Onlayn ictimai-siyasi qəzet
Bakı və İrəvan arasında sülh quruculuğu çətin də olsa, irəliləyır. Gözlənti belədir ki, Ermənistanda 7 iyun seçkiləri, daha dəqiqi, Baş nazir Nikol Paşinyanın sədri olduğu “Vətəndaş Müqaviləsi” partiyasının qələbəsi proses güclü stimul verib onu gerdidönməz edəcək. Kremlin ən böyük təlaşı da zatən, bu.
“Mənə dəvət olarsa və münasib fürsət yaranarsa, qonşu ölkəyə Azərbaycana səfər edəcəyəm və bütün qonşu ölkələrin nümayəndələrini Ermənistana dəvət edəcəyəm”.
Ermənistan parlamentinin spikeri, deputatlığa namizəd Alen Simonyan dünən belə deyib.
“Bir sirri aça bilərəm: bu yaxınlarda Azərbaycanda forum keçirildi və azərbaycanlı həmkarım məni səfərə dəvət etdi. Amma təəssüf ki, seçki kampaniyası səbəbindən forumun işində iştirakdan imtina etdim”, - Simonyan bildirib və əlavə edib ki, siyasətçilər sülh üçün məsuliyyət daşımalıdırlar.
Bir qədər öncə Baş nazir Nikol Paşinyan iki il ərzində Azərbaycana səfər edə biləcəyini söyləmişdi...
Əlbəttə, Azərbaycanı hər kəs ziyarət edə bilər. Yetər ki, niyyəti yaxşı olsun. Dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, milli-mənəvi dəyərlərimizə, bayrağımıza və konstitusiyasımıza ehtiram göstərilsin. Caniləri isə təbii ki, həbsxana gözləyir...
Lakin Simonyan və Paşinyan Ermənistanın rəhbər şəxsləri olduğundan, onların hətta hansısa beynəlxalq tədbir çərçivəsində Bakıya gəlişi hələlik problematik görünür. Çünki iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb, diplomatik münasibətlər yoxdur. Minimal səviyyədə belə, iqtisadi-ticari, humanitar-insani əlaqələr mövcud deyil.
Eyni səbəbdən Azərbaycan lideri ötən ayın əvvəlində İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitinə yalnız onlayn formatda qatıldı. Şübhəsiz, təhlükəsizliklə bağlı həssas nüanslar da var...
Hətta siyasi-iqtisadi və diplomatik əlaqələr qurulsa belə, iki xalqın barışığı üçün, yaraların sağalması üçün zaman lazımdır. Xüsusən də erməni tərəfi, onun cəmiyyəti və hakimiyyəti səviyyəsində hələ çox iş görülməli, hətta nəsillər dəyişməlidir.
Birinci ona görə ki, faciələrin baiskarı biz deyilik. Yaşanan bunca fəlakət, irili-xırdalı ağrı-acılar məhz Ermənistanın Azərbaycana qarşı sərsəm torpaq iddiasından və xəstə “miatsum” təfəkküründən qaynaqlanıb. Hansı ki, günü bu gün də təəssüf ki, öz aktuallığını saxlayır: erməni toplumunda Türkə patoloji nifrət səngiməyib, yerli konstitusiyada Azərbaycan və Türkiyəyə ərazi iddiaları ilə bağlı müddəalar qalır və s.
Bunun məntiqi davamı idi ki, 2026-cı ilin aprelində İrəvanda Azərbaycan və Türkiyə bayraqları növbəti dəfə yandırıldı. Amma əfsus ki, bu yaramazlığa görə orada kimsə həbs olunmadı. Cəzasızlıq mühiti isə cinayətin təkrarlanmasına “yaşıl işıq” yandırmaq deməkdir...

Paşinyan və Simonyan Bakıya gəlməzdən qabaq bu barədə düşünsələr, yaxşı olar. Simonyanın “siyasətçilər sülh üçün məsuliyyət daşımalıdır” sözləri özündə həm də bunu ehtiva eləməlidir. Azərbaycanın isə barışıq yönündə edəcəyi çox az şey var. Zira, soyqırımlarına, etnik təmizləmələrə məruz qalan ermənilər deyil, azərbaycanlılardır.
Ancaq xalqlar bir-biri ilə əbədiyyən düşmən ola bilməz. Sülh, əmin-amanlıq içində yaşamağı ilk növbədə qonşuluq zərurəti diktə edir. Ermənistanın on illərdir axtardığı təhlükəsizlik zəmanətini də hansısa böyük dövlət yox, məhz qonşular təmin edəcək.
Xalqların barışığını, bir-biri ilə ticarət eləməsinmi yalnız imperialist qüvvələr, konkret halda Rusiya arzulamaya bilər. Necə ki, rəsmi Moskva əlindən gələni edir ki, Bakı və İrəvan daim müharibə vəziyyətində olsun. Çünki bu, onun regionda əsas hərbi-siyasi varlıq şərtidir. Kremlin Paşinyan komandasını hakimiyyətdən salmaq niyyətinin arxasındakı TƏK səbəb də bu. Putini qəzəbli edən də yenə bu – iki qonşu toplumun heç vaxt olmadığı qədər barışığa yaxın olması.
Ümid edək ki, Nikol Paşinyan tilsimi, nəhayət, bu il qıracaq. O zaman Bakıya səfər üçün siyasi əngəl də qalmayacaq...
25 Iyul 2026
21 Iyul 2026
17 Iyul 2026
15 Iyul 2026
11 Iyul 2026
10 Iyul 2026
06 Iyul 2026
04 Iyul 2026
01 Iyul 2026
30 Iyun 2026
24 Iyun 2026
19 Iyun 2026
10 Iyun 2026
08 Iyun 2026
06 Iyun 2026
02 Iyun 2026
30 May 2026
26 May 2026
23 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
15 May 2026
13 May 2026
09 May 2026
06 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
27 Aprel 2026
ŞƏRHLƏRŞƏRH YAZ