İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftdən sonra yeni strateji resurs – Ermənistan 70 min NVIDIA prosessoru gətirir, biz nə edirik?

Bəzən bir xəbər ilk baxışda sırf texnologiya xəbəri təsiri bağışlayır. Oxuyub keçirsən.

Ancaq bir az dərinə gedəndə görürsən ki, söhbət nə kompüterdən, nə də hansısa yeni data-mərkəzdən gedir.

Söhbət gələcəkdə dövlətlərin iqtisadi və hətta siyasi gücünü müəyyənləşdirəcək yeni strateji resursdan gedir.

Hesablama gücündən.

NVIDIA avqustun 8-də Ermənistanla bağlı kifayət qədər diqqətçəkən məlumat yayıb. Şirkət Hrazdanda Firebird AI Factory adlı süni intellekt infrastrukturunun istifadəyə verildiyini açıqlayıb.

Məsələnin maraqlı tərəfi bundan sonra başlayır.

Planlara görə, 2027-ci ilin sonuna qədər Ermənistanda 70 mindən çox NVIDIA Blackwell və Rubin GPU-su yerləşdirilməli, süni intellekt infrastrukturu isə 300 meqavat gücə çatdırılmalıdır.

70 min!

Bu rəqəmi yadda saxlayaq.

Çünki söhbət Ermənistanın özünün istehsal etdiyi texnologiyadan getmir. Ermənistan dünyanın süni intellekt yarışının mərkəzində dayanan Amerika texnologiyasını öz ərazisinə gətirərək özünü regional hesablama mərkəzinə çevirməyə çalışır.

Dünənin nefti, sabahın “compute”u 

əsrin böyük geopolitik mübarizələrinin əsas obyektlərindən biri neft

Nefti kim çıxarır, boru kəməri haradan keçir, dəniz yollarına kim nəzarət edir, enerji təhlükəsizliyini kim təmin edir və s. kimi suallar dövlətlərin xarici siyasətini müəyyənləşdirirdi.

əsrdə neft öz strateji əhəmiyyətini itirmir. Ancaq onun yanına yeni resurslar gəlir. Data, mikroçiplər, elektrik enerjisi və ən əsası hesablama gücü.

Süni intellekt göydən düşmür. ChatGPT-dən tutmuş hərbi sistemlərə, tibbi araşdırmalardan bank sektoruna qədər müasir AI sistemlərinin arxasında nəhəng hesablama infrastrukturu dayanır.

Bu infrastrukturu yaratmaq üçün isə minlərlə, bəzən on minlərlə yüksək performanslı GPU lazımdır.

NVIDIA-nın Blackwell və gələcək Rubin platformaları da məhz bu yarışın ən qiymətli texnoloji resursları sırasındadır.

Ona görə 70 min GPU məsələsinə sadəcə “Ermənistanda böyük data-mərkəz tikilir” kimi baxmaq səhvdir.

Burada daha böyük proses gedir.

Paşinyanın Qərbə dönüşünün görünməyən tərəfi

Son illərdə Ermənistanın Rusiyadan uzaqlaşaraq ABŞ və Avropa ilə münasibətlərini genişləndirməsi barədə çox danışırıq.

ABŞ-la təlimlər, Avropa İttifaqı missiyası, Fransa ilə hərbi əməkdaşlıq, Vaşinqtonla strateji tərəfdaşlıq bu prosesin sadəcə hərbi və siyasi tərəfidir.

Ancaq dövlətlərin geopolitik istiqaməti yalnız hərbi müqavilələrlə dəyişmir. Bəzən bir data-mərkəz onlarla siyasi bəyanatdan daha əhəmiyyətli olur.

Çünki NVIDIA, Dell Technologies, CoreWeave kimi şirkətlərin yüz milyonlarla, perspektivdə milyardlarla dollar dəyərində infrastrukturu Ermənistanda yerləşərsə, həmin ölkənin Qərbin texnoloji sisteminə inteqrasiyası artıq siyasi bəyanat deyil,

iqtisadi reallıq olur.

Sabah həmin infrastruktura Amerika şirkətləri, universitetləri, startapları və elmi mərkəzləri bağlanacaq.

Daha sonra başqa şirkətlər gələcək. Onların ardınca kapital gələcək.

Kapitalın ardınca isə maraq yaranacaq. İqtisadi marağın ardınca siyasi maraq da gəlir. Dünya həmişə belə işləyib.

Ermənistana baxıb kompleksə düşməyə ehtiyac yoxdur

İndi Azərbaycanda bu xəbərə iki yanlış münasibət görə bilərik.

Bir qrup deyəcək ki, Ermənistan böyük texnologiya dövlətinə çevrilir, biz geri qalırıq.

Digər qrup isə ənənəvi olaraq xəbəri kiçiltməyə çalışacaq: “Ermənistan kimdir ki, 70 min NVIDIA prosessoru gətirsin?”

Hər ikisi yanlışdır.

Ermənistan sabah Silikon Vadisinə çevrilməyəcək.

70 min GPU-nun maliyyələşdirilməsi, enerji təminatı, soyudulması, şəbəkəyə qoşulması, müştəri bazasının yaradılması və layihənin kommersiya rentabelliyinin təmin olunması çox ciddi məsələlərdir.

Yəni ortada hələ yekun nəticə deyil, böyük plan var.

Ancaq ağıllı dövlət qonşusunun planına nəticə ortaya çıxandan sonra baxmır.

Plan açıqlananda baxır.

Çünki strateji düşüncə budur.

Qonşun ağıllı addım atırsa, onu məsxərəyə qoymursan.

Baxırsan, öyrənirsən və imkanın varsa, daha böyüyünü edirsən. Azərbaycanın isə buna imkanı Ermənistandan daha çoxdur.

Bəs Azərbaycan?

Əsas məsələ də budur.

Azərbaycan niyə eyni şeyi, hətta daha böyüyünü etməsin? Bizim Ermənistanda olmayan üstünlüklərimiz var.

Enerjimiz, kapitalımız, Xəzər dənizimiz, Türkiyə və Mərkəzi Asiyaya çıxışımız və Avropaya uzanan enerji və nəqliyyat infrastrukturu var.

Azərbaycan Şərqlə Qərb arasında Orta Dəhlizin əsas ölkələrindən biridir.

Üstəlik süni intellekt data-mərkəzlərinin ən böyük problemlərindən biri elektrik enerjisidir.

70 min yüksək performanslı GPU-nu bir yerə yığmaqla məsələ bitmir. Onları işlətmək və daha sonra soyutmaq, 24 saat fasiləsiz enerji ilə təmin etmək və nəhəng fiber-optik bağlantı yaratmaq lazımdır.

Bütün bunlar böyük həcmdə elektrik enerjisi tələb edir.

Azərbaycanın isə məhz burada Ermənistan qarşısında fundamental üstünlüyü var. Biz yalnız neft-qaz ölkəsi deyilik.

Son illərdə Xəzərdə külək enerjisi, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji potensialı, Avropaya elektrik enerjisinin ixracı və yeni enerji dəhlizləri haqqında milyardlarla dollarlıq layihələr müzakirə olunur.

O zaman başqa sual yaranır:

Niyə həmin enerjinin bir hissəsini süni intellekt (Sİ) istehsal edən infrastruktura çevirməyək?

Nefti satmaqla Sİ satmaq arasında böyük fərq var

Bir barel nefti və yaxud bir kubmetr qazı çıxarırsan və satırsan, zənginliyindən gedir.

Amma həmin enerjini ölkənin daxilində yüksək əlavə dəyər yaradan texnologiyaya çevirdikdə iqtisadi model dəyişir.

Elektrik enerjisini xaricə satmaq olar.

Amma həmin elektriki Bakıda, Sumqayıtda, Ələt Azad İqtisadi Zonasında və ya enerji baxımından əlverişli başqa ərazidə böyük AI Factory-yə verib dünyaya hesablama gücü satmaq da olar.

Bu zaman ölkəyə yalnız enerji pulu gəlmir. Mühəndis gəlir.

Proqramçı gəlir.

Universitet gəlir. Startap gəlir.

Xarici kapital gəlir. Elmi tədqiqat gəlir. Gəlir oğlu gəlir !

Ən əsası isə bilik ölkədə qalır.

Neft iqtisadiyyatından sonrakı mərhələyə keçid barədə illərdir danışırıq. Bəlkə də həmin mərhələnin əsas istiqamətlərindən biri elə budur.

Qazaxıstanın adı niyə vacibdir?

NVIDIA-nın açıqlamasında diqqətdən qaçmamalı başqa məqam var.

Firebird yalnız Ermənistanı düşünmür. Şirkətin Ermənistan, Qazaxıstan və başqa bazarları əhatə edən təxminən 2 giqavatlıq AI infrastrukturu yaratmaq planı var.

Qazaxıstanın adı burada təsadüfi deyil, çünki Mərkəzi Asiya böyük bazardır. Azərbaycan isə həmin bazarla Avropanın arasında yerləşir.

Biz illərdir Orta Dəhlizdən danışırıq.

Çin yükü Qazaxıstandan Xəzərə gəlir, Xəzər dənizindən Azərbaycana keçir. Buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya gedir.

Yaxşı, bəs biz niyə yalnız konteyner daşıyaq?

Niyə data daşımayaq? Niyə enerji daşımayaq?

Niyə hesablama gücü satmayaq?

Gələcəyin Orta Dəhlizi yalnız dəmir yolu, avtomobil yolu və limanlardan ibarət olmayacaq.

Onun yanında fiber-optik xətlər, data-mərkəzlər, cloud infrastrukturu və AI hesablama mərkəzləri də olacaq.

Bu yarış artıq başlayıb.

NVIDIA niyə Bakıda olmasın?

İndi ən sadə sualı verək.

NVIDIA niyə Ermənistanda regional AI infrastrukturu qurur, Azərbaycanda yox?
AMD niyə Azərbaycanda böyük hesablama mərkəzi yaratmasın?

Microsoft, Google, Amazon niyə Xəzər və Mərkəzi Asiya regionuna xidmət edən cloud və AI infrastrukturlarını Azərbaycanda yerləşdirməsin?

Azərbaycanın milyardlarla dollarlıq dövlət investisiya imkanları var. Özəl sektorun kapitalı var.

Enerji potensialımız var. Coğrafi mövqeyimiz var.

Mərkəzi Asiya ilə sürətlə inkişaf edən əlaqələrimiz var. Türkiyə üzərindən Avropaya çıxışımız var.

Deməli, məsələ imkanın olub-olmaması deyil.

Məsələ həmin imkanın strategiyaya çevrilib-çevrilməməsidir.

Bəlkə də Azərbaycana ayrıca Milli Süni İntellekt İnfrastruktur Strategiyası lazımdır. Məqsəd 500 və ya 1000 GPU almaq olmamalıdır.

Hədəf regionun ən böyük AI hesablama mərkəzlərindən birini Azərbaycanda qurmaq olmalıdır.

NVIDIA ilə. AMD ilə.

Amerika və Avropa texnologiya şirkətləri ilə. Türkiyə ilə.

Qazaxıstan və Mərkəzi Asiya ilə.

Xəzərin altından keçən rəqəmsal bağlantılarla bunu vahid regional sistemə çevirmək mümkündür.

Bir vaxt Bakı nefti dünyanı Azərbaycana gətirdi...
Azərbaycan neft ölkəsidir.

Biz neftin dövlət üçün nə demək olduğunu yaxşı bilirik.

Bir vaxtlar Bakı nefti dünyanın böyük dövlətlərini Azərbaycana gətirdi. Neft şirkətləri gəldi.

Ardınca banklar gəldi. Diplomatlar gəldi.

Siyasi maraqlar yarandı.

Azərbaycan dünyanın enerji xəritəsinə daxil oldu.

İndi dünya başqa bir böyük transformasiyanın başlanğıcındadır.

Bu dəfə yerin altındakı neftlə yanaşı, data-mərkəzlərdəki hesablama gücü də strateji resursa çevrilir.

Bəlkə 20 il sonra dövlətlərin gücündən danışanda neçə milyon barel neft çıxardıqlarını deyil, neçə giqavat AI hesablama gücünə sahib olduqlarını da soruşacağıq.

Ermənistan bunu görüb və öz imkanları daxilində hərəkət edir.

Biz isə Ermənistanın 70 min NVIDIA GPU gətirmək planına paxıllıq etməməliyik. Onu kiçiltməyə də çalışmamalıyıq.

Əksinə, bu xəbər Bakıda bir sual doğurmalıdır:

Ermənistan 70 min gətirirsə, Azərbaycan niyə 100 min gətirməsin?
Pul var. Enerji var. Coğrafiya var. Bazar var.

Əlaqələr var.

İndi lazım olan bunların hamısını bir strategiyada birləşdirməkdir.

Çünki gələcəyin neft quyuları bəlkə də artıq yalnız torpağın altında deyil.

Data-mərkəzlərin içindədir.

Elnur Məclidli,
Paris, Fransa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur