İnsanlara hürriyət, millətlərə istiqlal!

1 sentyabrla bağlı mühüm ANONS – Fərqli BAXIŞ

Bakıda bir sıra özəl təhsil müəssisələrində dərslər sentyabrın 1-də başlayacaq. Bildirilir ki, artıq bir sıra özəl liseylər yeni tədris ilinin 1-7-9 sentyabr tarixlərində başlayacağı barədə valideynləri məlumatlandırıblar.

Məhz sentyabrın 1-də tədrisə başlayan və ya müəyyən siniflər üzrə təhsil prosesinə start verən lisey və məktəblər arasında “Kaspi”, “Evrika” liseyləri, eləcə də “Azerbaijan British Colleges” və “Baku Oxford School” yer alır. Belə ki, “Kaspi” liseyində IX–XI siniflər sentyabrın 1-dən, aşağı siniflər isə sentyabrın 15-dən dərslərə cəlb olunacaqlar. “Evrika” liseyində bütün siniflər üzrə yeni tədris ilinin sentyabrın 1-dən başlaması nəzərdə tutulur.

“Azerbaijan British Colleges” beynəlxalq proqram əsasında fəaliyyət göstərdiyindən burada bütün qruplar üzrə dərslər sentyabrın 1-dən start götürəcək. “Baku Oxford Schoolda” isə sentyabrın 1-dən bağça qrupları fəaliyyətə göstərəcək. Məktəb sinifləri üçün tədris 15 sentyabrda başlayacaq. Eyni zamanda, “Baku Modern School”da dərslər 7 sentyabrda, “British School in Bakuda” isə 9 sentyabrda başlayacaq.

Azərbaycanda dövlət məktəbləri də 1 sentyabrda dərsə başlayırdı. Son illər 15 sentyabrla bağlı çağırışlar artıb. Bakıvaxtı.az-ın sualını cavablandıran sabiq təhsil naziri Misir Mərdanov qeyd edib ki, o, əvvəlki sistemi dəstəkləyir. Onun sözlərinə görə, eyni zamanda, elə ölkələr var ki, orada mənzərə fərqlidir, məsələn, qardaş Türkiyədə bu, hökumətin qərarından asılı olan məsələdir. Belə ki, müvafiq orqanlar bunun faydaları və ziyanlarını araşdırıb, hökumətə təkliflər versələr, hökumət qərar qəbul edə bilər ki, dərsləri sentyabrın 1-də başlayaq.

Misir Mərdanovun təklifini təhsil ictimaiyyəti təşviq etməlidirmi? Bəlkə 1 sentyabra qayıdaq?

Süni intellekt sahəsində Azərbaycan hələ geridədir” – İlham Əhmədov

Dosent İlham Əhmədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Hazırda ümumi təhsil məktəblərində dərslər sentyabrın 15-də başlayır. Bu qayda 2004-cü ildə Prezidentin fərmanı ilə müəyyənləşdirilib; həmin sənədlə sentyabrın 15-i “Bilik günü” elan edilib. Məsələyə “1 sentyabr yaxşıdır, yoxsa 15 sentyabr” kimi yanaşmaq düz deyil. Əsas məsələ şagirdin illik öyrənmə vaxtının və təhsil nəticələrinin necə optimallaşdırılmasıdır.

Misir Mərdanovun təklifi də bir paradoksdur. Sabiq təhsil naziri 1 sentyabr modelinə üstünlük verməsi maraqlıdır, axı dərs ilinin başlanmasını 1 sentyabrdan 15 sentyabra keçirilməsi onun nazirliyi dövründə olub. 2004-cü ildə qəbul edilmiş qərarın həmin dövr üçün əsasları bu gün də qüvvədədirmi? Çünki təhsil mühiti dəyişib. İqlim faktorunu da nəzərə almalıyıq. Azərbaycanın, xüsusilə Bakının iqlim şəraiti tədris təqviminin formalaşdırılmasında mühüm dəyişəndir. Yay aylarında yüksək temperatur, kondisionerlərin məktəblərdə azlığı və istiliyin uşaqların diqqətinə və öyrənmə qabiliyyətinə təsiri nəzərə alınmalıdır.

1 sentyabr modelinin əsas üstünlüyü tədris ilinin daha erkən başlamasıdır. Bu, xüsusilə kurikulumun həddindən artıq yükləndiyi şəraitdə əlavə akademik vaxt yarada bilər. Hazırkı sistemdə tədris ilinin sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatması nəzərdə tutulur. Əgər həmin günlər formal dərslərlə, aşağı motivasiya ilə və səmərəsiz metodlarla keçirilirsə, tədris ilinin iki həftə uzadılması təhsilin keyfiyyətini ciddi dəyişməyəcək”.

Dosent 15 sentyabrın üstünlüyündən danışarkən qeyd edib ki, 15 sentyabrın əsas üstünlüyü onun Azərbaycanda artıq oturuşmuş institusional və sosial təqvimə çevrilməsidir: “Bu tarix həm məktəb, həm universitet, həm valideyn, həm də əmək bazarı üçün müəyyən koordinasiya rahatlığı yaradır. Lakin 2004-cü ildə müəyyən edilmiş modelin dəyişdirilməz norma kimi qəbul edilməsi də düzgün deyil. Təhsil təqvimi müqəddəs norma deyil, təhsil siyasəti alətidir. Əgər ölkənin demoqrafik, iqlim, texnoloji və əmək bazarı şərtləri dəyişirsə, təqvim də dəyişə bilər.

Digər ciddi amil süni intellekt və rəqəmsal təhsildir. Əvvəllər “tədris ili” əsasən şagirdin məktəb binasında keçirdiyi fiziki vaxtla ölçülürdü. İndi belə deyil. Onlayn, hibrid və fərdiləşdirilmiş öyrənmə imkanları məktəbdən kənarda da təlim prosesini davam etdirməyə imkan verir. Optimal model elastik milli tədris təqvimidir. Bunun üçün:

- əsas akademik il 1 sentyabrda başlaya bilər;

- ilk 1–2 həftə diaqnostik və adaptasiya mərhələsi ola bilər;

- isti iqlim zonalarında dərs saatları optimallaşdırıla bilər;

- məktəblərin kondisionerləşdirilməsi standartlaşdırılmalıdır;

- onlayn və hibrid təhsil imkanlarından istifadə edilməlidir;

- AI əsaslı fərdi öyrənmə sistemləri tətbiq edilməlidir;

- regionların iqlim və sosial xüsusiyyətlərinə müəyyən çeviklik verilməlidir.

Belə yanaşmada 1 sentyabr sadəcə təqvim dəyişikliyi olmayacaq, tədris ilinin təşkilinin modernləşdirilməsi prosesinə çevriləcək. Azərbaycan uşağının bir tədris ilində maksimum keyfiyyətli öyrənməsi üçün vaxtı, məkanı və texnologiyanı necə optimal təşkil etməliyik? Təhsil siyasəti məhz bu sualdan başlamalıdır”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR