmaqallarında çəkilməməsini nəzərə alaraq Şövkət Mirziyayevi 2003-cü ilin dekabrında Özbəkistanın baş naziri vəzifəsinə təyin edib.

Prezident vəzifəsinin icrasına başlayandan sonra Mirziyayev Özbəkistanın türk dövlətləri ilə əlaqəsini birə-yüz nisbətdə genişləndirib. İslam Kərimovun dövründə Özbəkistan nəinki Türkiyə başda olmaqla türk dövlətlərinə yaxınlaşmırdı, hətta onlara qəribə bir ikrahla yanaşır, məsafə saxlayırdı. O hətta MDB çərçivəsində də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla “küsülü qardaşlar” kimi rəftar edirdi. Bəzi mütəxəssislərə görə, bu davranış sırf Kərimovun etnik kökəncə tacik olmasından, dövlət idarəetməsinə ağırlıqlı şəkildə etnik tacikləri cəlb etməsindən irəli gəlirdi.

Mirziyayev isə bu siyasəti xeyli dərəcədə dəyişdi. O, prezident olaraq işə başlayandan sonra 40 ölkəyə səfər edib və bunların arasında region ölkələri, Özbəkistanla ticarət ortağı olan ölkələr üstünlük təşkil edir. Bundan başqa, Mirziyayev beynəlxalq sammitlərdə iştirakdan da imtina etmir, öz ölkəsində də o cür sammitlər təşkil edir.

Təbii ki, Kərimovun dövrünün bir sıra tendensiyalarından hələ də tam şəkildə imtina olunmayıb. İki il öncə bu ölkədə mədəniyyət probleminə dair beynəlxalq forumda iştirak etmiş həmkarlarımızdan biri danışır ki, açıq havada təşkil edilmiş təntənəli ziyafətdə hər masada Özbəkistanın təhlükəsizlik orqanlarının gənc əməkdaşları oturmuşdular. “Onların hamısı eyni geyimdə, eyni qalstukda, eyni saç düzümündə və demək olar ki, eyni yaşdaydılar və sakit şəkildə əyləşərək, içki və təamlara əl uzatmayaraq yalnız və yalnız əcnəbi qonaqların öz aralarında nə danışdıqlarını dinləyirdilər”, - həmkarımız danışır.

mirzaliye.jpg (25 KB)

Görünür, dövlət təhlükəsizliyi bağlı olan məsələlərdə inqilabi dəyişikliklər etmək çətindir, bu, hələ bir müddət də inersiya üzrə belə davam edəcək.

Bununla yanaşı, Mirziyayevin hakimiyyətə gəlişindən sonra Özbəkistanda tikinti-quruculuq işlərinin vüsət alması, ölkənin modernləşməyə doğru iri addımlar atması, ölkə insanlarının türk dünyası ilə çulğaşmaqdan məmnunluq duyması gözlə görünür.

Hər halda Mirziyayev öz ölkəsini sələfindən fərqli olaraq bir neçə addım önə çıxardığı kimi, nə vaxtsa xələfinin də elə edəcəyiı ehtimalı böyükdür.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Iyul 2024

BÜTÜN XƏBƏRLƏR