İnsanlara hürriyət, millətlərə istiqlal!

Özü axtarışda olan zat başına macəra axtarır

Hər böyük dövlətin bir yüksək mənsəbli “qırğı”sı var. Bunlar adətən keçmişdə böyük vəzifə tutmuş, sonradan 4-5-ci dərəcəli vəzifəyə təyin edilmiş, amma hələ də özlərini bir şey zənn edən şəxslərdir.
İndilikdə elə dövlətlərin ikisinin, Rusiya və İranın “qırğı”larına baxaq.

Rusiyada bu funksiyanı Dmitri Medvedyev icra edir. Keçmişdə o, prezident və baş nazir kimi böyük vəzifələr tutub, hazırda RF Təhlükəsizlik Şurası sədrinin müavinidir. Simvolik bir postdur, bekar qalmasın deyə veriblər, “işləyir”.

Adamın işi-gücü Ukraynaya, ABŞ-yə və Avropaya hədə biçməkdir. Bəzən qızışır, düşmənlərə nüvə zərbəsi endirməkdən danışır. Hamını bezdirib. Ancaq, görünür, prezident Putin onun işindən məmnundur, yoxsa Medvedyevi susdurardı.

Beləsinin biri də İranda var: Əli Əkbər Vilayəti. O, iki prezidentin dönəmində (Xamneyi və Rəfsəncani) İranın xarici işlər naziri (1981-1997) postunu tutub. Hazırda 80 yaşlı Vilayəti İranın ali dini rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviridir.

Əli Əkbər Vilayəti ixtisasca həkimdir, Tehranda ali tibb təhsili alıb, daha sonra ABŞ-də, Con Hopkins universitetində internatura keçib.

O, 1963-cü ildən islam inqilabının lideri Ruhulla Xomeyninin ardıcılı olub. İslam İnqilabının qələbəsindən sonra Vilayəti səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. Həmin vaxt Əli Xamneyi ilə yaxşı münasibətləri yaranıb, 1981-ci ildə Xamneyi prezident seçiləndə o da xarici işlər naziri təyin edilib. Budur, 44 ildir onlar ayrılmaz dostlardır. Onun Haşimi Rəfsəncaninin dövründə də bu vəzifədə qalması təsadüfi olmayıb, çünki artıq Xamneyi ali dini rəhbər idi.

Vilyaətini ABŞ-nin xarici işlər naziri (dövlət katibi) Henri Kissincerlə və SSRİ-nin “Mister No” ləqəbli xarici işlər naziri Andrey Qromıko ilə də müqayisə etmək olar. Diplomatik təcrübəsi böyükdür. Ancaq o, beynəlxalq ictimaiyyət tərəfindən müsbət obrazda qəbul ediləcək biri deyil.

Almaniyanın məhkəmə sistemi bir neçə yüksək rütbəli İran rəsmisi ilə birlikdə onun adını 1992-ci ildə Berlində kürd liderlərin öldürülməsi işində çəkib. Yəni adamı terrorizmdə təqsirləndiriblər. 2006-cı ildə Argentina Vilayətini, keçmiş prezident Rəfsəncanini və bir sıra digər İran liderlərini 1994-cü ildə Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzinin partladılmasında təqsirkar elan edib və həbsləri barədə orderlər verib. Növbəti il İnterpol İran liderlərinin, o cümlədən Vilayətinin beynəlxalq axtarışda olduğunu təsdiqləyib.

Vilayəti ictimai çıxışlarında həmişə radikal islamçı və qatı anti-Qərb mövqeyi tutub. 2002-ci ildə ABŞ prezidenti Corc Buşu Hitlerə bənzədən Vilayəti İsrailə qarşı da sərt bəyanatları ilə fərqlənib.

O, iki dəfə İran prezidentliyinə namizəd olub, amma hər ikisində uduzub.

Birinci dəfə Vilayəti 2005-ci ildə bitərəf siyasətçi kimi prezidentliyə namizəd olub, ancaq reytinqinin dibdə olduğunu görərək, ayətullah Haşiminin namizədliyini dəstəklədiyini bəyan edərək geri çəkilib. 2013-cü ildə o, yenidən prezident seçilmək istəyib, seçki kampaniyası zamanı Mahmud Əhmədinejad hökumətinin xarici siyasətini tənqid edib. Ancaq İran xalqı 16 il ölkənin xarici siyasətini idarə etmiş Vilayətiyə etimad göstərməyib və o, prezidentlik yarışını beşinci yerdə başa vurub.

Əli Əkbər Vilayəti təkcə siyasətçi deyil, həm də yazıçı kimi tanınır. Onun 35 kitabı ("İslam mədəniyyəti və sivilizasiyası", "İmam Mehdi. Bəşəriyyətin xilaskarı", "Müdrik Ömər Xəyyam") nəşr olunub. O, həm də İranını Yazıçılar Birliyinin sədri vəzifəsini tutur.

İndi bu axtarışda olan həkim-diplomat-siyasətçi-yazıçı bütün həyat və yaradıcılığını Zəngəzur dəhlizinə qarşı mübarizəyə həsr edib. Axırıncı dəfə Vilayəti deyib ki, İran ya Rusiya ilə, ya da tək Zəngəzur dəhlizinin açılmasına mane olacaq.

İki əsas peşəsinə (həkim və yazıçı) görə humanizm prinsiplərini rəhbər tutmalı olan Vilayəti 35 ildən bəridir müsəlman-şiə qardaşları olan naxçıvanlıların blokadada qalmasının tərəfdarıdır. O, bu dəhlizin, “Naxçıvan yolu”nun açılmasını İranın regional maraqlarına zidd hesab edir.

Maraqlıdır, 1920-ci ildən ta 1991-ci ilə qədər o yol işlək olub və ondan rus hərbçiləri, ermənilər və azərbaycanlılar hər gün, hər saat istifadə ediblər, yüklər, sərnişinlər daşınıb, qatarlar Culfadan İrana da keçiblər. Bəs o zaman İran niyə buna etiraz etməyib?

Düzdür, mütəxəssislərin fikrincə, o yolun açılması gerçəkdən də İrana sərf etmir, çünki özünün tranzit ölkə olmaq funksiyası məhdudlaşır, amma belə bir beynəlxalq qanun yoxdur ki, iki ölkə bir-birinə sırf üçüncünün maraqlarına görə yol verməsin. Zəngəzur dəhlizinin açılması Ermənistanın mənafeyinə daha çox uyğundur. O bu yolla Rusiyanın bütün şəhərləri ilə quru yol əlaqəsinə malik olacaq, yükdaşımalar həyata keçirəcək.

İranın “siz o yolu açmayın” israrı təxminən bir qəsəbədəki supermarket sahibinin “bizim alverimiz azalacaq” deyə ikinci bir supermarketin tikiliməsinə qarşı çıxması kimi bir şeydir. Sanki İran regionun keçid və yollarını öz inhisarına alıb. “Türkiyə o dəhlizdən yük daşımaqla Orta Asiya ilə, Çinlə quru yol əlaqəsinə malik olacaq” deyirlər. Əlbəttə, olacaq. O boyda ölkələr yolsuz qalsınlarmı, okeanlardan, dənizlərdən gəmiylə dolaşsınlarmı?

Cığallıq və zorbalıq da bir yerə qədər. Heç kəs gərək Yer üzündə dəvədən böyük fil olduğunu unutmasın. O zaman əlində nüvə bombaları və B-2 bombardmançıları olan ölkə də “dünyanın ağası mənəm, hamı mənə itaət etməlidir” bəyanatı verər və haqlı görünər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

03 Iyun 2026

31 May 2026

29 May 2026

23 May 2026

21 May 2026

19 May 2026

15 May 2026

13 May 2026

11 May 2026

08 May 2026

06 May 2026

04 May 2026

02 May 2026

29 Aprel 2026

27 Aprel 2026

24 Aprel 2026

20 Aprel 2026

18 Aprel 2026

15 Aprel 2026

13 Aprel 2026

11 Aprel 2026

08 Aprel 2026

06 Aprel 2026

03 Aprel 2026

01 Aprel 2026

30 Mart 2026

27 Mart 2026

25 Mart 2026

23 Mart 2026

21 Mart 2026