İnsanlara hürriyət, millətlərə istiqlal!

11 sentyabrın "memarı"ndan XƏBƏR VAR

ABŞ-ın ən böyük faciələrindən biri olan 11 Sentyabr terror hücumlarının 25-ci ildönümü ərəfəsində hücumların əsas planlaşdırıcılarından biri hesab edilən Xalid Şeyx Məhəmmədin son vəziyyəti yenidən gündəmə gəlib. O, 2001-ci il terror hücumlarına görə mühakimə olunur və uzun illərdir Quantanamo həbsxanasında saxlanılır

11 Sentyabr hücumlarının üstündən 25 il keçməsinə baxmayaraq, təxminən 3 min insanın həyatını itirdiyi terror aktının əsas təqsirləndirilən şəxsləri ilə bağlı məhkəmə prosesi hələ də yekunlaşmayıb.

Musavat.com xəbər verir ki, hücumların əsas təşkilatçısı kimi tanınan Xalid Şeyx Məhəmməd və digər iki təqsirləndirilən şəxs 2024-cü ilin avqustunda edam cəzasından yayınmaq məqsədilə günahlarını etiraf edərək ömürlük həbs cəzası ilə bağlı razılaşmaya getmişdilər.

Lakin bu razılaşma ABŞ-da ciddi etirazlara səbəb oldu. ABŞ Müdafiə Nazirliyi razılaşmanı ləğv etdikdən sonra təqsirləndirilən şəxslər üçün edam cəzası ehtimalı yenidən ortaya çıxıb.

ABŞ-ın hərbi məhkəməsində davam edən proses sübutlarla bağlı mübahisələr və hüquqi-prosessual məsələlər səbəbindən dəfələrlə təxirə salınıb.

Son qərara əsasən, məhkəmə iclaslarının 2028-ci ilin iyununda keçirilməsi planlaşdırılır.

Beləliklə, 11 Sentyabr hücumlarından dörddəbir əsr keçməsinə baxmayaraq, hadisənin əsas təqsirləndirilən şəxsləri ilə bağlı hüquqi proses hələ də yekunlaşmayıb. Bu vəziyyət hücumlarda yaxınlarını itirən ailələrin və ABŞ ictimaiyyətinin narazılığına səbəb olur.

Xalid Şeyx Məhəmməd 2003-cü ildə Pakistanda yaxalandıqdan sonra bir müddət ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarında saxlanılıb. 2006-cı ildən isə Quantanamo həbsxanasındadır.

O, 11 Sentyabr hücumlarının planlaşdırılması ilə yanaşı, 1993-cü ildə Dünya Ticarət Mərkəzinə qarşı törədilən bombalı hücum və jurnalist Daniel Perlinin öldürülməsi də daxil olmaqla bir sıra terror aktlarına görə məsuliyyət daşıdığını etiraf edib.

Hazırda onun taleyi ABŞ hərbi məhkəməsində davam edən prosesdən asılıdır. Günahını etiraf etməsi ilə edam cəzasından yayınmaq üçün əldə edilən razılaşmanın ləğv edilməsindən sonra isə edam cəzası ehtimalı yenidən gündəmə gəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Sentyabr 2026

11 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR