İnsanlara hürriyət, millətlərə istiqlal!

15 səfərin TƏK mesajı – Azərbaycan-Özbəkistan münasibətləri YENİ mərhələdə

Azərbaycan Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyədə qarşılıqlı səfərlərin son 5 ildə dinamikası barədə danışıb.

Prezident deyib: “Sözsüz ki, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır. Bu, son beş ildə mənim üçüncü dövlət və ümumilikdə qardaş ölkəyə yeddinci səfərimdir. Gözəl və bənzərsiz Özbəkistana səfər etməkdən daim böyük məmnunluq duyuram və hər səfər mənim üçün xüsusi əhəmiyyətə malikdir. Ənənəvi olaraq bu səfərlər müstəsna qonaqpərvərlik, qardaşlıq, səmimiyyət və qarşılıqlı anlaşma mühitində baş tutur”.

Aydın Hüseynov: Tarixi missiyasını uğurla başa vuran Azərbaycan Ordusu ilə  fəxr edirik - AZƏRTAC

Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a bildirib ki, prezidentlərin və hökumət rəsmilərini qarşılıqlı səfərlərinin intensivliyi, səfərlərin dinamikası Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafının göstəricisidir: “Azərbaycan və Özbəkistan arasında son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi iki ölkə arasındakı münasibətlərin, sadəcə, diplomatik protokol çərçivəsində inkişaf etmədiyini, strateji tərəfdaşlığın getdikcə daha geniş sahələri əhatə etdiyini göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi rəqəmlər də bu dinamikanın miqyasını ortaya qoyur. Prezident qeyd edib ki, son beş ildə Azərbaycan və Ermənistan arasında ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslar əlaqələrin inkişafı üçün əlverişli şərait yaradıb. Eyni zamanda, cənab İlham Əliyev bildirib ki, son səfəri onun son 5 ildə Özbəkistana üçüncü, ümumilikdə isə qardaş ölkəyə yeddinci səfəridir.

Burada, həmçinin, diqqət çəkən məqam təkcə səfərlərin sayı deyil. Əsas məsələ həmin səfərlərin ardıcıl və sistemli xarakter daşımasıdır. Çünki dövlətlərarası münasibətlərdə yüksək səviyyəli səfərlərin intensivliyi siyasi dialoqun möhkəmliyinin ən mühüm göstəricilərindən biri hesab olunur. Səfərlərin artması siyasi etimadın göstəricisidir. Dövlət başçısının bir ölkəyə ardıcıl səfərlərinin sayı həmin dövlətlə münasibətlərin xarici siyasətdə hansı əhəmiyyət daşıdığının göstəricilərindən biri hesab olunur”.

Deputat qeyd edib ki, Azərbaycan və Özbəkistan münasibətlərinin bugünkü səviyyəyə çatması təsadüfi proses deyil: “İki ölkə arasında tarixi, mədəni və dil bağları mövcuddur. Lakin son illərdə bu münasibətlər emosional və mənəvi yaxınlıq səviyyəsindən çıxaraq konkret siyasi və iqtisadi layihələrlə tamamlanır. Dövlət başçılarının müntəzəm görüşləri siyasi qərarların daha sürətli qəbul edilməsinə, yaranan məsələlərin operativ həllinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə imkan yaradır.

Xüsusilə Azərbaycan və Özbəkistan prezidentləri formalaşan şəxsi siyasi dialoq münasibətlərin inkişafında mühüm rol oynayır. Liderlər səviyyəsində yüksək etimadın olması aşağı səviyyələrdə də əməkdaşlığın genişlənməsi üçün siyasi zəmin yaradır. Bu səfərlərin nəticəsi yalnız imzalanan sənədlərdə deyil, onların real layihələrə çevrilməsində özünü göstərir”.

A.Hüseynov hesab edir ki, siyasi yaxınlaşmanın ən mühüm nəticələrindən biri iqtisadi əlaqələrin genişlənməsidir, eyni zamanda, bu münasibətlərdə daha bir mühüm məqam Azərbaycan və Özbəkistanın bir-birini yalnız siyasi tərəfdaş kimi deyil, regional layihələrdə etibarlı tərəfdaş kimi qəbul etməsidir.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR